Azərbaycan-Polşa münasibətləri
son illər ən yüksək səviyyəyə qalxmışdır
Xəbər verdiyimiz
kimi, iyulun 2-də "Gülüstan" sarayında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin adından
Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin şərəfinə
rəsmi ziyafət təşkil edilmişdir.
Dövlət
başçıları ziyafətdə nitq söyləmişlər.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV qonaqları salamlayaraq dedi:
- Hörmətli cənab
Prezident!
Hörmətli xanım
Kaçinska!
Hörmətli qonaqlar,
xanımlar və cənablar!
Sizin hamınızı
Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana
xoş gəlmisiniz.
Bu gün çox
gözəl bir gündür. Polşa Prezidentinin Azərbaycana
rəsmi səfəri çərçivəsində
Polşa-Azərbaycan əlaqələrinin inkişafı
üçün çox vacib və əhəmiyyətli qərarlar
qəbul edilibdir.
Əminəm ki, bu qərarlar
iki ölkə arasında əlaqələrin inkişafı
üçün çox mühüm əhəmiyyət
daşıyacaqdır. Çünki, bu gün bir tərəfdən
indiyə qədər əldə edilmiş nəticələr
və nailiyyətlər müzakirə olundu, eyni zamanda,
müştərək gələcəyimizi müəyyən
edən çox önəmli sənədlər imzalandı. İlk
növbədə siyasi sənədlər, Polşa və Azərbaycan
prezidentlərinin Məşvərət Komitəsinin
yaradılması haqqında, eyni zamanda, iki ölkə
arasında təhlükəsizlik məsələlərinin həlli
üçün vacib sənədlər imzalandı. Enerji sahəsində,
şirkətlər arasında vacib sənədlər
imzalandı və görülən bütün bu işlər
bir daha göstərir ki, bizim münasibətlərimiz nə qədər
geniş və çoxşaxəlidir. Bu, həm siyasi məsələləri,
həm də iqtisadi, sosial, təhlükəsizlik və enerji
təhlükəsizliyi məsələlərini əhatə
edir. Əlbəttə ki, bu məsələlərin
hamısı diqqət mərkəzindədir.
Humanitar sahəyə
çox böyük diqqət verilir və bu sahədə
bizim çox gözəl müştərək tariximiz
vardır.
Əsrlər boyu
Polşa xalqının nümayəndələri Azərbaycanda
işləmişlər, yaratmışlar, onlar Azərbaycanın
inkişafına çox önəmli töhfələr
vermişlər. Polyak memarları Bakıda çox gözəl
memarlıq abidələri yaratmışlar. Bu gün bu abidələr
Bakını gözəlləşdirir. Onların
hamısı bərpa və təmir olunur. Gələcəkdə
bu gözəl tarixi binaların təmirində Polşadan gələn
mütəxəssislər də iştirak edəcəklər.
Eyni zamanda, cənab Prezident, yaxşı xatırlayıram ki,
2005-ci ildə mən Polşada səfərdə olarkən,
Sizinlə bərabər, - Siz o vaxt Varşavanın meri idiniz,
- Varşava Üsyanı Muzeyinin həyətində Polşa
uğrunda vuruşmuş Azərbaycan zabitlərinin xatirə
lövhəsini bərabər açmışdıq. Yəni,
bu tarix bizim bugünkü və gələcək münasibətlərimiz
üçün çox gözəl bir əsasdır.
Bizim ölkələr
arasında münasibətlər çox dinamik və intensiv xarakter
daşıyır. Bizim qarşılıqlı səfərlərimizin
sayı bunun ən gözəl göstəricisidir. Siz Azərbaycana
beş dəfə səfər etmisiniz. Mən Polşaya
beş dəfə səfər etmişəm. Bundan başqa,
müxtəlif beynəlxalq tədbirlərdə biz dəfələrlə
Sizinlə birlikdə olmuşuq, məsələləri
müzakirə etmişik və beləliklə, iki ölkə
arasında əlaqələr bu gün çox yüksək səviyyədədir.
Mən birgə hökumətlərarası
komissiyanın fəaliyyətini çox yüksək qiymətləndirirəm.
Komissiya əməli məsələlərlə məşğuldur.
Təkcə iqtisadi, siyasi, energetika sahələrində deyil,
eyni zamanda, başqa sahələrdə, iqtisadiyyatın digər
sahələrində çox gözəl perspektivlər
vardır. O ki qaldı enerji məsələlərinin həllinə,
heç kimə sirr deyil ki, "Krakov təşəbbüsü"
məhz Sizin tərəfinizdən irəli
sürülmüşdür və enerji məsələlərinə
dair bir sıra zirvə görüşləri
keçirilmişdir.
Sonuncu dəfə ötən
ilin noyabr ayında keçirilən Bakı Enerji Sammitinin qərarları
bu gün də aktualdır və gələcək enerji əməkdaşlığının
dərinləşməsi üçün o qərarların
çox vacib əhəmiyyəti vardır.
Bu gün energetika sahəsində
imzalanmış müqavilə əminəm ki, əməkdaşlığın
gələcəkdə daha da dərinləşməsinə
xidmət göstərəcəkdir. Azərbaycan çox zəngin
neft-qaz yataqlarına malikdir və bu gün Odessa-Brodı-Qdansk
neft kəmərinin tikintisi, fəaliyyətə
başlaması məsələləri çox böyük əhəmiyyət
daşıyır.
Biz Sizinlə bərabər
bu sahədə çox böyük işlər
görmüşük. Ümid edirəm ki, gələcəkdə
layihənin reallaşması üçün bütün
iştirakçı ölkələr eyni dərəcədə
səylər göstərəcəklər. Mən keçən
dəfə Polşaya səfərimdə Sizinlə bərabər
Qdansk şəhərində olmuşdum. Biz həm şəhərlə
tanış olduq, həm də eyni zamanda, Xəzər dənizi-Qara
dəniz-Baltik dənizi enerji dəhlizinin gələcəyi
haqqında fikir mübadiləsi apardıq. Bu dəhliz təkcə
enerji daşıyıcıları üçün deyil, eyni
zamanda, gələcəkdə çox etibarlı nəqliyyat
dəhlizinə çevrilməlidir. Bu, əslində
üç dənizin birləşməsi, bu bölgələrin
birləşməsi, geniş mənada regional əməkdaşlığın
dərinləşməsi deməkdir. Bütün bu işlərdə
Polşa-Azərbaycan münasibətlərinin xüsusi əhəmiyyəti
vardır. Çünki biz Xəzər hövzəsində,
siz Baltik dənizi hövzəsində iki bölgənin birləşməsi
üçün əməli işlər görürük.
Bu gün mən qeyd
etdim, bir daha demək istəyirəm ki, Avropa İttifaqı ilə
Azərbaycan arasında əlaqələrin genişlənməsi
işində Polşanın çox böyük rolu
vardır. Polşa müxtəlif təşəbbüslərlə
çıxış etmişdir və bu təşəbbüslər
bu gün reallığa çevrilir. "Şərq tərəfdaşlığı"
proqramının başlanması hesab edirəm ki, çox
vacib və tarixi bir məsələdir. Postsovet məkanında
yerləşən ölkələr ilk dəfə olaraq Avropa
İttifaqı ilə çox konkret proqram çərçivəsində
birgə fəaliyyət göstərəcəkdir. Biz
çox istərdik ki, "Şərq tərəfdaşlığı"
proqramının konkret real nəticələri olsun,
proqramın icrası nəticəsində Azərbaycan Avropa
İttifaqı ilə daha da sıx əməkdaşlıq edə
bilsin.
Bütün məsələlərdə,
bu gün müzakirə etdiyimiz çox geniş gündəlikdə
bizim mövqeyimiz üst-üstə düşür. Mən
Polşa-Azərbaycan münasibətlərinin gələcəyinə
də çox böyük ümidlərlə və
böyük nikbinliklə baxıram. Polşa bizim
üçün dost, tərəfdaş ölkədir və
Sizin simanızda Azərbaycan Polşa kimi çox böyük
dost qazanıbdır. Sizin fəaliyyətiniz Azərbaycan
xalqı tərəfindən çox yüksək qiymətləndirilir
və Azərbaycan dövləti Sizin fəaliyyətinizə
çox yüksək qiymət verir. Məhz bunun nəticəsidir
ki, bu gün Siz ölkəmizin ən ali mükafatı olan
"Heydər Əliyev" ordeni ilə təltif edilmisiniz. Bu münasibətlə
mən Sizi bir daha ürəkdən
təbrik edirəm.
Bu badəni, cənab
Prezident, Sizin sağlığınıza, xanım
Kaçinskanın sağlığına, Polşa-Azərbaycan
əlaqələrinin inkişafının şərəfinə
qaldırıram.
AzərTAc
Azərbaycan.- 2009.- 4 iyul.- S.1.