Dövlət
başçılarının mətbuat üçün
bəyanatları
Prezident Lev Kaçinskinin çıxışı
Polşa Prezidenti Lex
KAÇİNSKİ bəyanatla çıxış edərək
dedi:
- Cənab Prezident!
Xanımlar və cənablar!
Hörmətli nümayəndə
heyətinin üzvləri!
Mən də qeyd etmək
istəyirəm ki, həqiqətən, bu mənim Bakıya
beşinci səfərimdir. Cənab Prezident də öz
prezidentliyi dövründə bizim ölkəyə beş dəfə
səfər edib. Biz sammitlər çərçivəsində
də dəfələrlə görüşmüşük.
Təbii ki, bu görüşlər həm Azərbaycanın,
həm də Polşanın maraqlarına xidmət edən
görüşlərdir.
Mən artıq qeyd etdim
ki, əməkdaşlıq üçün imkanlar
böyükdür və bu imkanlar, xüsusilə də, cənab
Prezident, Sizin və dost ölkəmizin imkanlarından istifadə
etməyimiz sayəsində daha da genişlənir. Biz yerləşdiyimiz
coğrafi məkanda bu münasibətlərə dəstək
verməyə çalışırıq. Qeyd edim ki, ötən
əsrdə ölkələrimiz bir çox çətinliklərlə
üzləşmişdir. Cənab Prezidentin burada qeyd etdiyi
kimi, əməkdaşlıq məsələləri çox əhəmiyyətlidir
və hesab edirik ki, Azərbaycanın Xəzər dənizində
zəngin ehtiyatları bizim ümumi əməkdaşlığımıza
xidmət edir. Mən hesab edirəm ki, Sizin ölkəniz
artıq Avropanın eneryi təhlükəsizliyinə
çox böyük təsir göstərən ölkəyə
çevrilibdir və biz bunu görürük. Biz bunu son illər
ərzində müşahidə etmişik, biz bunun şahidi
olmuşuq. Mən hətta belə deyərdim ki, Siz Avropaya bu
cür töhfə verməklə qitənin daha mühüm
bir hissəsinə çevrilirsiniz. Burada mən hamıya
müraciət edərək demək istəyirəm, fakt ondan
ibarətdir ki, nəinki mənim vətənimdə - Polşada,
bütün Avropa İttifaqında, o cümlədən Avropa
İttifaqına üzv olmayan dövlətlərdə də
bir çox şəxslər, bir çox dairələr
anlayırlar ki, burada, məhz bu məkanda ən vacib
açarlar vardır. Nəinki Polşanın uğurunun,
bütün Avropa İttifaqının uğurunun
açarı buradadır. Bu, bizim enerji müstəqilliyimizdir.
Polşa Prezidenti Lex
Kaçinski Dağlıq Qarabağ münaqişəsinə
toxunaraq ərazi bütövlüyü prinsipinin
pozulmasının qəbuledilməz və yolverilməz
olduğunu dedi:
- Ərazi
bütövlüyü prinsipinin pozulması, xüsusən də
güc tətbiqi ilə pozulması qəbuledilməzdir və
buna yol vermək olmaz. Çünki bu, hərbi münaqişənin
daha da gücləndirilməsinə səbəb ola bilər.
Ona görə də bu münaqişənin olması nə Azərbaycanın,
nə də digər dövlətlərin
marağındadır. Məhz sülhsevər ölkələrin
marağındadır ki, münaqişələr olmasın.
Biz hesab edirik ki, Azərbaycan ilə
Polşa bu baxımdan tam anlaşır. Ərazi
bütövlüyü prinsipinə əməl edilməli,
hörmətlə yanaşılmalıdır. Biz ərazi
bütövlüyünə əməl edilməsini istəyirik.
Azlıqların hüquqlarına da hörmətlə
yanaşılmalıdır, amma bu, ərazi
bütövlüyü çərçivəsində
baş verməlidir.
Polşanın dövlət
başçısı ölkələrimiz arasında iqtisadi
münasibətlərin, xüsusilə də enerji sahəsində
əlaqələrin inkişaf etdiyini bildirərək söylədi
ki, hər iki ölkə bu sahədə bir çox irəliləyişlərə
nail olmuşdur. Biz bu yolun başlanğıcındayıq və
əməkdaşlığımızın əsasları
möhkəmdir. Heç bir maneə bizi bu yoldan döndərməməlidir.
Polşa Prezidenti daha
sonra dedi:
- Mən hökumətlərarası
komissiyanın mayda keçirilmiş iclasından məmnunluğumu
bildirirəm. Orada iqtisadi məsələlər
qaldırılmışdı. Turizm və mədəniyyət
sahəsində əməkdaşlığın imkanları
xüsusi qeyd edilmişdi. Bütün bunlar olduqca vacibdir.
Çünki bütün xalqların, o cümlədən
Polşa xalqının və Azərbaycan xalqının
müəyyən imkanları var ki, onlar o imkanlarla mübadilə
edə bilərlər. Mədəni mübadilələr
olmalıdır. Yəni bu, birtərəfli olmamalıdır,
bu, Qərbdən Şərqə, Şərqdən Qərbə
və Cənubdan Şimala, Şimaldan Cənuba
olmalıdır. Bu sözləri, bu məsələləri
xüsusi vurğulayaraq biz bu ölkədə, bu məkanda, bu
regionda sülhə xidmət etməliyik.
Ölkəsinin bir
çox sahələrdə xeyli təcrübə
qazandığını deyən Lex Kaçinski tibb sektorunda əməkdaşlıq
üçün yaxşı imkanların olduğunu qeyd etdi.
Dövlət başçısı Polşa-Azərbaycan
münasibətlərinin xüsusi əhəmiyyət
daşıdığını, bundan sonra bu əlaqələrin
daha sıx olacağına əminliyini ifadə etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 3 iyul.- S. 2, 3.