Şəmkir yenidən qurulur və tikilir

 

Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı respublikamızın uğurlu iqtisadi inkişafının yeni mərhələsi üçün böyük stimul yaratmışdır. Həmin proqramda nəzərdə tutulan tədbirlərin icrasına Şəmkirdə də start verilmişdir.

Yeni sənaye müəssisələrinin, zavod və fabriklərin, Şəmkir və Yenikənd SES kimi elektrik stansiyalarının hesabına rayonun sənaye potensialı nəzərəçarpacaq dərəcədə artmış, təzə yaşayış massivləri salınmış, daimi iş yerləri yaradılmış, əhalinin sosial-məişət şəraiti xeyli yaxşılaşmışdır. Bu uğurların əsası 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyev hakimiyyətdə olarkən qoyulmuşdur. O illərin yadigarı olan milli ornamentlərə uyğun tikilmiş inzibati binalar, şərab, şampan və üzüm emalı müəssisələri, Zəyən Maşınqayırma Zavodu, trikotaj fabrikləri, daş karxanası, Dəllər Dəmir-Beton Materialları Kombinatı, asfalt zavodu, Kür çayının üstündə ucaldılan Şəmkir və Yenikənd su elektrik stansiyaları, bunun nəticəsində yaradılmış balıqçılıq sənayesi, eləcə də onlarca bu kimi müəssisə bu gün də rayonun iqtisadi inkişafında və sosial həyatında müstəsna əhəmiyyətə malikdir.

Ölkəmiz müstəqillik qazanandan, daha doğrusu, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra torpaqlar sahiblərinə verilmiş, islahatlar uğurlu həllini tapmış, sahibkarlığın inkişafı üçün münbit şərait yaradılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlərin olması kəndlini torpağa möhkəm bağlayıb. Yaz-yay fəslində təsərrüfat adamlarının qayğıları daha da çoxalır. Dövlət səviyyəsində göstərilən güzəştlər sayəsində özəl sektor inkişaf edir. Sahibkarlığın inkişafı məqsədilə dövlət tərəfindən yaradılmış əlverişli şəraitdən bəhrələnən şəmkirlilərin zəhmətsevərliyi sayəsində 2008-ci ildə rayonda ümumi məhsul istehsalının həcmi 125 milyon manatdan çox olmuşdur. Əmtəə dövriyyəsinin həcmi 152 milyon manatı ötmüşdür. Ötən il rayonda 54 min 566 ton taxıl, 102 min 287 ton kartof, 116 min 27 ton tərəvəz istehsal olunmuşdur. İqtisadiyyatın inkişafı rayonun büdcəsinə də müsbət təsir göstərmişdir. Büdcə gəlirləri 8 milyon 320 min manat, büdcə xərcləri 32 milyon 364 min manat olmuşdur.

Sovet dönəmindən fəaliyyəti dayandırılmış, baxımsızlıq ucbatından bərbad hala düşmüş Dəllər Dəmir-Beton Materialları Kombinatı ulu öndər Heydər Əliyevin qayğısı sayəsində yenidən həyata qaytarıldı. İndi burada dünya bazarına vəsiqə almış məhsullar istehsal olunur. Neçə-neçə köhnə şərab emalı müəssisəsi əvvəlki fəaliyyətini bərpa edib. Boz dağın ətəklərində Qarayazı meşələrinin qoynuna sığınan Şəmkir və Yenikənd su elektrik stansiyaları tam gücü ilə işləyir. Yeni yolların salınmasında, təmirində rayondakı asfalt zavodu kollektivinin əməyi daha çoxdur. Bazar iqtisadiyyatının tələbləri baxımından yaradılmış qum-çınqıl istehsalı sahələrinin, kərpic sexlərinin, məişət avadanlıqları hazırlayan obyektlərin, günün tələbləri ilə səsləşən ticarət mərkəzlərinin, müasir texnoloji standartlara cavab verən zavod və fabriklərin, şirkət və firmaların yaradılması, bir tərəfdən də ölkə rəhbərliyinin bu işlərin sürətli gedişinə qayğı və dəstəyi əhalidə xoş ovqat yaradıb. Onlar dövlətə və dövlətçiliyimizə daha böyük inamla xidmət etməyə çalışırlar.

Bütün bunları Azərbaycan Prezidenti İlham Əliyev cari ilin may ayında ölkəmizin qərb bölgəsində - Şəmkirdə olarkən bir daha müşahidə etdik. Rayon ictimaiyyəti ilə görüşərkən cənab İlham Əliyev aparılan tikinti-quruculuq və abadlıq işlərindən razı qaldığını bildirdi. Şəmkir SES və Yenikənd SES-lə rəqabətə girə biləcək Şəmkir çayı üzərində inşa ediləcək dəryaçanın təməlqoyma mərasimində iştirak etdi. Yaradılacaq dəryaçanın tikintisini ulu öndər Heydər Əliyev bu bölgə üçün çox vacib hesab edirdi. Su anbarı ilə yanaşı, burada su elektrik stansiyası, əsas kanal, qidalandırıcı kanal, sol və sağ sahil kanalları inşa olunacaqdır. Bu layihənin həyata keçirilməsi ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 500 min 122 hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq, illərlə su üzünə həsrət qalan 20 min 834 hektar sahəyə su veriləcək. Şəmkir çayı üzərində quraşdırılacaq su elektrik stansiyasının illik enerji hasilatı 56 milyon kilovat-saat təşkil edəcək. Bu tikinti zamanı minlərlə insan işlə təmin olunacaq.

Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində tarixən üzümçülük və şərabçılıq rayonu kimi tanınmış Şəmkirin bu sahədə itirilmiş şöhrəti də özünə qaytarılır. Sovet dönəmindən qalmış üzüm bağları 1989-1992-ci illərdə ölkədə yaranmış xaos və hakimiyyətsizlik nəticəsində dağıdılmış və məhv edilmişdir. Bir neçə il öncə Şəmkirin müxtəlif ərazilərində Fransa, İran və Gürcüstandan gətirilmiş, habelə yerli məhsuldar tinglər hesabına yeni üzüm plantasiyaları salınmışdır. Ənənəvi istehsal sahəsi olan şərabçılığın və üzümçülüyün inkişaf etdirilməsi istiqamətində 2006-cı ildə "Şərq ulduzu" MMC yaradılıb. Bu şərab zavodu ən müasir texnologiyaların tətbiqi əsasında qurulub. Hazırda burada 7 növ şərab emal edilir. Müəssisənin təsərrüfatında süfrə üzümünün yetişdirilməsinə də başlanılıb. Ordubad və Urmiyadan gətirilən kişmişi üzüm tinglərinin əkildiyi bağlardan keyfiyyətli bol məhsul gözlənilir.

Müəssisədə istehsal olunan şərablar 2008-ci ildə Moskvada keçirilən II Beynəlxalq festivalda qızıl, gümüş və qran-pri mükafatlarına layiq görülüb. Zavodda bu ildən yeni sex işə salınıb. Avadanlığı Almaniyadan gətirilən yeni sexdə sutkada 7 ton konyak üçün xammal emal edilir. Zavodda tikinti-quruculuq işləri indi də davam etdirilir. Müəssisənin ərazisində əlavə yeni yardımçı binalar tikilir.

Bütün bölgələrdə olduğu kimi, Şəmkirdə də idmanın inkişafına xüsusi diqqət yetirilir. İki il öncə Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-duası ilə təməli qoyulan Şəmkir Olimpiya Kompleksinin bir neçə ay əvvəl istifadəyə verilməsi gənclərin ürəyincə olmuşdur. İpək yolunun üstündə tikilən, yerli və Avropa memarlıq ənənələrini özündə əks etdirən bu Olimpiya kompleksinə gələn gənclərin, yeniyetmələrin sayı getdikcə çoxalır.

Bəli, Şəmkir yenidən qurulur, yenidən tikilir. Rayonun mərkəzində, kənd və qəsəbələrində abadlıq-quruculuq və yaşıllaşdırma işləri geniş vüsət alıb. Yeni məhsul istehsal etmək üçün dünya standartlarına uyğun emal müəssisələri yaradılır, köhnə zavod və fabriklər əsaslı təmir olunaraq müasirləşdirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə xəstəxanalarda əsaslı təmir işləri aparılır. Laboratoriya və şöbələr müasir avadanlıqla təchiz olunur. Rayon icra hakimiyyəti və yerli təşkilatlar daxili qüvvələri səfərbərliyə alaraq kənd və qəsəbə məktəblərində təmir-tikinti işlərini keyfiyyətlə başa vurmağa çalışırlar.

Şəmkirdə aparılan quruculuq işlərindən razı qalan ölkə Prezidenti İlham Əliyev demişdir: "Şəmkirin ümumi inkişafı çox ürəkaçandır. Burada gözəl işlər görülür, yeni müəssisələr, iş yerləri açılır, şəhər abadlaşır..."

Ölkə rəhbərinin Şəmkirə və şəmkirlilərin ünvanına söylədiyi bu xoş sözlər onlarıın qurub-yaratmaq əzmini daha da artırıb.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2009.- 4 iyul.- S. 6.