Dövlət
başçılarının mətbuat üçün
bəyanatları
Prezident İlham
Əliyevin çıxışı
Azərbaycan Prezidenti
İlham ƏLİYEV bəyanatla çıxış edərək
dedi:
- Hörmətli cənab
Prezident!
Hörmətli qonaqlar!
Əziz dostlar!
İlk növbədə,
cənab Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda
bir daha səmimiyyətlə salamlayıram, ölkəmizə
xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana son üç il ərzində
etdiyiniz beşinci səfərdir. Bu, özlüyündə
gözəl göstəricidir. Bu onu göstərir ki, bizim
aramızda əlaqələr çox yüksək səviyyədədir,
çox intensiv xarakter daşıyır. Nəzərə
alsaq ki, mən də öz prezidentlik dövrümdə
Polşaya beş dəfə səfər etmişəm, yəqin
ki, əlavə şərhə ehtiyac yoxdur.
Doğrudan da,
Polşa-Azərbaycan münasibətləri son illər ərzində
ən yüksək səviyyəyə qalxmışdır.
Bizim çox
güclü siyasi əlaqələrimiz var, iqtisadi sahədə
yaxşı nəticələr var, Polşa-Azərbaycan birgə
iqtisadi komissiyası uğurla fəaliyyət göstərir və
bir sıra sahələrdə, iqtisadi məsələlərin
həlli istiqamətində çox vacib addımlar
atılmışdır. Humanitar sahədə ənənəvi
olaraq əməkdaşlıq mövcuddur və bu gün bu,
daha da sürətlə inkişaf edir. Polyaklar əsrlər
boyu Azərbaycanda yaşamış, yaratmışlar.
Onların əsərləri, eyni zamanda memarlıq əsərləri
bu günə qədər Bakını gözəlləşdirir.
Biz son illər ərzində,
o cümlədən Sizin təşəbbüsünüzlə
energetika sahəsində Polşa-Azərbaycan əlaqələrinin
inkişafını müşahidə edirik. Bu sahə həm
bizim üçün, həm sizin üçün, Avropa
üçün çox önəmlidir, çox vacibdir. Azərbaycanın
çox böyük və zəngin neft-qaz yataqları
vardır. Biz 15 ilə yaxındır ki, Azərbaycanda
çox uğurlu neft-qaz strategiyamızı icra edirik. Bu
işlərin nəticəsində Azərbaycan neft-qaz
hasilatını böyük dərəcədə artıra
bilmişdir və bu gün Azərbaycan nefti və qazı
müxtəlif istiqamətlərlə dünya və Avropa
bazarlarına əmniyyətli şəkildə
çatdırılır. Nəzərə alsaq ki, Azərbaycanın
ehtiyatları, Xəzər dənizinin Azərbaycan
sektorundakı neft-qaz yataqlarının ehtiyatları çox
böyükdür, uzun illər, onilliklər bundan sonra da Azərbaycan
enerji təhlükəsizliyinin təmin edilməsi
üçün önəmli ölkə olacaqdır.
Polşa-Azərbaycan əlaqələri
bu istiqamətdə, əlbəttə ki, həm ikitərəfli,
həm geniş formatda həyata keçirilir. Sizin təşəbbüsünüzlə
Krakov təşəbbüsü
adlandırdığımız addımlar, əlbəttə
ki, geniş mənada regional əməkdaşlığın
dərinləşməsinə xidmət göstərir. Bir
neçə enerji sammitinin uğurla keçirilməsi və əldə
edilmiş nailiyyətlər, qəbul edilmiş siyasi bəyanatlar
bizim iradəmizi ortaya qoyur, bizim istəklərimizi ifadə
edir.
Əminəm ki, bu vaxta
qədər əldə edilmiş nəticələr əsasında
biz növbəti illərdə yeni addımlar atmalıyıq.
Artıq bu sahədə vacib tədbirlər
görülür, Odessa-Brodı-Qdansk neft kəmərinin
texniki-iqtisadi əsaslandırılması
hazırlanıbdır və bu da çox önəmli hadisədir.
Ümid edirəm ki, gələcək illərdə regional əməkdaşlıq
məsələləri həll edildikcə biz istədiyimizə
nail olacağıq.
Bu gün biz Xəzər
dənizi-Qara dəniz-Baltik dənizi bölgəsinin əməkdaşlığından
söhbət açırıq. Bu, həm energetikanı, həm
siyasi əlaqələri, nəqliyyat, humanitar məsələlərin
həllini, ümumiyyətlə, çox məsələləri
ehtiva edir. Polşa-Azərbaycan ikitərəfli münasibətləri
bu məsələlərin həlli üçün çox
böyük əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev
Polşa Prezidenti ilə görüşdə bölgədəki
vəziyyətlə bağlı fikir mübadiləsi
aparıldığını, regional və beynəlxalq məsələlərin
müzakirə olunduğunu dedi. Dövlətimizin
başçısı bildirdi ki, görüşdə Avropa
İttifaqı ilə əlaqələrin gücləndirilməsi
ilə bağlı müzakirələr də
aparılmışdır.
Dövlətimizin
başçısı daha sonra dedi:
- Azərbaycanın
Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi
işində Polşanın çox mühüm və təsirli
imkanları vardır və Polşa bu imkanlardan istifadə
edir.
Bu yaxınlarda
"Şərq tərəfdaşlığı"
Proqramının başlanması, hesab edirəm, Avropa
İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə
yeni səhifənin açılması deməkdir və biz
buna hazırıq. Biz enerji təhlükəsizliyi məsələlərinin
həllinə öz töhfəmizi verməyə
hazırıq. Digər məsələlərlə əlaqədar
Avropa İttifaqı ilə Azərbaycan arasında
qarşılıqlı hörmət əsasında gözəl
münasibətlər qurulubdur. Növbəti illərdə biz
bu münasibətləri daha da dərinləşdirəcəyik.
Bir sözlə, bizim münasibətlərimiz çox
geniş məna daşıyır, həm ikitərəfli
münasibətlərimizi, uğurlu inkişafımızı
təmin edir, eyni zamanda bunun Avropa-Azərbaycan münasibətlərinə
də böyük təsiri vardır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
işində müəyyən irəliləyiş vardır.
Sizin bugünkü və bu günə qədərki
çıxışlarınız bu mənada xüsusi əhəmiyyət
daşıyır. Çünki bu bəyanatlar birmənalıdır.
Bütün məsələlər, bütün
münaqişələr bir prinsip əsasında həll
olunmalıdır, hər bir ölkənin ərazi
bütövlüyünə hörmətlə
yanaşılmalıdır. Hər bir ölkənin ərazi
bütövlüyü toxunulmazdır. İstənilən
münaqişə, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi öz həllini məhz
bu əsasda tapa bilər. Birmənalı və qətiyyətli
mövqeyinizə görə mən bir daha Azərbaycan
xalqı adından Sizə öz təşəkkürümü
bildirmək istəyirəm.
Əminəm ki, hörmətli
cənab Prezident, səfəriniz çox uğurlu olacaq, Sizin
üçün xoş keçəcək və səfərin
nəticələri iki ölkə arasında münasibətlərin
inkişafında mühüm rol oynayacaqdır.
Bir daha xoş gəlmisiniz.
AzərTAc
Azərbaycan- 2009.- 3 iyul.- S. 2-3.