Polşa Respublikasının Prezidenti Lex Kaçinski Milli Məclisdə olmuşdur

 

Ölkəmizdə səfərdə olan Polşa Respublikasının Prezidenti Lex Kaçinski iyulun 3-də Milli Məclisə gəlmişdir.

Parlamentin binası önündə ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, müavin Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər qarşılamışlar.

Polşa Prezidenti Milli Məclisin iclas zalına baxmış, parlamentin binasındakı Heydər Əliyev Xatirə zalında olmuşdur. Burada qonağa ümummilli liderin həyat və fəaliyyəti, xarici ölkə rəhbərlərinin, dövlət və hökumət üzvlərinin müxtəlif illərdə Azərbaycana səfərləri zamanı Heydər Əliyevlə görüşlərini əks etdirən fotoşəkillər, tarixi sənədlər, eləcə də Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkə parlamentləri ilə əlaqələrin qurulmasında ulu öndərin xidmətləri barədə məlumat verilmişdir.

Sonra Milli Məclisin Sədri Oqtay Əsədov ilə Polşa Prezidenti Lex Kaçınski arasında görüş olmuşdur.

Milli Məclisin Sədri Oqtay Əsədov Prezident Lex Kaçinskini Azərbaycan-Polşa arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə ölkəmizin ən ali mükafatı - "Heydər Əliyev" ordeni ilə təltif olunması münasibətilə təbrik etmişdir.

O.Əsədov ölkələrimiz arasında əlaqələrin qədim tarixindən danışmış, müstəqilliyimizi bərpa etdikdən sonra münasibətlərimizin yeni müstəvidə inkişaf etdiyini bildirmiş və bunu müsbət dəyərləndirmişdir. Milli Məclisin Sədri bildirmişdir ki, münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının müstəsna xidmətləri vardır. Dövlət başçılarının qarşılıqlı səfərləri, keçirdikləri səmərəli görüşlər hər iki tərəfə fayda gətirmiş, əməkdaşlığın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır.

Azərbaycanda olmaqdan məmnun qaldığını deyən Prezident Lex Kaçinski bundan əvvəlki səfərlərini, görüşlərini xatırlatmışdır.

Polşa-Azərbaycan dostluğunun dərin kökləri olduğunu bildirən ali qonaq, iki dost ölkə arasında əlaqələrin inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
Ölkəmizin Avropanın enerji təminatında mühüm rolunu vurğulayan Lex Kaçinski Azərbaycanın son illər əldə etdiyi uğurlardan da danışmışdır. O demişdir ki, Azərbaycanda əldə olunmuş bütün uğurlar ölkədə həyata keçirilən düzgün siyasətin nəticəsidir.

Polşanın dövlət başçısı parlamentlərin rolundan danışaraq qanunverici orqanların əməkdaşlığını, xüsusilə də, dostluq qruplarının fəaliyyətini yüksək dəyərləndirmiş, Azərbaycan parlamentinə gələcək fəaliyyətində uğurlar arzulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 iyul.- S. 3.