Ermənistanda siyasi repressiyanın yeni dalğası başlanır

 

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası başa çatdıqdan dərhal sonra Ermənistanda müxalifətçilərə qarşı yenidən müxtəlif formada təzyiqlərə start verilib. Müxalifət düşərgəsini təmsil edənlərə qarşı fiziki zorakılıqlardan tutmuş onlarıın əsassız ittihamlara görə həbsə atılmasına kimi metodlar işə salınıb.

Bunların Avropa Şurası Parlament Assambleyasının Ermənistanla bağlı qəbul etdiyi yeni qətnamədən sonra baş verməsi rəsmi Yerevanın sözügedən qurumun mövqeyi ilə hesablaşmaq niyyətində olmadığını və insan haqlarının onun üçün ikinci dərəcəli əhəmiyyət kəsb etdiyini təsdiqləyir. Xatırladaq ki, AŞ PA-nın yeni qətnaməsinə görə, Ermənistan assambleyanın monitorinqi altında qalmaqda davam edəcək. Həmçinin AŞ PA 2008-ci ilin mart hadisələri ilə bağlı cinayət işi və onun inkişafını izləməkdə davam edəcək.

Ermənistanın müxalif dairələri belə hesab edirlər ki, qətnamə sərt xarakter daşımır və bundan ürəklənən hakimiyyət yenə də amansız şəkildə insan haqlarına qarşı hücuma keçib. Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan bildirib ki, beynəlxalq qurumlar, o cümlədən AŞ PA tərəfindən heç bir ciddi cəza görməyən Serj Sarkisyan hakimiyyəti indi daha arxayın şəkildə rəqiblərini repressiv metodlarla sıradan çıxarmaq, demokratiyanı tam boğmaq və ölkədə totalitar üsuli-idarəni genişləndirməkdə israrlıdır. Əslində, AŞ PA-nın Ermənistanla bağlı qəbul etdiyi qətnamədə yenidən yumşaq mövqedən çıxış etməsi avropalı parlamentarilər tərəfindən də etiraf olunur. Məsələn, AŞ PA monitorinq komissiyasının üzvü Marietta de Purbe-Lende bildirir ki, 2008-ci il prezident seçkisində müşahidəçi kimi iştirak edərkən çoxlu sayda qanun pozuntusu qeydə alınıb. Marietta de Purbe-Lende seçkinin nəticələri ilə bağlı Avropa Şurasının ilkin hesabatının çox yumşaq olduğundan təəssüfləndiyini bildirib. Bundan başqa, o, heç bir hüquq-mühafizə orqanının mart hadisələri zamanı 10 nəfərin ölümünə görə məsuliyyətə cəlb edilmədiyini də nəzərə çatdırıb. Avropalı deputat Serj Sarkisyanın AŞ PA-nın yay sessiyası ərəfəsində amnistiya elan etməsini də Ermənistanda vəziyyətin yaxşılığa doğru dəyişməkdə ciddi addım olmadığını vurğulayıb: "Amnistiyanın AŞ PA-nın yay sessiyası zamanı elan edilməsi şübhə doğurmaya bilməz. Ermənistan hakimiyyəti sübut etdi ki, ölkədə demokratik islahatlar yalnız AŞ PA-nın təzyiqi ilə baş verir". Lakin bu təzyiq altında belə demokratik islahatların zəif xarakter daşıdığı vurğulanır.

AŞ PA-nın Ermənistana qarşı daha sərt mövqedən çıxış etməməsi və bu ölkəyə hər hansı sanksiya tətbiqindən vaz keçməsi isə, qeyd edildiyi kimi, rəsmi Yerevanın rəqiblərinə qarşı güc metodlarını yenidən işə salmasına səbəb olub. Məsələn, Ermənistanda bir qrup jurnalist prezident iqamətgahı qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərsə də, onların aksiyaları zorakılıqla dağıdılıb. Aksiya "Jamanae Erevan" qəzetinin redaktoru Arman Babacanyanın həbsinin üç illiyinə həsr edilmişdi. Lakin qeyd etdiyimiz kimi, hüquq-mühafizə orqanları nümayişçilərə aksiyanın keçirilməsinə icazə verməyərək jurnalistlərə qarşı güc tətbiq edib. Aksiya iştirakçılarından olan, keçmiş siyasi məhbus Varhqes Qaspari torpağa yataraq buranın onun vətəni olduğunu və istədiyi vaxt duracağını bildirib. Amma polis dəyənəyi altında prezident iqamətgahının qarşısından uzaqlaşdırılıb. Hakimiyyət "Jamanae Erevan" qəzetinin redaktorunun 3,5 il müddətinə azadlıqdan məhrum edildiyini və bu cəzanın dəyişdirilməyəcəyini bəyan edib.
Bunun ardınca Yerevanın Abovyan küçəsində Ermənistan Milli Konqresini təmsil edən gənclərə bir qrup mülki geyimli silahlı polis hücum edib. Ermənistan Milli Konqresinin mitinqi ilə bağlı əhali arasında bildiriş vərəqələri yayan gənclərə müxtəlif bədən xəsarətləri yetirilib. Daha sonra Ermənistanın aparıcı müxalif mətbu orqanı olan "Aykakan Jamanak" qəzetinin baş redaktoru Nikol Paşinyan həbsə alınıb. Onunla birlikdə Ermənistan Milli Konqresinin daha üç üzvünün həbsi barədə qərar çıxarılıb. Yayılan məlumatlara görə, hakimiyyət həbsdə olan Nikol Paşinyanı fiziki cəhətdən məhv etmək niyyətindədir.

Bütün bunlar Ermənistanda siyasi məhbusların sayının yenidən artmasına gətirib çıxarıb. Baş verənlər Ermənistan Milli Konqresinin iyulun 2-də keçirdiyi növbədənkənar mitinqdə diqqət yetirilən əsas məqamlar sırasında yer alıb. Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan bildirib ki, hakimiyyət zorakı siyasətindən əl çəkmək niyyətində deyil. Buna sübut kimi sabiq prezident müxalifətçilərə qarşı zorakı hücumları göstərib. Onun sözlərinə görə, paytaxtda keçirilən mer seçkilərində total saxtakarlığa və qanun pozuntularına yol verən hakimiyyət bundan əvvəlki cinayətlərinə görə də beynəlxalq təşkilatlar tərəfindən ciddi cəza görmədiyi üçün xalqa, müxalifətə divan tutmaqdan çəkinmir.

Müxalifətlə hakimiyyət arasında bütün körpülərin Serj Sarkisyan tərəfindən yandırıldığını bildirən sabiq prezident Ermənistanın hələ də siyasi məhbusların sayına görə dünyada ilk yerlərdən birini tutduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan Milli Konqresi həbsdə saxlanan siyasi məhbusların azad edilməsi üçün səylərini ikiqat gücləndirəcək. Ölkə prezidentinin elan etdiyi son amnistiyaya toxunan Levon Ter-Petrosyan bunun heç də humanist məqsədlə edilmədiyini bildirib: "Heç kimə sirr deyil ki, hakimiyyətin bu amnistiyada əsas niyyəti Avropa Şurasının sanksiyalarından qaçmaq olub. Bizim bəzi tərəfdarlarımızın azad edilməsi isə yalnız Ermənistan Milli Konqresinin hakimiyyətin bütün güc strukturlarının yaxından iştirakı ilə həyata keçirdiyi dövlət terroruna qarşı dayana bilməsi nəticəsində mümkün olub". Sabiq prezident deyib ki, hakimiyyət törətdiyi cinayətlərə görə mütləq cavab verəcək. Onun sözlərinə görə, kriminal instinktlər əsasında ölkəni idarə edən hakimiyyət repressiv siyasətini davam etdirməklə daxili siyasi dialoq şansını birdəfəlik itirib.

"Jamanak" qəzetinin yaydığı məlumata görə, hakimiyyət müxalifətdən birdəfəlik yaxasını qurtarmaq üçün üçüncü qüvvə ideyasını həyata keçirmək niyyətindədir. Bu missiyanın isə Azərbaycan ərazilərinin işğalında fəal rol oynayan şəxslərdən biri kimi tanınan Samvel Babayana və keçmiş xarici işlər naziri Vardan Oskanyana həvalə edildiyi bildirilir. Üçüncü qüvvənin sırasında hansı partiyaların yer alacağı da müəyyən olunub. Bunlar Daşnaksütyun Ermənistan İnqilabi Federasiyası, Tiqran Karapetyanın rəhbərlik etdiyi Xalq Partiyası və Aram Karapetyanın sədri olduğu Yeni Zaman Partiyasıdır. "Üçüncü qüvvə" layihəsinin Ermənistanda parlament seçkiləri ərəfəsində həyata keçiriləcəyi vurğulanır.

Lakin Ermənistan Milli Konqresi hakimiyyətin bu və ya digər layihəsinin müxalifətin mübarizəsinə heç bir xələl gətirə bilməyəcəyini bəyan edir. Levon Ter-Petrosyan deyir ki, öz xalqına qarşı müharibə aparan Serj Sarkisyan iqtidarı mütləq hakimiyyətdən getməlidir. O bundan sonra da Serj Sarkisyanın istefasını Ermənistan Milli Konqresinin əsas tələbi olacağını, həmçinin növbədənkənar prezident və parlament seçkilərinə nail olmaqdan ötrü mübarizənin daha da gücləndiriləcəyini bəyan edib.

"Jamanak" qəzeti isə müxalifətin öz məqsədinə çatmasının qarşısını almaq üçün hakimiyyətin xüsusi tədbirlər paketi hazırladığını bildirir. Bu paketə ən müxtəlif təzyiq metodlarının, müxalifət nümayəndələrinin pulla ələ alınmasının, onların sırasına təxribatçı ünsürlərin daxil edilməsinin, müxalifətin hakimiyyətlə süni qarşıdurmasının təşkil edilməsinin və bu fonda yeni həbslərə start verilməsinin, eyni zamanda bu qəbildən olan digər məsələlərin daxil edildiyi bildirilir. Bütün bunlar AŞ PA-nın yay sessiyasından dərhal sonra baş verir.

 

 

R.İSLAMOĞLU

 

Azərbaycan.- 2009.- 3 iyul.- S. 7.