Qaradağ yeraltı qaz anbarının genişləndirilməsi üçün geofiziki aparılmışdır

 

ARDNŞ ölkənin fasiləsiz təbii qazla təmin edilməsi məqsədilə yeraltı qaz anbarlarının aktiv həcmlərini genişləndirmək üçün xüsusi proqram hazırlamış və həmin proqram çərçivəsində genişmiqyaslı işlər görülmüşdür.

Qaradağ qaz anbarının tutum imkanlarının genişləndirilməsi məqsədilə geofiziki işlərin aparılması da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. ARDNŞ-in Geofizika və Geologiya İdarəsinin struktur bölmələrində qaz əməliyyatları idarəsinin sifarişi əsasında Qaradağ qaz anbarının tutum imkanlarının artırılması üçün aparılmış üçölçülü seysmik kəşfiyyat işlərinin məlumatlarının təhlili başa çatdırılmış, yatağın əvvəlkindən fərqli geoloji modeli qurulmuşdur.

Qaz anbarının çoxsaylı qırılma pozğunluğu ilə mürəkkəbləşdiyi müəyyənləşdirilmiş və onun qərb hissəsində yeni bir tektonik blok aşkar edilmişdir. Bu isə Qaradağ yeraltı qaz anbarının tutum həcminin artırılmasına şərait yaradacaq. Hazırda Qaradağ qaz anbarında sutkalıq tutumu 7 milyon kubmetr və təzyiqi 160 atmosfer olan 5 motokompressor aqreqatından ibarət iri kompressor stansiyası inşa edilir.

Naxçıvanda yeraltı qaz anbarının yaradılması ilə bağlı işlər də görülür. Muxtar Respublikanın Böyükdüz və Qıvraq ərazilərində geofizki araşdırmalar aparılmışdır. Böyükdüz strukturunun yeraltı qaz anbarı kimi istifadəsi imkanlarını müəyyənləşdirmək məqsədilə kəşfiyyat quyusu qazılmışdır.

 

 

Azərbaycan.- 2009.- 4 iyul.- 5.