"Caspian Server" təchizat gəmisi istismara verilmişdir

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanması (XDND) - "BYUİ Caspian" Alyansının inşa etdirdiyi "Caspian Server" təchizat gəmisinin istismara verilmə mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə ARDNŞ prezidenti Rövnəq Abdullayev iştirak etmiş, gəmi ilə yaxından tanış olmuşdur. R.Abdullayev bildirmişdir ki, ən müasir avadanlığa malik "Caspian Server" gəmisi Norveçin "SİMEK" zavodunda inşa edilmişdir. Gəmi Dinamik Tarazlaşma - DP2 sistemi ilə təchiz olunmuşdur. Gəminin uzunluğu 73,6 metr, eni 16 metrdir.

ARDNŞ prezidenti vurğulamışdır ki, gəminin istismara verilməsi əlamətdar bir dövrə təsadüf edir. 2009-cu il ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində "Əsrin müqaviləsi"nin imzalanmasının 15 illik, bütün dünyada estakadalar şəhəri kimi tanınan Neft Daşlarının 60 illik yubileyləri ilidir. Bundan əlavə, Neft Daşlarının tikintisində, ümumiyyətlə, bütün dəniz yataqlarının mənimsənilməsində əvəzsiz rol oynayan Milli Neft Donanmasının 60 illik, o cümlədən XDND-BYUİ Alyansının yaranmasının 10 illik yubileyləri qeyd ediləcəkdir.

R.Abdullayev diqqətə çatdırmışdır ki, XDND ilə Böyük Britaniyanın "BYUİ" şirkətinin yaratdığı alyans tərəfindən hazırda 14 gəmi istismar olunur. Bunlardan 11-i yeni tikilərək və ya alınaraq Bakıya gətirilmişdir. Alyansın gəmilərində 300-dən çox yerli dənizçi fəaliyyət göstərir. 2010-cu ilin mayında alyans hazırda tikintisi davam etdirilən daha 2 yeni gəmini Bakıya gətirməyi nəzərdə tutur.

Sonda ARDNŞ prezidenti XDND-"BYUİ Caspian" Alyansının kollektivini və gəminin heyətini təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.

 

 

Azərbaycan.- 2009.- 4 iyul.- S. 5.