Göygölün qədim abidələri

 

Səfalı Hacıkənd, gözəl Göygöl əsl abidələr diyarıdır. Hər addımda tarixin bir izi, bir nişanəsi yaşayır. Vətəni qəlbən sevənlər torpağa, tarixə hörmətlə, məhəbbətlə yanaşanlar ilk öncə bu abidələrə üz tuturlar, onları öyrənməyə, qorumağa, yaşatmağa çalışırlar. Lakin bir zaman laqeydlik üzündən bu ulu abidələrin bir hissəsi unudulmuş, nəzər-diqqətdən kənarda qalmışdı.

Unudulan", yaddan çıxan abidələr hansılardır?

Balçılı kəndi səmtində uca dağların başında iri bir qala-kompleks uzaqdan diqqəti cəlb edir. Bu, Qız qalasıdır. Tarixini, taleyini bilmək üçün Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan abidələrin siyahısına baxdıq. Təəssüf, çox təəssüf ki, belə bir möhtəşəm qalanın adını tapa bilmədik.

Günlərin birində Göygöl rayon sakini Namaz Quliyevlə birlikdə Qırıxlı-Balçılı bölgəsinə getdik. Çölləri, meşələri, gədikləri, dolayları adlayıb dağların başına çıxdıq.

Qala nə qala! Yığcam bir şəhərcik! Dörd-beş qala və qalaça bir-birinə söykənib, sanki illər, əsrlər boyu dost-dosta dayaq durub. Daxili yollar, dairəvi sal divarlar dağların başında əzəmətlə ucalır. İrəli-geri boylanırıq. Öndə geniş bir vadi, başda Balçılı kəndi, bir az qabaqda qədim Gəncə! Hər yan apaydın görünür.

Qalanın arxasında isə əzəmətli dağlar, dərələr, döngələr boyu qıvrıla-qıvrıla cığırlar, yollar uzanır. Qalanın ətrafında - orada-burada xaraba yerləri görünür. Təpələrin arxasından uçuq barılar "boylanır". Ortada isə dupduru kəhriz.

Qəribədir, belə bir abidənin adı mühafizə siyahısında niyə yoxdur? Məgər bu cür şəhər-qalanı görməmək olar?

Göygöl rayonunda bu cür "unudulan", yaddan çıxan qalalar, qalaçalar, körpülər, məbədlər, abidələr, təəssüf ki, az deyil. Qızılca çayı üzərindəki iki körpü, Göygöl yolunun üstündəki məbəd, Üçbulaq, Zurnabad, Yeni Zod kəndlərindəki və digər yerlərdəki alban kilsələri və s. illər boyu nəzər-diqqətdən kənarda qalıb.

Göygöl şəhərinin özü bütövlükdə tarixin bir yadigarıdır. Buradakı altı küçə neçə yüz il əvvəl elə səliqə-sahmanla salınıb ki, baxırsan, hər bina bir abidədir. Zirzəmilərdə yay-qış havanın hərarəti 16-18-dən yuxarı qalxmır. Kanalizasiya sistemi elə qurulub ki, onun yönünü, sonunu indi də tapmaq olmur. Evlərin də hərəsi sanki bir sənət əsəri. Çoxu 1872-1885-ci illərdə tikilib. Üstündə tarixləri, sahiblərinin adları, soyadları... Təqribi hesablamalara görə, şəhərdə yüzlərlə bu cür bina mövcuddur. Belə bir qədimi məkanda mühafizə üçün siyahıya cəmi 31 abidə qeydə alınıb. Bəs qalanları necə olsun?

Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Verdiyeva deyir ki, əlbəttə, bu, tamamilə yalnış rəqəmdir. İcra hakimiyyətinin təşəbbüsü ilə son vaxtlarda dəqiqləşdirmə aparmışıq.

Rayon üzrə 379 abidə üzə çıxarılıb. Onların əhəmiyyət dərəcələrinə görə siyahıya alınması üçün müvafiq sənədləri Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişik. Bir qədər geniş mənada götürsək, Göygöl şəhərinin özü bütövlükdə gözəl bir bölgə, tarixi məkan kimi diqqəti cəlb edir. Bura gələn turistlərin sayı ilbəil artır. Ona görə də biz məsələ qaldırmışıq ki, Göygöl şəhərinin mərkəzi hissəsi dövlət qoruğu elan edilsin.

Göygölün "unudulan", yaddan çıxan abidələrinin hər biri tarixinə, taleyinə, memarlıq görkəminə görə diqqəti cəlb edir. Bu abidələrin dövlət tərəfindən mühafizəsinin, tədqiqinin, təbliğinin təşkili vacibdir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2009.- 4 iyul.- S. 6.