Azərbaycan-Yunanıstan əlaqələri sürətlə
inkişaf edir
İyulun 2-də Milli Məclisin
Sədri Oqtay Əsədov ATƏT-in fəaliyyətdə olan
sədri, Yunanıstan Respublikasının xarici işlər naziri
Dora Bakoyanninin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşmüşdür. Səmimi keçən
görüşdə Milli Məclisin Sədri Oqtay Əsədov
qeyd etmişdir ki, Azərbaycanla Yunanıstan arasındakı əlaqələr
yüksələn xətlə inkişaf edir. İki ölkənin
dövlət başçılarının qarşılıqlı
səfərləri əlaqələrin inkişafına
yaxşı zəmin yaratmışdır. Azərbaycan
Prezidenti İlham Əliyevin bu ilin fevralında Yunanıstana
dövlət səfəri ikitərəfli əlaqələrə
böyük töhfələr vermişdir.
Azərbaycanın xarici
siyasətində prioritet məsələlərdən birinin
Avratlantik məkana inteqrasiya olduğunu bildirən spiker Oqtay Əsədov
Yunanıstanın ölkəmizə bu məsələdə
verdiyi dəstəyi də yüksək qiymətləndirdi. Ölkəmizlə
Yunanıstan arasında parlamentlərarası əlaqələrdən
razılığını bildirdi. Dedi ki, hər iki ölkənin
parlamentində yaradılmış dostluq qruplarının
uğurlu fəaliyyəti dövlətlərimiz
arasındakı əlaqələrin inkişafına layiqli
töhfələr verir.
Söhbət zamanı
iqtisadi əlaqələrə də toxunuldu. Daha sonra spiker
Oqtay Əsədov dedi: ATƏT-in Minsk qrupu 15 ildir ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
iş aparır. Problemin yoluna qoyulması ilə bağlı
irəliləyişlər sizin ATƏT-ə sədrlik etdiyiniz
indiki dövrdə müşahidə edilməkdədir. İnanırıq
ki, bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin yoluna qoyulması ilə bağlı səylərinizi
əsirgəməyəcəksiniz.
Dora Bakoyanni də Azərbaycanla
Yunanıstan arasındakı əlaqələrin
hazırkı səviyyəsindən
razılığını bildirdi. O da Azərbaycan Prezidenti
İlham Əliyevin bu ilin fevralında Yunanıstana dövlət
səfərinin əhəmiyyətindən söz
açdı. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ probleminin yoluna qoyulması istiqamətində səylərini
bundan sonra da əsirgəməyəcəyini diqqətə
çatdırdı.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
barədə də fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2009.- 3 iyul.- S. 4.