Polşa Prezidentinin xanımı Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur

 

Azərbaycanda rəsmi səfərdə olan Polşa Prezidenti Lex Kaçinskinin xanımı Mariya Kaçinska iyulun 3-də Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur.

Polşa Prezidentinin xanımına Dənizkənarı Milli Parkda yerləşən mərkəz haqqında ətraflı məlumat verildi.

Xanım Mariya Kaçinska qaval daşlarına maraqla baxdı.

Bildirildi ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. 2005-ci il aprelin 6-da Prezident İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Mərkəz ilə yaxından tanış olan xanım Mariya Kaçinska burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə və "Ud" restoranına baxdı, Azərbaycan muğamını dinlədi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 iyul.- S. 3.