İSESKO İKT Gənclər Forumu "Xocalıya Ədalət" beynəlxalq kampaniyasını dəstəkləyən saziş imzaladılar

 

İyulun 2-də Tunisin paytaxtında İSESKO-nun Baş Məclisinin 10-cu sessiyası öz işinə başlamışdır.

Sessiyanın təntənəli açılış mərasimi zamanı quruma üzv ölkələrin nümayəndə heyətləri başçıları və bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə İSESKO və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu arasında Əməkdaşlıq Memorandumuna Əlavə Protokol imzalanmışdır. Protokol hər iki beynəlxalq qurum tərəfindən İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən "Xocalıya Ədalət" beynəlxalq məlumat-təşviqat kampaniyasına dəstək verilməsini və kampaniya çərçivəsində dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri və İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İskəndərovun imzaladıqları sənəd İSESKO tarixində ilk dəfə olaraq bu qurumun humanitar faciə ilə bağlı hər hansı bir kampaniyaya dəstək verməsini nəzərdə tutur.

Elşad İskəndərov sənədi şərh edərkən bildirmişdir ki, "Xocalıya Ədalət" kampaniyasının beynəlxalq formatı nəzərə alınaraq sənəddə İSESKO və İslam Konfransı Gənclər Forumu tərəfindən İKT üzv ölkələri və Avropada həyata keçirilməsi vacib olan tədbirlər planı öz əksini tapmışdır. Tərəflər İKT ölkələrində ali məktəb dərsliklərinə Xocalı faciəsi haqqında məlumatların salınması ilə bağlı proqramların hazırlanması üzrə görüləcək konkret işləri razılaşdırmışlar. Sənədə əsasən İSESKO artıq 2009-2010-cu illərdə müvafiq məlumatların İKT ölkələrində dərsliklərə daxil edilməsinə dair öhdəliyi üzərinə götürmüşdür. Beləliklə, bu sənəd keçən il İKT ali təhsil və bu ilin mayında xarici işlər nazirlərinin konfranslarında forumun təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası ilə bağlı qəbul edilən siyasi qətnamələrin həyata keçirilməsi üçün bir "yol xəritəsi" rolunu oynayacaqdır.

"Xocalıya Ədalət" kampaniyası Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə ötən ilin mayında elan edilmişdi. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Bu il fevralın 26-da dünyanın 25 ölkəsində kampaniyaya uğurlu start verilmişdir. Kampaniya çərçivəsində forumun təşəbbüsü ilə İKT sammiti və Xarici İşlər Nazirləri Konfransı tərəfindən qəbul olunmuş qətnamələrdə Xocalı faciəsi beynəlxalq təşkilatlar tərəfindən ilk dəfə olaraq insanlığa qarşı cinayət olan "kütləvi qırğın" kimi qiymətləndirilmişdir. Kampaniya beynəlxalq səviyyədə www.justiceforkhojaly.org saytında davam edir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 iyul.- S. 4.