Bakıda insan alveri qurbanları üçün yardım sosial reinteqrasiya modelinin inkişafına dair regional müşavirə işə başlamışdır

 

İyulun 2-də Bakıda Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən və ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi "Azərbaycanda insan alveri qurbanları üçün sığınacaq və qaynar xəttin idarə olunması üzrə ölkə potensiallarının artırılması" layihəsi çərçivəsində insan alveri qurbanları üçün yardım və sosial reinteqrasiya modelinin inkişafına dair regional müşavirə işə başlamışdır.

Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Moldova, Makedoniya, Litva, Özbəkistan, İran və Hindistandan olan beynəlxalq ekspertlərin, ölkəmizin hökumət rəsmilərinin, insan alveri ilə mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirak etdikləri müşavirəni giriş sözü ilə BMqT-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Vasili Yujanin açaraq tədbirin məqsəd və vəzifələri barədə məlumat vermişdir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi insan alveri qurbanları ilə işin təşkili şöbəsinin rəisi Şahin Qocayev hazırda çox təhlükəli qlobal bəlaya qarşı ölkəmizdə həyata keçirilən ardıcıl tədbirləri müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır. Azərbaycan üçün yeni problem olan insan alverinin bütün təzahürlərinə qarşı barışmaz mübarizə aparıldığını söyləyən Ş.Qocayey ölkədə bu məqsədlə etibarlı hüquqi baza yaradıldığını vurğulamışdır. Bildirmişdir ki, ölkəmiz BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyasına, "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cinayətkarların cəzalandırılmasına dair" Protokoluna, "Uşaq hüquqları haqqında" BMT Konvensiyasının "Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültətiv Protokolu"na və digər beynəlxalq sənədlərə qoşulmuşdur.

Şöbə rəisi bu sahədə formalaşmış milli qanunvericilikdən söhbət açarkən diqqəti daha çox Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)"na yönəltmişdir. Bildirilmişdir ki, bu sənəd ölkədə insan alverinin bütün təzahürlərinə qarşı mübarizə sahəsində strateji məqsədlərin prioritet istiqamətlərini özündə əks etdirir.

Ş.Qocayev respublikamızda 2005-ci ildən indiyədək insan alveri cinayətlərinin və onların nəticələrinin aradan qaldırılmasına dair statistik məlumatları tədbir iştirakçılarına çatdırmışdır.

Cari ilin birinci yarısının statistikasından danışarkən demişdir ki, bu müddətdə ölkəmizdə insan alveri ilə bağlı 48 cinayət faktı qeydə alınmış, 60 vətəndaş bu hüquqazidd əməlin qurbanı olmuşdur. Bu cinayəti törədən 41 şəxs məsuliyyətə cəlb edilmişdir. İnsan alveri qurbanlarının hamısı dövlətdən hüquqi yardım almış, o cümlədən 34 nəfər insan alveri qurbanları üçün yaradılmış sığınacaqda yerləşdirilmiş, 11 nəfər işlə təmin olunmuş, 32 nəfər peşə hazırlığı kurslarına göndərilmiş, 47 nəfərə müavinət təyin edilmiş, 9 vətəndaşa cinayət nəticəsində dəymiş ziyan ödənilmişdir.

Müşavirədə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Piter Ştrasse qlobal təhlükə olan insan alveri ilə mübarizənin ayrılıqda götürülmüş bir ölkənin və ya qitənin işi olmadığını, bu transmilli cinayətin kökünü kəsmək üçün beynəlxalq səylərin birləşdirilməsinin vacibliyini vurğulamış, Bakıda keçirilən və böyük bir coğrafi məkanı əhatə edən regional müşavirənin bu məqsədə xidmət etdiyini diqqətə çatdırmışdır.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi qeyri-hökumət təşkilatları və ictimaiyyətlə əlaqələr qrupunun xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Fuad Əliyevin Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizə sahəsində atdığı addımlardan bəhs edən təqdimatı müşavirə iştirakçılarının marağına səbəb olmuşdur.

Sonra beynəlxalq ekspertlər və Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri insan alverinə qarşı mübarizənin müxtəlif aspektlərinə dair səmərəli profilaktika strategiyasının, davamlı yardım və sosial reinteqrasiya mexanizmlərinin yaradılması ilə bağlı maraqlı təqdimatlarla çıxış etmiş, mövzu ətrafında işgüzar fikir mübadiləsi aparmışlar.

İyulun 3-də regional müşavirə işini davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 iyul.- S. 5.