Azərbaycanın xarici siyasəti: təsir edən
amillər və prioritetlər
Sovet
İttifaqının dağılması ilə Azərbaycan
xalqı öz müstəqilliyini yenidən bərpa etmək
və dövlətçiliyini inkişaf etdirərək
möhkəmləndirmək üçün tarixi fürsət
qazandı. Həmin vaxtlar çoxları qonşu Ermənistanın
hərbi təcavüzünə məruz qalmış,
ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm
sürdüyü Azərbaycanın bu mürəkkəb vəziyyətdən
çıxacağına və uğur qazanacağına
inanmırdı.
1993-cü ildə
ümummilli lider Heydər Əliyevin Prezident seçilməsindən
sonra xalqın firavanlığı və ölkənin
davamlı inkişafı üçün ilkin şərt olan
Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi
istiqamətində uğurlu strategiyanın həyata
keçirilməsinə başlanıldı. Müasir müstəqil
Azərbaycanın memarı və qurucusu olan ümummilli lider
Heydər Əliyev dövlət institutlarını təkmilləşdirdi,
çox ehtiyac duyulan xarici əlaqələrimizi genişləndirdi,
hərtərəfli enerji strategiyasını reallaşdırdı
və ölkənin uzunmüddətli inkişafının təməlini
qoydu.
Ulu öndər Heydər
Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə
yönəlmiş strategiyası onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Bugünkü Azərbaycan
dövlətçiliyinin kökləri müsəlman Şərqində
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ilə
bağlıdır. 23 aylıq ömür yaşamış Azərbaycan
Xalq Cümhuriyyəti regionda geosiyasi vəziyyətin dəyişməsi
ilə süqut etmişdir. Qısa müddət ərzində
mövcud olmasına baxmayaraq, Xarici İşlər Nazirliyi də
daxil olmaqla, əsas dövlət institutları məhz həmin
dövrdə yaradılmışdır. Biz Azərbaycanın
diplomatik xidmətinin yaranmasının 90 illiyini bu il
böyük fəxr hissi ilə qeyd edirik.
Azərbaycan iqtisadiyyatda
yüksək artıma, habelə sabit siyasi sistemə malik,
sürətlə inkişaf edən gənc demokratik ölkədir.
Azərbaycan öz milli maraqlarının gerçəkləşdirilməsi,
habelə regional və qlobal mövqelərinin möhkəmləndirilməsi
üçün özünün iqtisadi və siyasi
imkanlarından məharətlə istifadə edir. Azərbaycan
regionda lider və beynəlxalq aləmdə etibarlı tərəfdaş
ölkə kimi tanınmışdır. Ölkəmiz
bütün regional məsələlərdə əsas
oyunçudur və regiondakı strateji əhəmiyyətli
heç bir layihə Azərbaycansız gerçəkləşə
bilməz.
Azərbaycanın xarici
siyasət istiqamətləri və strateji seçimləri
aşağıdakı təsiredici amillərlə müəyyənləşir:
Ermənistanın Azərbaycana
qarşı təcavüzü. - Hərbi işğal, etnik təmizləmə,
bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi
köçkünün hüquqlarının kobudcasına
pozulması, ölkənin böyük bir hissəsində
tarixi və mədəni irsimizin ermənilər tərəfindən
dağıdılması faktlarını özündə cəmləşdirən
Ermənistanın Azərbaycana qarşı təcavüzü
ölkəmizin təhlükəsizlik mühitinin əsas təyinedici
amili olaraq qalır və bu da öz növbəsində Azərbaycanın
təhlükəsizlik və xarici siyasətinin
formalaşdırılmasında əsas rol oynayır.
Qlobal proseslər. - Azərbaycanın
öz müstəqilliyini bərpa etməsi ilə eyni vaxtda
beynəlxalq münasibətlər sistemi köklü surətdə
dəyişməyə başlamışdır və son
iyirmi il ərzində cərəyan edən hadisələr
göstərir ki, sistem mahiyyətcə hələ də rəqabətlidir.
Dövlətlər müxtəlif və bəzən də
mübahisəli xarici siyasət məqsədləri
güdürlər. "İkiqütblülük" və
"çoxqütblülük" konsepsiyalarının
toqquşmasında təzahür edən çağdaş
dünya nizamına dair ziddiyyətli təsəvvürlər
dünyanın müxtəlif yerlərində siyasi və
iqtisadi nüfuz uğrunda rəqabəti
canlandırmışdır. Davamlı olacağı təqdirdə
bu rəqabət qlobal və regional təhlükəsizlik
mühitinə mənfi təsir göstərəcəkdir.
Strateji coğrafi yerləşmə.
- Azərbaycanın coğrafi yerləşməsi bir çox
mənada strateji əhəmiyyətə malikdir. Yaranmaqda olan
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və
enerji dəhlizi üzərində böyük ticarət
yollarının kəsişməsində yerləşməsi
ölkəyə enerji və infrastruktur mərkəzinə
çevrilmək üçün əhəmiyyətli imkan
verir. Ölkənin belə bir mərkəzə çevrilməsi
üçün Azərbaycanın coğrafi yerləşməsi
kimi üstünlükdən tam istifadə edilməsi vacib
şərtdir.
Zəngin təbii
ehtiyatlar. - Azərbaycanın zəngin təbii sərvətlərə
malik olması nəinki ölkənin çiçəklənməsinə
və xalqın rifahına xidmət edir, eyni zamanda bu fakt
respublikanın milli təhlükəsizliyinin, siyasi müstəqilliyinin
və suverenliyinin möhkəmləndirilməsində
mühüm amildir. Xəzər dənizinin zəngin
karbohidrogen ehtiyatlarının işlənilməsi və
dünya bazarlarına nəqli sonradan Azərbaycanın enerji
strategiyası adlandırılan siyasətin əsas elementinə
çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin
uğurla həyata keçirdiyi bu strategiya Azərbaycanın
xarici siyasətinin təməl daşıdır.
Müasir dövrdə təhlükəsizliyə
təhdidlər və risklər. - Beynəlxalq arenada
qeyri-dövlət aktorları olan beynəlxalq terrorçu
qruplaşmalar, hərbi separatçı hərəkatlar, etnik
və dini ekstremizm, mütəşəkkil cinayətkarlıq
şəbəkələri, habelə qeyri-qanuni miqrasiya,
narkotik maddələr və insan alveri, kütləvi
qırğın silahlarının yayılması, vacib enerji
və nəqliyyat infrastrukturunda sabotaj riski və son illərin
fenomeni olan kiberhücumlar qlobal və regional təhlükəsizlik
mühitinə ciddi təsir göstərən amillərdir.
Məsuliyyət və
özünəməxsusluq - Azərbaycan tarixi əsas etibarilə
müxtəlif regional güclər arasındakı müharibələr
və real müstəqillik uğrunda gedən davamlı
mübarizə tarixindən ibarətdir. Bu "irs"
kiçik ölkələrin suverenliyi və
hüquqlarını təmin edə biləcək beynəlxalq
mexanizmlərin gücləndirilməsinə töhfə vermək
üçün Azərbaycanın beynəlxalq birliyin fəal
və məsuliyyətli üzvü olmasını tələb
edir. Məsuliyyətin kökləri Azərbaycanın hər
zaman müxtəlif dini etiqada, dünyagörüşünə,
etnik qruplara aid insanların birgə yaşaması və
tolerantlıq kimi səciyyəvi xüsusiyyətlərinə
bağlıdır. Azərbaycan dərin tarixi köklərə
malik, həqiqətən də etnik və dini
dözümlülük baxımından nadir dünyəvi
müsəlman ölkəsidir. Azərbaycan 1918-ci ildə
müsəlman Şərqində ilk demokratik respublika elan
edilmişdir. Əsrlər boyu burada müsəlman, xristian və
yəhudilər bir-biri ilə dinc yanaşı
yaşamışlar. Mədəniyyətlər arasında
körpü rolunu oynayan Azərbaycan beynəlxalq birliyin mənafeyi
naminə bu dəyərləri təşviq etmək məsuliyyətini
hiss edir.
Azərbaycan beynəlxalq
əlaqələr sisteminə cəlb olunan bütün
dövlətlərə münasibətdə onların ərazi
böyüklüyü, hərbi gücü və iqtisadi
potensialından asılı olmayaraq, dövlətlərin
suveren bərabərliyi prinsipinə əsaslanan müstəqil
xarici siyasət həyata keçirir. Şəffaflıq və
öncədən müəyyənləşdirmə Azərbaycanın
xarici siyasətini səciyyələndirən əsas
xüsusiyyətlərdir. Azərbaycan bütün ölkələrlə
dostluq və qarşılıqlı səmərəli ikitərəfli
və çoxtərəfli əlaqələrini inkişaf
etdirməklə öz regionunda və onun sərhədlərindən
kənarda sülh içində birgə yaşama və
mehriban qonşuluğu təşviq etməkdə çox
maraqlıdır.
Ölkəmiz mövcud
beynəlxalq təhlükəsizlik sisteminin təməl
daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə
əsaslanan xarici siyasət həyata keçirir. Bütün
dövlətlərin suverenliyi, ərazi
bütövlüyü və daxili işlərinə
qarışmamaq Azərbaycanın başqa ölkələrlə
qarşılıqlı əlaqələrində əsas
prinsiplərdir.
Azərbaycanın
ölkənin milli maraqlarının təmin olunmasına və
onun qlobal və regional mövqeyinin möhkəmləndirilməsinə
yönələn xarici siyasət prioritetləri
aşağıdakılardır:
Azərbaycanın ərazi bütövlüyünün bərpası.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması ölkəmizin təhlükəsizliyi
ilə bağlı narahatlıq doğuran təxirəsalınmaz
məsələ və xarici siyasətimizin bir nömrəli
prioriteti hesab olunur. Münaqişənin həlli ilə
bağlı Azərbaycanın mövqeyi
danışıqların ilk günlərindən dəyişməz
olaraq qalır. Biz münaqişənin həlli
üçün erməni hərbi qüvvələrinin
işğal olunmuş Azərbaycan ərazisindən
çıxarılması, bu ərazilərdə Azərbaycanın
pozulmuş suveren hüquqlarının bərpası, məcburi
köçkünlərin öz doğma yurdlarına
qaytarılması, Azərbaycanın Dağlıq Qarabağ
regionunda ölkənin hərtərəfli iqtisadi
inkişafı çərçivəsində
kommunikasiyaların bərpası və sosial-iqtisadi inkişaf
üçün şərtlərin müəyyən
olunması, qanuni və demokratik proses çərçivəsində
Dağlıq Qarabağ regionunda Azərbaycan və erməni
icmalarının dinc yanaşı yaşamasını və
Azərbaycan Respublikasının tərkibində muxtariyyətini
təmin edəcək statusun müəyyənləşdirilməsindən
başqa bir yol görmürük. Dağlıq
Qarabağın öz müqəddəratını təyin
etməsi yalnız etnik təmizləməyə məruz
qalmış azərbaycanlıların öz doğma
yurdlarına qaytarılmasından sonra və yalnız Azərbaycanın
tərkibində mümkündür. Azərbaycan heç bir
zaman öz ərazi bütövlüyünü müzakirə
obyektinə çevirməyəcəkdir.
Münaqişənin həllinin
hüquqi və siyasi əsasları BMT-nin Nizamnaməsi,
Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik
Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri,
BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi A/RES/62/243
saylı qətnaməsi, habelə ATƏT və Avropa
Şurasının müvafiq sənədləri və qərarlarında
əks olunan beynəlxalq hüququn norma və prinsiplərinə
söykənir. Bütün bu sənədlər Azərbaycanın
suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə
tanınan sərhədlərinin toxunulmazlığını
təsdiqləyir. Bundan əlavə, Strasburq/Kehl sammitində
NATO Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
sülh yolu ilə həll olunmasına yönəlmiş səyləri
bir daha dəstəkləmişdir.
Azərbaycan
münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqdir
və münaqişənin beynəlxalq hüququn norma və
prinsiplərinə uyğun ədalətli və davamlı həllinin
dəstəklənməsi üçün bütün səylərin
səfərbər olunması məqsədi ilə öz tərəfdaşları,
beynəlxalq və regional təşkilatlarla aparılan işi
davam etdirəcəkdir. Buna baxmayaraq, sülh prosesinin uğurla
nəticələnməsi Ermənistan tərəfinin eynilə
bu prosesə sadiqliyindən və konstruktiv yanaşmasından,
həmçinin beynəlxalq birliyin, ATƏT-in bütün
üzv dövlətlərinin, xüsusən də Minsk qrupunda
təmsil olunan və həmsədrlik edən ölkələrin
fəal töhfəsindən asılıdır.
Beynəlxalq sülh və sabitliyin təşviqi. - İstər
ənənəvi, istərsə də yeni təhlükə və
problemlərin qarşısı fəal beynəlxalq səylər
hesabına alına bilər və onların birtərəfli
qaydada aradan qaldırılması mümkün deyildir.
Azərbaycan beynəlxalq
terrorizm və kütləvi qırğın
silahlarının yayılmasına qarşı mübarizə
ilə bağlı çoxtərəfli və ikitərəfli
çərçivədə beynəlxalq əməkdaşlığa
fəal cəlb olunmuşdur. Terrorizmə qarşı
mübarizəyə dair bütün beynəlxalq sənədlərə
qoşulan Azərbaycan bu sahəyə dair daim məlumat
mübadiləsi həyata keçirir və müvafiq məruzələr
hazırlayır. Bizim sülhməramlılar Kosovo, İraq və
Əfqanıstanda beynəlxalq birliyin digər üzvlərindən
olan əsgərlərlə çiyin-çiyinə xidmət
göstərmişlər. Azərbaycan hökuməti və
şirkətlərinin Əfqanıstana yardımı və bu
ölkənin bərpası ilə bağlı səyləri
ehtiyac içində yaşayan əhali üçün də
imkanlar yaradır.
Azərbaycan istər
"Kütləvi qırğın silahlarının
yayılmaması haqqında Saziş", istərsə də
digər ölkələrlə əməkdaşlıq
çərçivəsində ixraca nəzarət və sərhəd
təhlükəsizliyi tədbirləri vasitəsilə
kütləvi qırğın silahlarının
yayılmaması istiqamətində fəaliyyət göstərir.
Azərbaycan kütləvi qırğın silahlarının
yayılmaması ilə bağlı beynəlxalq rejimin
gücləndirilməsinə tərəfdardır və
müvafiq nəzarətin həyata keçirilməsi
üçün dünya birliyi və müvafiq təşkilatlarla
əməkdaşlığı davam etdirəcəkdir.
Transmilli cinayətkarlıq
və insan alverinə qarşı mübarizə region ölkələri
ilə, eləcə də BMT, ATƏT və digər beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlığımızın
gündəliyində duran məsələdir.
Cənubi Qafqazdakı
sabitliklə ümumilikdə qlobal təhlükəsizlik
arasında əlaqənin mövcudluğu məlum məsələdir.
Cənubi Qafqazdakı uzadılmış münaqişələrin
regiondakı təhlükəsizliyə və sabitliyə zərbə
vurması, region ölkələrinin iqtisadi və siyasi
inkişafına maneə yaratması və regiondakı real əməkdaşlığın
qarşısını alması səbəbindən region
ölkələri və geniş anlamda beynəlxalq birlik
üçün xüsusi narahatlıq kəsb edir.
Səmərəli
çoxtərəfli beynəlxalq münasibətlər
sisteminin təşviqi. - Beynəlxalq sülhün ən
yaxşı halda səmərəli çoxtərəfli
münasibətlər sistemi vasitəsilə əldə edilməsinə
əmin olaraq, Azərbaycan bütün dünyada və
regionumuzda beynəlxalq sülh və təhlükəsizliyin təmin
edilməsində BMT-nin rolunun vacibliyini qəbul edir. BMT-nin Nizamnaməsində
öz əksini tapan beynəlxalq hüququn norma və prinsipləri
mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl
daşını təşkil edir. Azərbaycan XXI əsrin
problemlərinə və təhdidlərinə daha səmərəli
şəkildə cavab vermək üçün beynəlxalq
hüquq sisteminin möhkəmləndirilməsi və qəbul
edilmiş qərarların həyata keçirilməsi də
daxil olmaqla, BMT-nin operativ imkanlarının
artırılmasına yönələn islahatları dəstəkləyir.
ATƏT ilə əməkdaşlıq
Azərbaycanın xarici siyasətində mühüm yer tutur. ATƏT-in
Helsinki Yekun Aktı və digər sənədlər bu təşkilata
üzv olan ölkələr arasında münasibətləri
tənzimləyən norma və prinsipləri müəyyən
edir və kollektiv təhlükəsizliyin saxlanılması
üçün əsas yaradır. BMT kimi, ATƏT-in də fəaliyyətinin
onun bütün sənədlərinə və mexanizmlərinə
əsaslanmış əməli nəticələr vasitəsilə
səmərəliliyinin artırılmasına ehtiyac
vardır.
Eyni zamanda, milli
maraqlarımızın təmin olunması, daxili siyasi və
institusional islahatların səmərəli şəkildə
həyata keçirilməsi, həmçinin Azərbaycan
qanunvericiliyinin Avropanın norma və standartlarına
uyğunlaşdırılması nöqteyi-nəzərdən
Avropa Şurası ilə əməkdaşlıq vacibdir.
Azərbaycan regional
çoxtərəfli əməkdaşlığı
çox vacib hesab edir və GUAM-ın əsas
yaradıcısı kimi biz regionda daha mehriban və daha sabit
münasibətlərə nail olunmasına öz töhfəmizi
veririk.
Azərbaycanın həm
Qərb, həm də Şərq mədəniyyətinə məxsus
olması ilə bağlı nadir xüsusiyyəti dini məlumatsızlığın
və dözümsüzlüyün aradan
qaldırılması üçün dinlərarası
dialoqda mühüm rol oynamaq üçün imkanlar
yaradır. 2007-ci ildə İslam Konfransı Təşkilatının
Xarici İşlər Nazirləri Şurasının sədri
kimi Azərbaycan İslam Konfransı Təşkilatının
strukturlarının və funksiyalarının daha da gücləndirilməsi
və Avropa təşkilatları ilə əməkdaşlıq
mexanizmlərinin yaradılması istiqamətində səylər
göstərmişdir. Azərbaycan sivilizasiyalar
arasındakı dialoqda fəal iştirak edir və bu məsələyə
töhfə verən ilk ölkələr sırasında
olmuşdur. Təqdirəlayiq hal kimi qeyd etmək
lazımdır ki, ölkəmizin bu istiqamətdə fəaliyyəti
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi
ilə həyata keçirilir. Habelə beynəlxalq səviyyədə
tanınmış elmi tədqiqatçıların və
mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası
dialoqa dair üç möhtəşəm beynəlxalq tədbir
təşkil olunmuşdur.
Qarşılıqlı
faydalı ikitərəfli əlaqələrin inkişafı.
- Azərbaycan regional əməkdaşlığı regionda
sülhün və sabitliyin qorunub saxlanılması
üçün mühüm amil hesab edir və yuxarıda
qeyd edilmiş səbəblərə görə Ermənistan
istisna olmaqla, bütün yaxın qonşuları ilə
qarşılıqlı faydalı dostluq münasibətləri
qurmuşdur. Qonşu dövlətlərlə əlaqələrin
daha da inkişafı həllini gözləyən regional
problemlərin qarşılıqlı surətdə qəbul
olunan şəkildə nizamlanması variantının
tapılmasına imkan yaradacaqdır.
Azərbaycan,
Gürcüstan və Türkiyə arasında üçtərəfli
strateji tərəfdaşlıq və dərinləşən
əməkdaşlıq regionda sabitliyin göstəricisinə
çevrilmişdir. Rusiya ilə münasibətlər strateji
tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir
və bu əməkdaşlığın genişlənməsi
davam edir. Azərbaycan İranla mütərəqqi və gələcəyə
istiqamətlənmiş dialoq aparır, habelə Xəzər
dənizi ilə Avropa regionu arasında körpü yaratmaq məqsədi
ilə Orta Asiya dövlətləri ilə münasibətlərini
inkişaf etdirir.
Azərbaycan strateji tərəfdaşı
olan ABŞ ilə qlobal problemlər və təhlükələrə
qarşı mübarizə aparmaq məqsədi ilə ikitərəfli
və çoxtərəfli çərçivədə əməkdaşlıq
edir. Azərbaycan ABŞ-ın rəhbərlik etdiyi antiterror
koalisiyasının üzvüdür, beynəlxalq birliyin
terrorizmə qarşı mübarizəsini hərtərəfli
şəkildə dəstəkləyir və bu istiqamətdə
bir sıra əhəmiyyətli addımlar atır. Biz
ABŞ-la, habelə iqtisadi, enerji təhlükəsizliyi və
demokratik inkişafın təşviqi sahələrində də
əməkdaşlığımızın genişləndirilməsi
istiqamətində iş aparırıq.
Coğrafi baxımdan Qərb
ilə Şərqin kəsişməsində yerləşən
Azərbaycan Avropa ölkələrindən mal və xidmətlərin
böyüyən Asiya bazarlarına və əksinə
daşınması üçün təbii keçid
imkanını təmin edir. Bu mənada Orta Şərq və
Asiya ölkələri ilə əlaqələr Azərbaycanın
xarici siyasətində vacib yer tutur. Yaranmaqda olan siyasi güc mərkəzləri
və sürətlə artan iqtisadiyyatlara malik bu regionlar
iqtisadi, telekommunikasiya və digər sahələrdə
qarşılıqlı faydalı əməkdaşlıq
üçün perspektivlər açır.
Avropa və Avratlantik
strukturlara inteqrasiya. - Azərbaycan Avropa və Avratlantik birliyin
dəyərləri ilə bölüşür, çoxtərəfli
Transatlantik təhlükəsizlik əməkdaşlığı
proqramlarını inkişaf etdirərək Avropa qitəsində
və onun sərhədlərindən kənarda təhlükəsizlik
və sabitliyə töhfə verir. Azərbaycan 1994-cü ildə
NATO-nun "Sülh naminə tərəfdaşlıq"
proqramına qoşulan ilk ölkələrdən biri
olmuşdur və Avratlantik Tərəfdaşlıq
Şurası və digər vasitələrlə NATO ilə
mümkün tərəfdaşlıq mexanizmlərindən tam
şəkildə bəhrələnir. Azərbaycan Fərdi Tərəfdaşlığın
Fəaliyyət Planının (FTFP) birinci mərhələsini
uğurla başa vurmuşdur və FTFP-nin ikinci mərhələsinin
icrasına başlamışdır ki, bu da növbəti illərdə
NATO-Azərbaycan münasibətlərini istiqamətləndirəcəkdir.
Azərbaycanın Aİ
ilə əməkdaşlığı ölkənin təhlükəsizlik
ehtiyacları çərçivəsindən kənara
çıxaraq iqtisadi, siyasi və sosial sahələrdə də
genişlənir. Avropa Qonşuluq Siyasəti çərçivəsində
2006-cı ildə qəbul olunmuş Aİ-Azərbaycan Fəaliyyət
Planı Azərbaycan və Aİ arasında siyasi dialoqu
gücləndirir, siyasi, iqtisadi və institusional islahatlar sahələrində
əməkdaşlığı inkişaf etdirir, əməkdaşlığın
keyfiyyətcə yeni səviyyəyə qaldırılması
üçün əsaslar yaradır. Aİ-Azərbaycan Fəaliyyət
Planının yerinə yetirilməsi Aİ ilə Azərbaycan
arasında qarşılıqlı siyasi və iqtisadi
asılılığın daha da möhkəmlənməsinə
xidmət edəcəkdir. Biz Aİ-nin Şərq Tərəfdaşlığı
Təşəbbüsünü alqışlayır və
bunun Aİ ilə əməkdaşlığımızı
sürətləndirəcəyinə ümid edirik.
Davamlı inkişaf və
Avropanın enerji və nəqliyyat dəhlizinin genişləndirilməsi.
- Neft və qaz kəmərlərinin, digər müvafiq
infrastrukturun tikintisi də daxil olmaqla, Azərbaycanın neft
sektorunun inkişafı artıq ölkənin iqtisadi yüksəlişinə
töhfə vermiş, regional və qlobal əməkdaşlıq
üçün əlavə imkanlar yaratmışdır. Bakı-Supsa,
Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Cənubi
Qafqaz qaz kəməri kimi regional infrastruktur layihələrinin
uğurla həyata keçirilməsi ilə nəticələnən
bu əməkdaşlıq Cənubi Qafqaz regionunun əhəmiyyətini
artırmış, Avropa və qlobal enerji təhlükəsizliyinə
töhfə vermiş və Avropa üçün yeni, həyati
əhəmiyyətli enerji mənbələrinin əsasını
qoymuşdur. Azərbaycanın karbohidrogen ehtiyatları strateji
coğrafi yerləşmə ilə birlikdə ölkəni əhəmiyyətli
enerji mənbəyinə və beynəlxalq enerji təchizatı
sisteminin vacib tərkib hissəsinə çevirir. Yalnız
enerji istehsalçısı və ixracçısı kimi
deyil, eyni zamanda, vacib tranzit ölkəsi kimi Azərbaycanın
regionun mərkəzi oyunçusu və beynəlxalq arenada əhəmiyyətli
aktor olaraq imkanları getdikcə artır.
Azərbaycanın
coğrafi yerləşməsi ölkənin dünya
bazarlarına çıxışını şaxələndirmək
imkanı verir. Cənubi Qafqaz regionu ərazisindən beynəlxalq
nəqliyyat və kommunikasiya dəhlizlərinin genişləndirilməsi
və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi
ölkə iqtisadiyyatının şaxələndirilməsi
və qeyri-neft sektorunun inkişafı strategiyasının
vacib elementidir. Bu mənada, Azərbaycan Avropa-Qafqaz-Asiya Nəqliyyat
Dəhlizi (TRASECA) layihəsi, habelə Şimal-Cənub nəqliyyat
dəhlizinin həyata keçirilməsinə fəal cəlb
olunmuşdur. Habelə, Azərbaycan Türkiyə və
Gürcüstanla geostrateji əhəmiyyət kəsb edən
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin qurulması istiqamətində
əməkdaşlıq edir. Bu xəttin həyata keçirilməsi
regional əməkdaşlığın sürətləndirilməsi
və gücləndirilməsi üçün vacib addım
olacaq, eyni zamanda, qlobal təsirlərə malik yeni regional
imkanlar yaradacaqdır.
Bazarlar və xarici sərmayələrin
rəqabəti, fiskal və monetar siyasətlərin əlaqələndirilməsi
məqsədi ilə mövcud beynəlxalq kommersiya şəbəkələrini
cəlb etmək zərurəti ilə səciyyələnən
beynəlxalq mühit fəal xarici iqtisadi siyasətin həyata
keçirilməsini tələb edir. Azərbaycan
iqtisadiyyatın qeyri-neft sektorlarına xarici sərmayələrin
cəlb edilməsi, ölkədə istehsal olunan malların
beynəlxalq bazarlara maneəsiz keçidinin təmin
olunması, ticarət, sərmayə qoyuluşu və iqtisadi
yüksəlişin gücləndirilməsi vasitəsilə
davamlı iqtisadi inkişafa töhfə vermək
üçün regiondakı və ondan kənarda yerləşən
ölkələrlə əməkdaşlıqda
maraqlıdır. Azərbaycanın iqtisadi inkişaf fəlsəfəsi
çox sadədir - qonşu ölkələrin çiçəklənməsi
qarşılıqlı fayda gətirir.
Azərbaycan xarici əlaqələrinin
coğrafiyasını əhəmiyyətli dərəcədə
genişləndirmiş, beynəlxalq aləmdə daha çox
nəzərəçarpan və hörmət edilən
ölkəyə çevrilmiş və xarici siyasət məqsədlərini
daha da təkmilləşdirmişdir. Avstraliya istisna olmaqla,
bizim bu gün dünyanın bütün qitələrində
diplomatik nümayəndəliklərimiz vardır. İkitərəfli
sənədlərin imzalanması, qarşılıqlı
yüksək səviyyəli səfərlər, beynəlxalq
konfrans və dünya forumlarında iştirak bizim gündəlik
diplomatik həyatımızın ayrılmaz hissəsinə
çevrilmişdir.
Diplomatik xidmət
orqanlarımızın rəhbərlərinin son
müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyevin
qeyd etdiyi kimi, xarici siyasətimiz bütün istiqamətlərdə
uğurludur, biz işimizi məhz bu istiqamətdə davam etdirəcəyik
və xarici siyasət fəaliyyətimizdə fəal
olmalıyıq.
Müstəqilliyimizin bərpa
olunmasından keçən on səkkiz il ərzində Azərbaycanın
xarici siyasət strategiyasının uğurlu olmasının
sübutu ondan ibarətdir ki, bu dövr ərzində ölkəmiz
daim dəyişən beynəlxalq mühitə
uyğunlaşmaqla yanaşı, eyni zamanda regional liderə
çevrilməyə nail olmuşdur.
Milli maraqların həyata
keçirilməsi, müstəqilliyin və suverenliyin gücləndirilməsi,
ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş
fəal xarici siyasət strategiyası, habelə özünəməxsus
və bəzən ziddiyyətli siyasət yürüdən
regional və regiondan kənarda olan aktorlarla modus vivendi-nin
tapılmasına imkan yaradan elastiklik arasında mürəkkəb
balans Azərbaycanın xarici siyasətinin səciyyəvi
xüsusiyyətidir.
Diplomatik xidmətimizin
90 illik yubileyi ilə eyni vaxtda xarici siyasətimizin keçdiyi
yolu nəzərdən keçirərək qeyd etməliyik ki,
çoxsaylı uğur və nailiyyətlərimizin olması
ilə yanaşı, hələ də bir sıra məsələlərin
həlli, ən əsası isə ölkəmizin ərazi
bütövlüyünün bərpası istiqamətində
işlərin daha da gücləndirilməsi Xarici İşlər
Nazirliyinin başlıca vəzifəsi olaraq qalır və əminəm
ki, Prezident İlham Əliyevin rəhbərliyi altında biz
tezliklə bütün bu uğurlara nail olacağıq.
Elmar MƏMMƏDYAROV,
Azərbaycan Respublikasının
xarici işlər naziri
Azərbaycan.- 2009.- 3 iyul.- S. 6.