Hökumətlərarası müştərək komissiyanın dördüncü
iclası keçirilir
İyulun 2-də
Bakıda Azərbaycan Hökuməti və Rumıniya Hökuməti
arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki
əməkdaşlıq üzrə Müştərək
Komissiyanın 4-cü iclası işə
başlamışdır.
Komissiyanın Azərbaycan
tərəfindən həmsədri, Baş nazirin birinci
müavini Yaqub Eyyubov iclası açaraq demişdir ki, ölkələrimiz
arasında dostluq, strateji tərəfdaşlıq münasibətləri
yüksələn xətlə inkişaf edir.
Rumıniya-Azərbaycan əlaqələrinin
qədim tarixini, Rumıniyanın respublikamızın dövlət
müstəqilliyini tanıyan ilk ölkələrdən biri
olduğunu, xalqımızın ən ağrılı problemi
olan Dağlıq Qarabağ münaqişəsinin həllində
həmişə ədalətli, obyektiv mövqe tutduğunu
xatırladan Y.Eyyubov bildirmişdir ki, Azərbaycan Prezidenti
İlham Əliyevin Rumıniyaya səfərindən sonra
qarşılıqlı əlaqələr daha da genişlənmişdir.
Komissiyanın həmsədri
son illərdə Azərbaycan iqtisadiyyatının sürətlə
inkişaf etdiyini bildirmiş, ölkəmizdə həyata
keçirilən irimiqyaslı layihələrdən
danışmışdır. Y.Eyyubov Rumıniyanın Şərqi
Avropada ölkəmizin etibarlı tərəfdaşı
olduğunu, əlaqələrin genişlənməsi
üçün potensial imkanların olduğunu, müştərək
komissiyanın ötən illər ərzində xeyli iş
gördüyünü, müzakirə və təsdiq
üçün mühüm sənədlər
hazırladığını vurğulamışdır.
Baş nazirin birinci
müavini qeyd etmişdir ki, bu gün dünyada mövcud olan
iqtisadi böhran Azərbaycana təsirsiz
ötüşmüşdür.
Komissiyanın
Rumıniya tərəfdən həmsədri, iqtisadiyyat naziri
Adriyan Vidyanu ölkəsinin sabit inkişaf sürətinə
görə Şərqi Avropada irəlidə getdiyini, rumın
xalqının və dövlətinin Azərbaycanı
özünə mehriban dost, etibarlı tərəfdaş hesab
etdiyini bildirmişdir.
Ticarət-iqtisadi sahədə
əlaqələrin inkişafı üçün çox əlverişli
imkanların olduğunu, rumın iş adamlarının Azərbaycana
marağının getdikcə artdığını
vurğulayan nazir nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı
məhsullarının idxalı, mədəniyyət, turizm sahələrində
qarşılıqlı əməkdaşlığın
genişlənməsinin hər iki tərəf
üçün əhəmiyyətli ola biləcəyini
demişdir.
İclasda hər iki tərəfdən
komissiya üzvlərinin müzakirə edilən məsələlərə
dair təklifləri səslənmiş, iqtisadi-ticarət əlaqələrinin
genişləndirilməsi, birgə müəssisələrin
yaradılması və digər məsələlər
müzakirə olunmuşdur.
İyulun 3-də
iclasın yekunlarına dair protokol imzalanacaqdır.
AzərTAc
Azərbaycan.- 2009.- 3 iyul.- S. 4.