Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də
Rumıniyanın iqtisadiyyat naziri, Azərbaycan-Rumıniya
hökumətlərarası komissiyanın həmsədri
Adriyan Vidyanunun başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Dövlətimizin
başçısı Azərbaycan ilə Rumıniya
arasında əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığımızın
səviyyəsinin məmnunluq doğurduğunu bildirdi, əlaqələrimizin
genişlənməsində yüksək səviyyəli
qarşılıqlı səfərlərin əhəmiyyətini
qeyd etdi. İqtisadi əlaqələri yeni sahələrlə
daha da zənginləşdirməyin zəruriliyini vurğulayan
Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki,
Rumıniyanın iqtisadiyyat naziri, Azərbaycan-Rumıniya
hökumətlərarası komissiyanın həmsədri
Adriyan Vidyanunun başçılıq etdiyi nümayəndə
heyətinin ölkəmizə səfəri uğurlu keçəcək
və əməkdaşlığımızın daha da
möhkəmləndirilməsi işinə xidmət edəcəkdir.
Rumıniyanın
iqtisadiyyat naziri, Azərbaycan-Rumıniya hökumətlərarası
komissiyanın həmsədri Adriyan Vidyanu Rumıniya Prezidenti
Trayan Beseskunun salamlarını dövlətimizin
başçısına çatdırdı. O bildirdi ki,
Rumıniya Prezidenti Azərbaycan Prezidentinin Buxarestə rəsmi
səfərini səbirsizliklə gözləyir. Bu səfərin
Rumıniya üçün əhəmiyyətli
olacağını deyən Adriyan Vidyanu ölkəsinin Azərbaycan
ilə ikitərəfli münasibətlərin genişləndirilməsinə
ümidlə baxdığını qeyd etdi.
Dövlətimizin
başçısı Prezident Trayan Beseskunun salamlarına
görə minnətdarlığını bildirdi, onun da
salamlarını Rumıniyanın dövlət
başçısına çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.- 2009.- 3 iyul.- S. 3.