Amerika Birləşmiş
Ştatlarının müstəqilliyinin elan olunmasının
233-cü ildönümü münasibətilə iyulun 2-də
bu ölkənin Bakıdakı səfirliyi rəsmi qəbul təşkil
etmişdir.
Amerika Birləşmiş
Ştatlarının və Azərbaycan Respublikasının
Dövlət himnləri səslənmişdir.
ABŞ-ın ölkəmizdəki
səfiri xanım Ann Ders qəbulda çıxış edərək
bildirmişdir ki, Birləşmiş Ştatlarla Azərbaycan
arasında çoxşaxəli və strateji tərəfdaşlıq
mövcuddur. ABŞ kimi, Azərbaycan da azadlığa doğru
seçim etmişdir və biz inanırıq ki, bu seçim
Azərbaycan xalqı üçün müstəqil, sülh
və tərəqqi dolu gələcəyi təmin edəcəkdir.
Diplomat demişdir ki,
Birləşmiş Ştatlar Azərbaycanda həyata
keçirilən siyasi və iqtisadi islahatları dəstəkləyir.
Təhlükəsizliyin təmin olunmasında, müstəqilliyin
möhkəmlənməsində, iqtisadiyyatın
inkişafında ABŞ dostu və strateji tərəfdaşı
olan Azərbaycana dəstəyini davam etdirəcəkdir.
A.Ders qlobal təhlükəsizliyin
təmin olunması sahəsində və terrorizmə
qarşı mübarizədə Azərbaycanın fəal
roluna görə təşəkkür etmişdir.
Sonra
çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov
rəsmi qəbulun iştirakçılarını Azərbaycan
Prezidenti İlham Əliyevin adından təbrik etmiş,
Amerika xalqına sülh və firavanlıq
arzulamışdır.
Milli Məclisin Sədri
qeyd etmişdir ki, Azərbaycan öz müstəqilliyini bərpa
etdikdən sonra ABŞ ölkəmizi tanıyan ilk dövlətlərdən
biri olmuş, ötən illərdə
qarşılıqlı əlaqələr yüksələn
xətlə inkişaf etmişdir. İki ölkə
arasında münasibətlərin strateji tərəfdaşlıq
səviyyəsinə qaldırılmasında dövlətlərimizin
başçılarının müstəsna xidmətləri
olmuşdur. Ölkələrimiz arasında bugünədək
50-dən artıq sənəd imzalanmışdır. Bu sənədlər
münasibətlərimizin daha da dərinləşdirilməsi
üçün hüquqi baza yaratmışdır.
Oqtay Əsədov qlobal
terrorizmlə mübarizə çərçivəsində əməkdaşlıqdan
da danışmış, Azərbaycanın sülhün və
əmin-amanlığın qorunmasında maraqlı olduğunu
bildirmişdir. Milli Məclisin Sədri ölkələrimiz
arasında münasibətlərin inkişafında parlamentlərin
rolunu xüsusi qeyd etmişdir.
Natiq, həmçinin Azərbaycanın
ABŞ ilə beynəlxalq təşkilatlar çərçivəsində
uğurla əməkdaşlıq etdiyini vurğulamış,
Birləşmiş Ştatların Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiyini, ATƏT-in
Minsk qrupunun həmsədrlərindən biri kimi Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində
göstərdiyi səyləri xatırlatmışdır.
Rəsmi qəbulda Milli
Məclis Sədrinin müavinləri, deputatlar, nazirlər,
xarici ölkələrin Bakıdakı səfirləri,
ictimaiyyətin və mətbuatın nümayəndələri
iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 3 iyul.- S. 4.