Xarici İşlər Nazirliyində görüş

 

İyulun 2-də Xarici İşlər Nazirliyində Yunanıstanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Dora Bakoyanni ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyəti üzvlərinin görüşü olmuşdur.

Görüşdə xanım Dora Bakoyanniyə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının bu yaxınlarda keçirilmiş qurultayı və ali məclisdə qəbul edilmiş qərarlar barədə məlumat verilmişdir. İdarə Heyətinin üzvləri Azərbaycanlı İcmanın Dağlıq Qarabağ bölgəsinə qayıtmasının münaqişənin həlli prosesində və bütövlükdə bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsində vacib əhəmiyyət kəsb etdiyini ATƏT-in fəaliyyətdə olan sədrinin diqqətinə çatdırmışlar. İcma rəhbərliyi işğal olunmuş ərazilərdən zor gücünə didərgin salınmış azərbaycanlıların özlərinin və uşaqlarının gələcəyini bu torpaqlara qayıtmaqda gördüklərini və münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü xüsusi vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 3 iyul.- S. 6.