Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Dora Bakoyannini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Yunanıstanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Dora Bakoyannini qəbul etmişdir.

Əvvəlcə dövlətimizin başçısının Yunanıstanın xarici işlər naziri xanım Dora Bakoyanni ilə görüşü oldu. Xanım Dora Bakoyanni Yunanıstan Prezidenti Karolos Papulyasın və Baş nazir Kostas Karamanlisin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olundu. Münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu, ikitərəfli əlaqələrimizin perspektivləri müzakirə edildi.

Dövlətimizin başçısı Yunanıstan Prezidenti Karolos Papulyasın və Baş nazir Kostas Karamanlisin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Yunanıstanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Sonra görüş geniş tərkibdə davam etdirildi. Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın perspektivləri barədə məsələlər müzakirə edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 iyul.- S. 3.