Azərbaycan-Polşa münasibətləri son illər ən yüksək səviyyəyə qalxmışdır

 

Polşa Prezidenti Lex KAÇİNSKİ təşəkkür edərək dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli Mehriban xanım!

Cənab spiker!

Hörmətli dostlar!

Bu, mənim burada - Azərbaycanın paytaxtında, Bakıda söylədiyim birinci nitq deyil. İcazə verin, mən elə cənab Prezidentin nitqində söylədiyi fikirlərdən başlayım. Cənab Prezident Polşanın memarları haqqında danışdı və xidmətlərini qeyd etdi. Vaxtilə Varşava Üsyanında iştirak etmiş azərbaycanlıların da xidmətlərini qeyd etdi. Eyni zamanda, cənab Prezident bildirdi ki, bərpa layihələrində Polşanın memarları iştirak edə bilər.

Bilirsiniz, Sizin böyük ədəbiyyatınız Azərbaycana ilk səfərim zamanı mənə böyük təəssürat bağışladı və qeyd etmək istəyirəm ki, eyni zamanda, Azərbaycan ədibləri Polşanın ədəbiyyat tarixində də xüsusi yer tutmuşlar, öz romanları ilə yadda qalmışlar.

Polşanın çox məşhur ədibi Sezara Bareka Azərbaycanda - Bakıda anadan olmuşdur. Onun yazdığı hekayələr hətta orta məktəbdə bütün şagirdlərə məlum olan əsərlərdir. Polşa bu ədibi ilə böyük fərəh hissi duyur və onun yazdığı əsərləri inqilab dövrünə aid edirik. O vaxtlar Azərbaycan da müstəqilliyini əldə etmişdi. Əfsuslar olsun ki, həmin müstəqillik iki il çəkdi. 70 ildən sonra Azərbaycan yenidən uğur qazandı, öz müstəqilliyini bərpa etdi. Biz Sizin bu nailiyyətinizə, Azərbaycanın müstəqilliyini möhkəmləndirən fəaliyyətinizə, uğurlarınıza çox vurğunuq.

Eyni zamanda, qeyd etmək istəyirik ki, xalqlarımız tarixən bir yerdə olmuşlar. Biz hazırda elə bir konsepsiyanı formalaşdırmalıyıq ki, - mən bu gün o konsepsiya haqqında dəfələrlə danışdım, - bu konsepsiya nəinki Azərbaycan-Polşa xalqlarının maraqlarına, o cümlədən sizin Avropa İttifaqı ilə, ümumiyyətlə, dünya miqyasında maraqlarınızın təmin edilməsinə xidmət etsin.

Polşa Prezidenti Lex Kaçinski ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını söylədi və bildirdi ki, Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki fəaliyyəti və nailiyyətləri yüksək qiymətləndirilir. Dövlət başçısı dedi ki, Azərbaycanın enerji resursları həm ölkəmizin, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Lex Kaçinski Xəzər dənizi, Qara dəniz və Baltik dənizi regionlarının əməkdaşlığının da əhəmiyyətini vurğuladı.

"Bu gün bütün dünyaya sülh lazımdır. Kiçik münaqişələr hər zaman təhlükə mənbəyidir və bu münaqişələrə son qoyulmalıdır", - deyən Polşanın dövlət başçısı bildirdi ki, xalqlar arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır.

Polşa Prezidenti ölkələrimizin humanitar sahədə, xüsusilə də səhiyyə və mədəniyyət sahələrində sıx əməkdaşlığının vacib olduğunu, ölkəsinin Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini və Polşa-Azərbaycan münasibətlərindən fəxr hissi keçirdiyini diqqətə çatdırdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 iyul.- S. 1.