Çingiz Mustafayev adına uşaq istirahət düşərgəsi balacaların sevimli məkanıdır

 

Hər il məktəblilər yay tətili günlərini böyük səbirsizliklə gözləyirlər. Kimisi şəfalı istirahət məkanlarında, kimisi kənddə - doğmalarının yanında, kimisi də Bakıda qalaraq Xəzər sahilindəki qumluqlarda dincəlməyə üstünlük verir. Yeniyetmələrin üz tutduğu sevimli yerlərdən biri də Bakının Şüvəlan qəsəbəsində yerləşən Daxili İşlər Nazirliyinin Ç.Mustafayev adına uşaq istirahət düşərgəsidir.

Burada dincələn balacaların bir günü ilə yaxından tanış olmaq məqsədilə düşərgəyə yollandıq. Həyətə daxil olarkən eşitdiyimiz şən gülüş sədaları, uşaqların voleybol, futbol və tennis oynamaları, elə ilk andaca bizdə xoş təəssürat yaratdı. Düşərgənin direktoru Raqif Şirəliyevlə söhbətimiz zamanı dedi ki, əvvəllər bura Y.Qaqarin adına pioner və məktəblilər düşərgəsi adlanırdı. 1992-ci ildə istirahət ocağına Milli Qəhrəman Ç.Mustafayevin adı verildi.

Düşərgədə uşaqların yay mövsümünün şən və maraqlı keçməsi üçün bütün lazımi şərait yaradılmışdır. ANS şirkətlər qrupu buranı ən müasir musiqi aparaturaları ilə təmin etmişdir. Hər il burada 300 uşaq dincəlir. 100 yerlik düşərgə üç qrupda - iyunun 7-dən 28-nə, iyulun 5-dən 26-na və avqustun 2-dən 23-nə kimi məktəbliləri öz qoynuna alır.

İstirahət düşərgəsində 500 nüsxədən çox fondu olan kitabxana, 150 nəfərlik yeməkxana, musiqi, idman zalları, istirahət otaqları və digər əyləncə yerləri fəaliyyət göstərir. Yeməkxananın açılışında daxili işlər naziri Ramil Usubov iştirak etmiş, uşaqlara yaradılan şəraitdən razı qaldığını bildirmişdir. Məktəblilərin ən çox sevdikləri futbol, basketbol və tennis oyunlarıdır.

Sakit və isti havalarda onlar dənizdə çimməyi, şəfalı qumluqlarda uzanaraq istirahət etməyi xoşlayırlar. Bu baxımdan, Bakıda və onun ətraf ərazilərində yeganə istirahət yeri olan bu düşərgə olduqca əlverişlidir. İstirahət ocağı təmirli, hər cür avadanlıqla təchiz edilmiş bir korpusdan ibarətdir.

Daxili İşlər Nazirliyi tərəfindən düşərgəyə ayrılan vəsaitin həcmi ilbəil artırılır. Belə ki, 2007-ci ildə 20 min, 2008-ci ildə 25 min, 2009-cu ildə isə 40 min manat vəsait ayrılaraq düşərgədə uşaqların mənalı istirahətinə və düzgün qidalanmalarına yönəldilmişdir. Hər gün uşaqlara ağartı məhsulları, meyvə və meyvə şirələri, şirniyyat, isti xörəklər verilir. Dincələnlər və onlara verilən qida məhsulları daim həkimlərin nəzarəti altındadır. Bu ərzaq məhsulları DİN-nin bütün obyektlərini qida məhsulları ilə təchiz edən bazadan gətirilir. İstirahət düşərgəsində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçməsi üçün müvafiq iş planı tərtib edilmişdir. Həmin plana əsasən uşaqlar arasında yaş səviyyəsinə görə maraqlı oyunlar və yarışlar, intellektual qabiliyyətlərini artırmaq məqsədilə müsabiqələr keçirilir və qaliblər düşərgənin diplomu ilə mükafatlandırılırlar. Yeniyetmələr müəyyən vaxtlarda gəzməli, görməli yerlərə səyahətlər edirlər. Onlarla söhbətimiz zamanı məlum oldu ki, ən çox sevdikləri yerlər Mərdəkan dendrarisi və dənizdir. Uşaqların istəklərini nəzərə alan düşərgə rəhbərliyi və tərbiyəçilər onları tez-tez həmin yerlərə aparırlar.

ANS şirkətlər qrupunun rəhbərliyi ayda bir dəfə düşərgədə böyük diskoteka təşkil edir və uşaqların arzusunda olduqları məşhur estrada müğənniləri rəngarəng proqramlarla çıxışlar edirlər. Ümumiyyətlə, sənət adamlarının hər dəfə düşərgəyə gəlişi toy-bayrama çevrilir. Onlar yaddaqalan mahnılarla yanaşı, uşaqlara kiçik hədiyyələr də gətirirlər. Düşərgənin balaca sakinlərinin hər gün musiqi zalında avadanlıqlar vasitəsilə istədikləri musiqiləri dinləmək imkanları var.

Düşərgənin öz avtobusu var. Yeniyetmələr gəzintilərə bu avtobusla gedirlər. İstirahət zonasının su, qaz və işıqla bağlı heç bir problemi yoxdur. Uşaqlar düşərgədə onların mənalı və şən istirahətləri üçün yaradılan şəraitdən razı qaldıqlarını bildirdilər. Hətta bəziləri 5-6 ildir ki, burada dincəldiklərini söylədilər. Biz uşaqlardan ayrılanda onları nahar yeməyi gözləyirdi. Daha sonra yatıb dincəlmək, istədikləri idman növləri ilə məşğul olmaq, yaxud musiqiyə qulaq asmaq, kitabxanada macəralar və qəhrəmanlıqlarla dolu kitab oxumaq, axşam isə onları kino zalında maraqlı bir film gözləyirdi... DİN-nin Ç.Mustafayev adına uşaq istirahət düşərgəsində dincələnlərin hər günü belə yadda qalacaqdı.

 

 

Adilə QOCAYEVA

 

Azərbaycan.- 2009.- 4 iyul.- S. 8.