AzərTAc ilə "Kazinform"
arasında saziş imzalanmışdır
Asiya və Sakit Okean
Ölkələri Xəbər Agentlikləri Təşkilatı
(OANA) və Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA)
çərçivəsində əməkdaşlıq edən
AzərTAc və "Kazinform" bundan sonra ikitərəfli əlaqələrin
daha da genişləndirilməsinə xüsusi diqqət yetirəcəklər.
AzərTAc-ın Baş
direktoru Aslan Aslanov və "Kazinform"un prezidenti Dauren
Diyarov tərəfindən imzalanan sazişə əsasən,
tərəflər öz ölkələrinin daxili və beynəlxalq
həyatının aktual hadisələri barədə pulsuz əsasda
müntəzəm xəbər mübadiləsi edəcək,
aldıqları xəbərləri öz dövlətlərinin
ərazisində yayacaqlar. Sənəddə dövlət
başçılarının, rəsmi nümayəndə
heyətlərinin qarşılıqlı səfərləri
zamanı informasiya dəstəyinin təmin olunmasına
kömək göstərilməsi, jurnalistlərin,
fotomüxbirlərin və digər mütəxəssislərin
mübadiləsi də nəzərdə tutulmuşdur.
Tərəflər
özlərinə məxsus veb-portallarda, veb-saytlarda və digər
mümkün informasiya resurslarında banner mübadiləsi
aparacaqlar.
Azərbaycan həqiqətlərinin
dünya informasiya məkanında daha geniş
yayılmasını təmin etmək üçün AzərTAc
Avropa və Asiyanın müxtəlif ölkələrinin
aparıcı xəbər agentlikləri ilə birbaşa əməkdaşlıq
əlaqələrinin qurulmasına xüsusi diqqət yetirir. Qazaxıstanın
İnformasiya Agentliyi ilə imzalanmış saziş də bu
baxımdan faydalı olacaqdır
Azərbaycan.- 2009.- 3 iyul.- S. 5.