Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası

 

Fərhad Abdullayevin sədrliyi, maraqlı subyektlərin nümayəndələrinin, ekspertlərin və mütəxəssislərin iştirakı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrində nəzərdə tutulan müddəaların şərh olunmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğunun 2009-cu il 30 yanvar tarixli 08/4809 saylı sorğusu üzrə konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsi, həmçinin cinayət prosesi üzrə Avropada tanınmış mütəxəssislər Niderland Tilburq Universitetinin professoru A.van Kalmtut və Almaniya Berlin Frey Universitetinin professoru X.Xorstkotta müraciət edərək onlardan baxılan məsələ ilə bağlı yazılı fikirlər almışdır.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim E.Məmmədovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələrinin, yerli mütəxəssislərin çıxışlarını, ekspertlərin rəylərini və xarici mütəxəssislərin yazılı fikirləri ilə tanış olub, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir. Qərarda deyilir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində müvafiq dəyişikliklər edilənə qədər bu Məcəllənin 397.1-ci və 397.2-ci maddələrinin tətbiqi zamanı aşağıdakılar nəzərə alınmalıdır:

a) apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apelyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır;

b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə:

-apelyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apelyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apelyasiya protesti üzrə keçirilərsə, apelyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər;

-apelyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apelyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apelyasiya şikayəti üzrə keçirilərsə, apelyasiya instansiyası məhkəməsi apelyasiya müraciətinin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər;

lakin belə qərarın qəbul edilməsi üçün əsas apelyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apelyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 4 iyul.- S. 5.