Rusiyanın Azərbaycandakı səfirliyində mətbuat
konfransı keçirilmişdir
Rusiyanın Azərbaycandakı
səfirliyində RF Prezidenti Dmitri Medvedevin ölkəmizə
səfərinin yekunlarına həsr olunmuş mətbuat
konfransı keçirilmişdir.
Səfir Vladimir Doroxin
bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə
Rusiya Prezidenti Dmitri Medvedevin budəfəki
görüşü 2009-cu ildə sayca üçüncü
görüş olmuşdur. Diplomatın fikrincə,
görüşlərin intensivliyi faktının özü
münasibətlərimizin xarakterini əks etdirir və iki
ölkənin daha da yaxınlaşmasına kömək
göstərir.
Bir sıra məsələlərə
dair prinsipial razılaşmanın əldə edilməsini
görüşün başlıca yekunu adlandırmaq olar. Bu
sırada ilk növbədə Azərbaycan Respublikası
Prezidentinin və Rusiya Federasiyası Prezidentinin Xəzər dənizi
üzrə birgə Bəyannaməsini və dövlət sərhədlərinin
delimitasiyasının başa
çatdırılmasının əsas prinsipləri və
Samur çayının su ehtiyatlarının Azərbaycan
Respublikası və Rusiya Federasiyası arasında
bölüşdürülməsi barədə birgə Bəyannaməni
qeyd etmək olar.
V.Doroxin həmin məsələdə
kompromis parametrlərinin və Azərbaycanın mövqeyinin
mühüm olduğunu bildirmişdir. Bütün beynəlxalq
normalara cavab verən Samur su qovşağının tikintisinə
dair Azərbaycanın təklifi qəbul edilmişdir.
Səfir qeyd etmişdir
ki, "Azərbaycan təbii qazının
alqı-satqısı üzrə müqavilənin əsas
şərtləri" barədə imzalanmış sənəd
Rusiya tərəfinə daşınmada qənaətlə
regionları qazla təchiz etməyə, ticarətin həcmini
genişləndirməyə, yeni iş yerləri yaratmağa
imkan verəcəkdir.
Azərbaycanın Rusiya
Federasiyası subyektləri ilə əməkdaşlığına
toxunan səfir vurğulamışdır ki, Azərbaycan
Respublikası və Rusiya Federasiyasının Kabardin-Balkar
Respublikası arasında imzalanmış saziş regionların
birbaşa ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığı
üçün imkanlar açır.
Görüşün
yekunları sırasında Azərbaycan Respublikası və
Rusiya Federasiyası xarici işlər nazirlərinin iki ölkənin
diplomatik nümayəndəliklərinin yerləşdirilməsi
və xidmət göstərilməsi şərtləri
haqqında Birgə Bəyannaməni qeyd etmək olar.
Səfir onu da
bildirmişdir ki, prezidentlərin növbəti
görüşü iyulun ortalarında Moskvada keçiriləcəkdir.
Sonda V.Doroxin jurnalistlərin
suallarına cavab vermişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 3 iyul.- S. 5.