Şərur şəhəri regional mərkəzə çevrilir

 

Altı-yeddi il əvvəlin söhbətidir. Bakıda yaşayıb-yaradan yazıçı-jurnalist dostlarımdan biri Naxçıvana gəlmişdi. Bir gün onu Şərura qonaq apardım. Əvvəlcə nəhəng Arpaçay dəryaçasının ətrafını gəzdik. Sonra onu Gümüşlü kəndində yaşayan əmimin, 86 yaşlı Ağəli kişinin arıçılıq təsərrüfatı və Tənənəm kəndi yaxınlığındakı Qarauş yaylağı ilə tanış etdim. Yaylaqdakı buz bulaqlar, yamyaşıl ormanlar və orada yetişən dadlı-tamlı giləmeyvələr, eləcə də qiymətli dərman bitkiləri onu heyrətə gətirdi.

- Adam da belə cənnətməkan yerlərdən heç uzaq düşərmi? - dedi.

Həmin gün axşamüstü onu rayon mərkəzi ilə də tanış etdim.

On beş-iyirmi dəqiqəlik gəzintidən sonra dedi:

- Şərur şəhəri elə budur?

- Xoşuna gəlmədi?

- Mən başqa cür təsəvvür edirdim. Düşünürdüm ki, muxtar respublikanın ən iri rayonlarından olan Şərurun mərkəzi də gözəl olar. İncimə, burada gözəl parklar, bağlar, mədəniyyət obyektləri, idman meydançaları, müasir standartlara cavab verən digər infrastruktur azdır.

Həmkarım qınanılası deyildi. O vaxtlar həqiqətən, Şərur şəhəri sosial-iqtisadi cəhətdən muxtar respublikanın digər rayon mərkəzləri - Ordubad, Culfa ilə müqayisədə geridə idi...
Bu söhbətin üstündən çox keçməmiş xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin vüsəti Şərur rayonuna, onun mərkəzinə də gəlib çatdı. Burada da sürətlə inşaat işlərinə başlanıldı. Rayonun iqtisadi potensialından səmərəli istifadə olundu. Az vaxt ərzində çox iş görüldü. Nəticədə şəhərtipli qəsəbə görkəmində olan Şərur bu gün regionun ən abad və yaraşıqlı yaşayış məskənlərindən birinə çevrilib. Tikilən, ərsəyə gətirilən obyektlərin əksəriyyəti son beş-altı ilin ərməğanlarıdır.

Şərur rayon ərazisində insanların yaşadıqları ilkin yaşayış məskənləri çox olub. Tənənəm kəndi yaxınlığındakı Qazma mağarasında ibtidai icma quruluşunun, daş dövrünün insanları yaşayıblar. Eramızdan əvvəl ikinci minilliyin əvvəllərində bu yurdda Oğlanqala, Şortəpə, Govurqala kimi qala-şəhər məntəqələri fəaliyyət göstərib. Bir sözlə, tariximizin bütün mərhələlərində bu torpaq qədim oğuz-türk yurdu kimi tanınıb.

"Kitabi Dədə Qorqud"dakı boyların birində isə Şərur sözü ilk dəfə belə dilə gətirilib: "...Ondan Şərukun ucundan Göycə dənizinə təkin el şarpdı. Qələbə doyum oldu. Yolu Əlincə qələsinə uğramışdı".

Tarixçi alimlərin son qənaəti isə belədir ki, Şərur torpağında insan yaşayışı bizim eradan əvvəl V-IV minilliklərdə mövcud olub. O vaxtlar ata-babalarımız bu yerlərdə at minib, qəhrəmanlıqlar göstərəndə qonşuluğumuzda gavur millət olmayıb. Şərur şəhərindəki tarix-diyarşünaslıq muzeyində nümayiş etdirilən saysız-hesabsız eksponatlar bunu sübut edir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev məmləkətimizin ayrılmaz və dilbər guşəsi olan bu torpaq, onun işgüzar sakinləri barəsində həmişə yüksək fikirlər söyləyib. "Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar var", - deyən müdrik rəhbər rayon sakinləri ilə görüşündə onlara öz tövsiyə və tapşırıqlarını da verib: "Arzu edirəm ki, Şəruru daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı da inkişaf etdirəsiniz".

Sakinlər ulu öndərin bu tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışırlar. Bu baxımdan, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər diqqəti daha çox cəlb edir. Son illər 100 min nəfərə yaxın əhalinin yaşadığı bu rayonda bir sıra infrastruktur layihələri həyata keçirilib, onlarca müasir tipli obyekt inşa olunub. Əksəriyyəti də Avropa standartları səviyyəsində.

Axırıncı dəfə Şərurda ötən ilin payızında olmuşdum. Onda şəhər böyük inşaat meydançasına çevrilmişdi. Bir neçə gün əvvəl yenə Şərura getmişdim. 5-6 aya bu qədər iş görülməsinə inanmağım gəlmirdi. Xüsusən də, Azərbaycan ədəbiyyatının böyük simalarından olan Nizaminin, Sabirin və Şəhriyarın adını daşıyan ünvanlarda. O küçələrdə ki, onlar bir vaxtlar şəhərin kənar ünvanları sayıldığından gözdən bir qədər uzaq düşmüşdülər. Bu yerlərdə elə böyük abadlıqquruculuq işləri aparılıb ki, sözlə təsvir etmək çətindir. Yol kənarlarındakı yöndəmsiz, plansız tikililər sökülüb, həyət-bacaların köhnə hasarları yenilənib. Yerli saydinq materialından divarlara üzlük çəkilib. Sabir küçəsində xəstəxana kompleksi tikilib.

Ölkə Prezidenti İlham Əliyev 2007-ci ilin oktyabr ayında Naxçıvana səfəri çərçivəsində xəstəxana şəhərciyi kompleksinin açılış mərasimində iştirak edərkən burada görülən işləri, həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək:"Çox şadam ki, Şərurda belə gözəl səhiyyə ocağı tikilib istifadəyə verilibdir. Mən xəstəxana ilə indi tanış oldum, gördüm ki, sözün əsl mənasında, bütün dünyada mövcud olan yüksək standartlara cavab verən bir tibb ocağıdır" - deyib. Sonra da bildirib: "Belə gözəl xəstəxanalar inkişaf etmiş ölkələrin böyük şəhərlərində də tikilmir".

İlin əvvəlindən bu küçə yenidən inşaat meydançasına cevrilib. 3 kilometr uzunluğunda yola təzə örtük çəkilib, genişliyə xüsusi diqqət yetirilib. Piyadaların hərəkəti üçün səkilər salınıb, dekorativ daşlarla bəzədilib. Yol boyunca salınan bağlar, yaşıllıq zolaqları göz oxşayır.

Rayon icra hakimiyyətinin başçısı İbrahim Məmmədov bildirir ki, təkcə bu mövsüm rayon mərkəzində yeni salınan bağlara, parklara 6 min ədəddən artıq ting əkilib. Onların yarısı meyvə ağaclarıdır.

 

* * *

 

Şərurdakı Heydər Əliyev prospekti ən gözəl ünvanlardan biridir. Bu prospekt də sanki yenidən qurulub. Prospekt rayon hərbi komissarlığının, energetika idarəsinin yerləşdikləri müasir tipli inzibati binalardan başlanır və xalqımızın ümummilli lideri Heydər Əliyevin şərəfinə ucaldılan əzəmətli panno-abidəyədək uzanıb gedir. Yol boyunca yeni-yeni inşa olunan obyektlər az deyil. Köhnə binaların birinin yerində YAP-ın rayon təşkilatı üçün yeni inzibati bina tikilib.

"Bahar" kinoteatrı əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Üçmərtəbəli, müasir tipli orta məktəb binası, mədəniyyət sarayı, "Kapital Bank"ın rayon filialı, DSMF-in rayon şöbəsi, şahmat məktəbi üçün inşa olunan inzibati binalar da öz arxitektura üslubları ilə seçilir.

Prospektə xüsusi gözəllik bəxş edən obyektlərdən biri Heydər parkıdır. Bu il iyun ayında - Milli Qurtuluş Günü ərəfəsində istifadəyə verilən obyekt gözəlliyi ilə diqqəti cəlb edir. Park əhalinin asudə vaxtının səmərəli təşkilində əhəmiyyətli rol oynayır. Bu obyekt yaradılarkən dünyanın qabaqçıl ölkələrinə məxsus şirkətlərin avadanlıqlarından, qurğularından istifadə olunub.

2,5 hektara yaxın ərazini əhatə edən mədəniyyət və istirahət parkının giriş və çıxış hissələrində inşa olunan tağbənd qapılar ona özgə görkəm verir. Daxildə iki fəvvarə quraşdırılıb. Mərkəzi hissədə inşa olunan böyük qurğu üçpilləlidir. Ərazidə çoxlu gül-çiçək əkilib, yaşıllıq salınıb. Bir sözlə, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Şəhər məscidi də müasir layihə əsasında inşa olunur. İki minarə və üç qübbədən ibarət olan məscid binasının inşasında milli memarlıq üslubu əsas tutulmaqla qonşu xarici dövlətlərin təcrübəsindən geniş istifadə olunur.

Dəmir yolu vağzalından yuxarı hissədə görülən işlər də diqqəti cəlb edir. Ötən illərə qədər Şəhriyar küçəsi də ensiz və darısqal idi. Son üç ildə burada xeyli quruculuq işləri aparılıb. Rayon maliyyə şöbəsi, 1 və 2 saylı dairə seçki komissiyaları üçün inşa olunan inzibati binalar da burada yerləşir.

Ötən ilin əvvəlindən bu ünvanda Milli Olimpiya Komitəsinin sifarişi ilə Şərur Olimpiya İdman Kompleksi inşa olunur. Kompleks 8 hektara yaxın ərazini əhatə edir. Olimpiya idman kompleksinin əsas korpusunda müasir idman alətləri və qurğuları ilə təmin olunan ayrı-ayrı məşq zalları, üzgüçülük salonu, örtülü idman zalı fəaliyyət göstərəcək. Örtülü zaldan əsasən idmanın voleybol və basketbol növləri ilə məşğul olanlar istifadə edəcəklər.

2500 nəfər tamaşaçı tutacaq yaşıl örtüklü stadion da kompleksə xüsusi gözəllik gətirir. Bu meydança da müasir idman qurğuları və avadanlıqları ilə təmin olunub. Bundan əlavə, kompleksdə tennis kortu, süni örtüklü minifutbol və voleybol meydançaları və digər yardımçı obyektlər də fəaliyyət göstərəcək.

Obyektin həyətində 4 min ədəd həmişəyaşıl ağac tingi və 30 min ədəd həmişəbahar gül kolu əkilib.

Yaxın vaxtlarda rayon mərkəzində istifadəyə veriləcək obyektlərdən biri akademik Əhməd Mahmudov adına Şərur Türk Liseyinin tədris korpusudur. O, muxtar respublikanın ən qabaqcıl təhsil ocaqlarından biridir. Bu təhsil müəssisəsinin xidmətindən qonşu rayonların sakinləri də istifadə edir.

Rayon mərkəzində həyata keçirilən quruculuq tədbirləri heç də bu sadalananlarla bitmir. Şəhərin ayrı-ayrı yerlərində müasir layihələr əsasında 168 yerlik uşaq bağçası inşa olunur.

Avtovağzal binası isə son vaxtlarda istifadəyə verilən obyektlərdəndir. Burada gün ərzində 2 min nəfərə yaxın sərnişinə xidmət göstəriləcək. Naxçıvan-Sədərək magistral yolundan Şərur şəhərinə uzanan dördzolaqlı avtomobil yolunda aparılan əsaslı təmir və yenidənqurma işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Rayon mərkəzində meyvə-tərəvəz məhsullarının saxlanılması üçün tutumu 440 ton olan, üçkameralı soyuducu anbarın istifadəyə verilməsi əhalinin ürəyincə olub.

Hazırda şəhərdə istilik, su və kanalizasiya xətlərinin yeniləşdirilməsi istiqamətində ardıcıl işlər görülür, bir çox ictimai yaşayış binalarında isə əsaslı təmir və yenidənqurma işləri aparılır.
Bir sözlə, dünənə qədər şəhər tipli qəsəbəni xatırladan Şərur şəhəri təkcə öz görkəmini dəyişməyib. Onun "statusu"nda da artıq yeniliklər duyulur. 7 min nəfərə yaxın sakini olan bu şəhər muxtar respublikanın qərb bölgəsində yerləşən digər rayonlar - Sədərək və Kəngərli üçün də bir növ, regional mərkəzə çevrilir. Yeni yaradılan infrastruktur sahələri də bu cür düşünməyə əsas verir.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2009.- 4 iyul.- S. 7.