"Milli geyimlər müasir modada ümumilik" mövzusunda beynəlxalq simpoziumun iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar

 

"Milli geyimlər və müasir modada ümumilik" mövzusunda iyulun 4-də Bakıda keçiriləcək beynəlxalq simpoziumun iştirakçıları Heydər Əliyev Fondunda olmuşlar.

Qonaqlara ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun məqsədləri, çoxşaxəli fəaliyyəti, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verilmişdir.

Simpoziumun iştirakçıları Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərimiz haqqında kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olmuş, müxtəlif ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar.

Ümummilli liderin orta və ali məktəbləri əla qiymətlərlə bitirməsi barədə attestatı və diplomu, əla təhsilə və nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi müxtəlif kollektivlərdə yalnız müsbət keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələri, keçmiş SSRİ-nin müxtəlif guşələrində, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında keçirilən tədbirlərdə çəkilmiş yadigar fotoşəkilləri, iş otağındakı əşyalar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırmışdır.

Ulu öndərin Azərbaycanda hüquqi, demokratik dövlət və ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Fondla tanış olan qonaqlar xatirə kitabına ürək sözlərini yazmışlar.

Simpoziumun iştirakçıları xatirə şəkilləri çəkdirmiş, fondla tanışlıqdan zəngin təəssüratla ayrılmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 iyul.- S. 4.