Azərbaycan-Rumıniya münasibətləri
dinamik sürətlə
inkişaf edir
Azərbaycanın
Baş naziri Artur Rasizadə iyulun 3-də ölkəmizdə səfərdə
olan Rumıniyanın iqtisadiyyat naziri, Azərbaycan-Rumıniya
hökumətlərarası komissiyanın həmsədri
Adriyan Vidyanunun başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Baş nazir qonaqları
salamlayaraq ölkəmizdə həyata keçirilən
iqtisadi islahatların nəticələrindən, ümumi daxili
məhsulun artım tempindən, infrastruktura yatırılan
xarici sərmayələrin məbləğindən, əməkhaqlarının
və müxtəlif sosial müavinətlərin
qaldırılması sahəsində görülən işlərdən
danışmış, Azərbaycan rəhbərliyinin qlobal
enerji layihələrinin həyata keçirilməsi ilə
yanaşı, qeyri-neft sektorunun inkişafına da xüsusi
diqqət yetirdiyini vurğulamışdır.
Rumıniya-Azərbaycan əlaqələrinin
qədim tarixini, Rumıniyanın respublikamızın dövlət
müstəqilliyini tanıyan ilk ölkələrdən biri
olduğunu xatırladan Artur Rasizadə bildirmişdir ki,
Prezident İlham Əliyevin Rumıniyaya səfərindən
sonra qarşılıqlı əlaqələr daha da
genişlənmişdir.
Baş nazir
vurğulamışdır ki, Azərbaycanın başlıca
bir problemi vardır. Bu da Azərbaycan torpaqlarının
işğalına və bir milyon insanın doğma yurd-yuvalarından
didərgin düşməsinə səbəb olmuş Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin indiyədək
həll edilməməsidir. A.Rasizadə xalqımızın ən
ağrılı problemi olan Dağlıq Qarabağ
münaqişəsinin həllində həmişə ədalətli,
obyektiv mövqe tutan, bütün beynəlxalq tədbirlərdə
Azərbaycanın haqq işini dəstəkləyən
Rumıniya hökumətinə təşəkkürünü
bildirmişdir.
Adriyan Vidyanu səmimi qəbula
görə Artur Rasizadəyə minnətdarlığını
bildirmiş, Azərbaycan hökuməti və Rumıniya
hökuməti arasında ticarət-iqtisadi əlaqələr
və elmi-texniki əməkdaşlıq üzrə
müştərək komissiyanın 4-cü iclasının
gedişi barədə ətraflı məlumat vermişdir.
Ticarət-iqtisadi sahədə
əlaqələrin inkişafı üçün çox əlverişli
imkanların olduğunu, rumın iş adamlarının Azərbaycana
marağının getdikcə artdığını
vurğulayan nazir nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı
məhsullarının idxalı, mədəniyyət, turizm sahələrində
qarşılıqlı əməkdaşlığın
genişləndirilməsinin hər iki tərəf
üçün əhəmiyyətli ola biləcəyini
demişdir.
A.Vidyanu rumın
xalqının və dövlətinin Azərbaycanı
özünə mehriban dost, etibarlı tərəfdaş hesab
etdiyini bildirmişdir. Qonaq demişdir ki, Rumıniya hökuməti
bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcək,
Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında, Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
edilməsi yolunda əlindən gələni əsirgəməyəcəkdir.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlərlə
bağlı fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 4 iyul.- S. 4.