Polşa Prezidenti Lex Kaçinskinin Baş nazir Artur Rasizadə ilə görüşü

 

Ölkəmizdə rəsmi səfərdə olan Polşa Prezidenti Lex Kaçinski iyulun 3-də Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür.

Baş nazir Polşa Prezidenti Lex Kaçinskinin Azərbaycana səfərini yüksək qiymətləndirmiş və bunu ölkələrimiz arasında münasibətlərin inkişafında irəliyə doğru addım kimi səciyyələndirmişdir.

Azərbaycan hökumətinin başçısı ali qonağa son zamanlar ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat vermiş, siyasi və iqtisadi sabitlikdən danışmışdır.

Görüşdə həmçinin Cənubi Qafqaz regionunda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılmışdır.

Polşa Prezidenti hər səfərində Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələrin, müxtəlif sahələrdə yüksək dinamikanın şahidi olduğunu bildirmişdir. "Bu, Azərbaycanın dünya birliyinə inteqrasiyası, iqtisadi sahədə əldə etdiyi uğurlarından irəli gəlir" - deyən Lex Kaçinski ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafı üçün hər cür imkanların olduğunu və səfərlərin ikitərəfli əməkdaşlığa təkan verəcəyini xüsusi vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 iyul.- S. 3.