Rudolf İvanov: Mənim işim həqiqəti söyləməkdir

 

İnterfaks-Azərbaycan informasiya agentliyində tanınmış Rusiya tarixçisi, qafqazşünas, "Dostluq" ordeni kavaleri Rudolf İvanovun üç cilddə "Sovet İttifaqı adından... Briqada komandiri Naxçıvanskinin həyatı" kitabının təqdimatı münasibətilə mətbuat konfransı keçirilmişdir.

Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, Rusiya Yazıçılar İttifaqının üzvü, Naxçıvan Dövlət Universitetinin və AMEA-nın Tarix İnstitutunun fəxri doktoru, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, 30-dək kitabın, o cümlədən çar Rusiyasının və Qafqazın tarixinə dair əsərlərin müəllifi professor Rudolf Nikolayeviç İvanovu Azərbaycanda yaxşı tanıyırlar. Bu günlərdə o, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Dostluq" ordeninə layiq görülmüşdür.

R.İvanov Azərbaycan tarixinə dəfələrlə müraciət etmişdir. Onun iki monoqrafiyası general-leytenant Maqsud Əlixanova həsr olunmuşdur. "Bəyazidin müdafiəsi" povestində rus-türk müharibəsinin unudulmuş əsl qəhrəmanları olan Naxçıvan xanlarının xidmətləri vurğulanır. General Hüseyn xan Naxçıvanski onun növbəti "Əlahəzrətin general adyutantı" monoqrafiyasının qəhrəmanıdır.

"Sovet İttifaqı adından..." kitabında əfsanəvi Naxçıvan xanları sülaləsindən olan sonuncu, altıncı generalın - Sovet ölkəsinin böyük sərkərdəsi, Frunze adına Akademiyanın müəllimi və kurs rəisi, Stalin repressiyalarının qurbanı, briqada komandiri Cəmşid Naxçıvanskinin faciəli taleyindən danışılır.

R.İvanov üçcildliyin üzərində işin ən çətin mərhələsi - materialların toplanması barədə məlumat vermişdir. RF-nin hərb tarixi və hərbi, sosial-siyasi tarix arxivlərində, Federal Təhlükəsizlik Xidmətinin, Xarici İşlər Nazirliyinin arxivlərində, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivində aşkar etdiyi 600 sənəd onun kitabının əsasını təşkil etmişdir. Üçcildlikdə Cəmşid Naxçıvanskinin bir şəxsiyyət kimi formalaşmasından, onun zabit şərəfindən və qəhrəmanlığından, "Vəhşi diviziya"da və Müsavat ordusunda xidmətindən, Sovet Azərbaycanında hərbi məktəb yaratmasından geniş söhbət açılır.

Azərbaycanın atıcı və dağ-atıcı diviziyasının briqada və diviziya komandiri C.Naxçıvanski Azərbaycan Dövlət Siyasi İdarəsinin qərarı ilə əksinqilabçılıqda təqsirləndirilmiş və 1938-ci il avqustun 28-də güllələnmiş, 1956-cı ildə isə tam bəraət almışdır.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanskinin adı Bakıdakı hərbi liseyə və küçələrdən birinə verilmişdir. Vətəni Naxçıvanda onun xatirə muzeyi açılmışdır.
Rudolf İvanov demişdir: "Mənim işim həqiqəti söyləməkdir".
Zənnimizcə, o, bunun öhdəsindən gəlmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 iyul.- S. 4.