ABŞ Konqresi Nümayəndələr Palatasının Təxsisatlar komitəsinin Dövlət əməliyyatları, xarici əməliyyatlar əlaqədar proqramlar alt komitəsinə

 

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İqtisadi siyasət komitələri ABŞ Konqresi Nümayəndələr Palatasının Təxsisatlar komitəsinin Dövlət əməliyyatları, xarici əməliyyatlar və əlaqədar proqramlar alt komitəsinin 2009-cu il iyunun 17-də qəbul etdiyi və baxılmaq üçün yuxarı instansiyalara göndərdiyi qərardan narahat olduqlarını bildirirlər. Qərarda 2010-cu maliyyə ili üçün Dövlət əməliyyatlarına və xarici əməliyyatlara maliyyə vəsaitlərinin ayrılmasına dair qərar çərçivəsində qeyri-qanuni Dağlıq Qarabağ qurumuna 10 milyon ABŞ dolları məbləğində yardım ayrılmasının və 1992-ci ildə qəbul olunmuş Azadlığa Dəstək Aktına 907-ci Əlavənin qüvvəsinin ABŞ Prezidenti tərəfindən illik dayandırılması səlahiyyətlərinin həyata keçirilməsi üçün şərtlər qoyulmasının nəzərdə tutulması separatizmin dəstəklənməsi kimi qiymətləndirilə bilər.

Azərbaycan parlamentinin komitələri hesab edirlər ki, separatçı rejimə yardım göstərilməsinə dair bu qərar yuxarı instansiyalar tərəfindən də bəyəniləcəyi təqdirdə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Minsk Qrupunun həmsədri kimi ABŞ-ın obyektivliyini və tərəfsizliyini şübhə altına ala bilər və heç də Azərbaycan - ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xidmət etmir.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin əhalisi təkcə erməni icmasından ibarət deyildir, etnik təmizləmə nəticəsində öz yaşayış yerlərini tərk etməyə məcbur olmuş 65 minlik azərbaycanlı icması bu gün ölkəmizin digər ərazisində daha çətin vəziyyətdə yaşamaqdadır və ABŞ-ın hər hansı humanitar yardımından istifadə etmək imkanından məhrumdur. Belə bir vəziyyətdə separatçı Dağlıq Qarabağ qurumuna göstərilən yardımlar, Azərbaycanın işğal olunmuş ərazisi barəsində birtərəfli addımlar Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında qarşılıqlı etimad mühitinin və birgə yaşayış şəraitinin formalaşmasına mane olur. Qətiyyətlə bildiririk ki, ABŞ-ın Dağlıq Qarabağa göstərə biləcəyi hər hansı humanitar yardım Azərbaycan hökumətilə razılaşdırılmalı və bu məsələdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olması faktı unudulmamalıdır. Dağlıq Qarabağa humanitar yardımların ABŞ-ın dövlət agentlikləri vasitəsilə göstərilməsi nəzərə alınarsa, həmin yardımların Azərbaycan ərazisində fəaliyyət göstərən müvafiq agentliklər tərəfindən çatdırılması düzgün olardı. Bu həm ABŞ-ın humanitar narahatlıqlarına cavab verər, həm də Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə ABŞ-ın mövqeyini bir daha əks etdirərdi.

Biz bu müraciətdə ifadə edilən narahatlığımızın anlayışla qarşılanacağına ümidvar olduğumuzu bildiririk. Əminik ki, ABŞ - Azərbaycan münasibətlərinə, ölkələrimizin strateji tərəfdaşlığına kölgə salan addımların atılmaması, əksinə, bu münasibətlərə və tərəfdaşlığa kömək göstərən tədbirlərin görülməsi, o cümlədən Azadlığa Dəstək Aktına 907-ci Əlavənin ləğv edilməsi zərurəti ABŞ-ın bütün dövlət qurumları, xüsusən Konqresin müvafiq strukturları tərəfindən tezliklə qəbul ediləcəkdir.

 

(Müraciət Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İqtisadi siyasət komitələrinin 2009-cu il iyunun 30-da keçirilmiş birgə iclasında qəbul edilmişdir).

Bu müraciət ABŞ Konqresi Senatının Sədri cənab Robert Bördə, ABŞ Konqresi Nümayəndələr Palatasının Sədri xanım Nensi Pelosiyə və ABŞ Konqresinin Azərbaycanla əlaqələr üzrə qrupunun üzvlərinə də göndərilmişdir.

 

Hörmətlə,

 

 

Azərbaycan Respublikası

Milli Məclisinin

Beynəlxalq münasibətlər və

parlamentlərarası əlaqələr və

İqtisadi siyasət komitələri

 

Azərbaycan.- 2009.- 3 iyul.- S. 4.