Götürdüyü öhdəliklərə daim sadiq tərəfdaş

 

Azərbaycan qazının Rusiyaya satışı ilə bağlı aparılan danışıqların bu günlərdə uğurlu sonluğa yetişməsi - hər iki ölkənin dövlət rəhbərlərinin Bakıda saziş imzalaması respublikamızın regionun enerji təhlükəsizliyi sisteminə daha bir mühüm töhfəsi sayıla bilər. Faktiki olaraq indiyədək Türkiyə, İran, Yunanıstan və Gürcüstanı əhəmiyyətli həcmdə qazla təmin edən respublikamızın Rusiyaya qaz nəqlinə başlaması təkcə iqtisadi-kommersiya deyil, həm də siyasi baxımdan mühüm əhəmiyyətə malikdir.

Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana son səfəri zamanı əldə edilmiş yekun razılığa əsasən, Azərbaycan Rusiyaya hər 1000 kubmetri 350 ABŞ dolları olmaqla, ildə 500 milyon kubmetr mavi yanacaq ixrac etməlidir. 5 illik müqavilənin rəsmi Bakının maraqlarına cavab verən şərtlər əsasında imzalanması göstərir ki, respublikamız istənilən məsələdə, o cümlədən təbii sərvətlərindən səmərəli istifadədə ilk növbədə xalqın milli mənafeyini əsas götürür. Enerji sahəsində əməkdaşlığın sivil kommersiya prinsiplərinə, beynəlxalq normalara əsaslanması vacibliyini dəfələrlə bəyan etmiş Azərbaycan iqtidarı təbii sərvətlərin satışı zamanı ədalətli qiymət faktorunu da xüsusi diqqətə çəkir. Son illərin reallıqları göstərir ki, məhz təbii sərvətlərin ixracı zamanı qiymətlərin adekvat olmayan səviyyədə - bəzən də "siyasi təzyiq rıçağı" kimi qaldırılması dövlətlər arasında ciddi anlaşılmazlıqlara, diplomatik gərginliklərə gətirib çıxarır. Rusiyanın məhz bu səbəbdən 2005-2009-cu illərdə bir sıra Avropa dövlətləri ilə, o cümlədən Gürcüstan, Ukrayna və Azərbaycanla problemləri meydana çıxıb.

Hələ 2004-cü ildə Azərbaycan "Qazprom"la qazın hər 1000 kubmetrinə görə 60 dollardan 5 illik müqavilə imzalasa da, 2005-ci ilin sonunda həmin şirkət birtərəfli qaydada müqavilənin şərtlərini pozmuş, 2006-cı ildə qiymətini 110 dollara qaldırmışdı. 2006-cı ilin sonunda isə "Qazprom" qiymətləri növbəti dəfə birtərəfli qaydada qaldıraraq 235 dollara çatdırmışdı. Lakin Azərbaycan Prezidenti İlham Əliyev bu qeyri-adekvat yanaşmaya etiraz olaraq qətiyyətli mövqeyini ortaya qoymuş, Rusiya qazından imtina etmişdi: "...Rusiya tərəfi yenidən qiyməti iki dəfədən çox, 235 dollara qaldırırsa, biz burada artıq Rusiya-Azərbaycan münasibətlərinin ruhuna uyğun gəlməyən yanaşma, dissonas görürük və bu, təəssüf doğurur... Rusiya şirkəti qazın qiymətini istədiyi səviyyəyə, lap 500 dollara qaldıra bilər, bu onun hüququdur. Amma bizim də belə təklifdən imtima etmək hüququmuz var. Azərbaycan artıq o ölkə deyil ki, onu nəyəsə məcbur etmək mümkün olsun. Bizim ölkə, Ermənistandan fərqli olaraq, heç kimdən asılı deyil, qışda da soyuqdan donmayacağıq, çünki özümüzü təmin edə biləcək imkandayıq. Ona görə də mən razı ola bilmərəm ki, Azərbaycan iqtisadi-kommersiya şantajı elementlərinə məruz qalsın".

Azərbaycan regionun iri neft və qaz hasilatçısı olaraq bütün iqtisadi və siyasi öhdəliklərə əməl olunmasını qarşılıqlı faydalı əməkdaşlıqda vacib amillərdən biri kimi dəyərləndirir. Rəsmi Bakı siyasi və iqtisadi öhdəliklərinə daim sadiq qalaraq qiymət mübahisələrinin baş verməməsinə, istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında sivil və işgüzar münasibətlərin qurulmasına çalışır. Dövlət başçısı İlham Əliyev neftin, qazın idxalı və ixracı məsələlərinin siyasiləşdirilməsinin əleyhinə olduğunu vurğulamaqla yanaşı, enerji təhlükəsizliyinin təmini işində istehsalçılar, istehlakçılar və tranzit ölkələr arasında əməkdaşlığı da vacib sayır. Praqmatik və realist siyasətçi kimi daim vurğulayır ki, enerji təhlükəsizliyi təkcə istehlakçılar üçün yox, eyni zamanda istehsalçılar üçün, tranzit ölkələr üçün təhlükəsizlik deməkdir. Bu üç tərəf arasında əməkdaşlıq şəffaf, beynəlxalq təcrübəyə uyğun olmalı, bazar iqtisadiyyatı, sağlam rəqabət prinsipləri əsasında qurulmalıdır. İstehsalçı, istehlakçı və tranzit ölkələr arasında əməkdaşlığın sivil normalara əsaslanması, alqı-satqı məsələlərində qiymətlərin ədalət prinsipi ilə razılaşdırılması isə uzunmüddətli əməkdaşlığın vacib şərtlərindəndir.

Rusiya Prezidenti Dmitri Medvedevin sırf qaz razılaşması ilə bağlı Bakıya gerçəkləşən işgüzar səfəri isə həm də respublikamızın regiondakı yüksək nüfuzunun, özünəinamının, bərabərhüquqlu əməkdaşlıq əzminin ifadəsi sayıla bilər. Son bir ildə Rusiyanın dövlət başçısının iki dəfə Bakıya səfər etməsi həm də onu göstərir ki, Rusiya forpostu saydığı Ermənistandan fərqli olaraq, Azərbaycana ciddi iqtisadi tərəfdaş, bərabərhüquqlu iqtisadi partnyor kimi yanaşır. Rusiyaya mavi yanacağın nəqli ilə bağlı danışıqlar prosesində bunu bir daha əməli işlə sübuta yetirən rəsmi Bakı hansısa dövlətə neftin, yaxud qazın nəqli məsələsində optimal kommersiya şərtlərini əsas götürür, siyasi mülahizələrə yol vermir.

Azərbaycan neft kəmərlərinin şaxələndirilməsi məsələsini təkcə iqtisadi və kommersiya baxımından deyil, həm də siyasi baxımdan vacib sayır, bəzi istehsalçı və tranzit dövlətlərin öz üstünlüyündən təsir vasitəsi kimi istifadə cəhdlərinə qarşı çıxır. Respublikamızın boru kəmərlərinin şaxələndirilməsi siyasətinə üstünlük verdiyini deyən dövlət başçısı İlham Əliyev Rusiyaya qaz ixracının Azərbaycan üçün kommersiya prinsipləri baxımından cəlbedici olduğunu da diqqətə çəkir. Belə ki, neft və qazın ixrac marşrutlarının artması Azərbaycanın manevr imkanlarını genişləndirməklə yanaşı, ona bu sahədə müstəqil siyasət yeritmək, hansısa dövlətdən asılı olmamaq imkanı verir. Məhz bu baxımdan dövlət başçısı İlham Əliyev Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının Qərbə nəqlində boru kəmərlərinin şaxələndirilməsi, mümkün qədər çox alternativlərin yaradılmasını vacib sayır. Mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması araşdırılır. Dünya bazarlarına birbaşa çıxışı olmayan respublikamız üçün bu, strateji əhəmiyyətli məsələdir. Rusiyaya qazın nəqlinə gəlincə, bu, Azərbaycan üçün kommersiya baxımından ikiqat sərfəlidir. Qazın Rusiyaya satışının əsas texniki-iqtisadi üstünlüyü isə iki qonşu dövlət arasında qaz boru kəmərinin mövcudluğudur. İki dövlət arasında vaxtilə çəkilmiş qaz kəməri ildə təxminən 10 milyard kubmetr mavi yanacağın nəqlinə imkan verir.

Dövlət başçısı İlham Əliyev dəfələrlə bildirmişdir ki, mavi yanacağın dünya bazarlarına çatdırılması baxımından əlverişli marşrutların yaradılması Azərbaycan üçün prinsipial məsələdir. Çünki təsdiqlənmiş minimum ehtiyatları 2 trilyon kubmetr, perspektiv ehtiyatları 5 trilyon kubmetr olan Azərbaycanın tranzit məsələləri üzündən malik olduğu qazı hasil etmək imkanları məhduddur. "Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk neft kəmərləri - onların hamısı bu gün işlək vəziyyətdədir, Azərbaycan neftini müxtəlif istiqamətlərə ixrac edir. Bakı-Tbilisi-Ərzurum, Bakı-Rusiya, Bakı-İran, Bakı-Gürcüstan qaz kəmərləri. Bu dörd kəmərdən üçü bu gün işlək vəziyyətdədir və üç kəmər vasitəsilə Azərbaycan qazı ixrac edilir. Yəni, Azərbaycanın enerji, neft və qaz potensialının şaxələndirilməsi məsələlərini biz tam şəkildə həll edə bilmişik. Dünya bazarına birbaşa çıxışı olmayan ölkə üçün bu, həlledici məsələdir. Neft-qaz sərvəti nə qədər olursa-olsun, bunları dünya bazarına çıxarmaq mümkün olmadığı təqdirdə onun heç bir mənası yoxdur", - deyə cənab İlham Əliyev bildirir.

Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanın Rusiyaya qaz satışı hazırkı reallıqda geosiyasi amillərlə bağlı olmayıb sırf sivil iqtisadi əməkdaşlıq prinsiplərinə əsaslanır. Əldə olunmuş razılaşma da göstərir ki, Rusiyaya təbii qazın satışı zamanı Azərbaycan xalqının və dövlətinin iqtisadi mənafeyi maksimum dərəcədə önə çəkilmişdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Rusiya ilə Azərbaycan neft və elektrik enerjisi sahəsində mövcud olan ənənəvi əməkdaşlığa mavi yanacaq komponenti də əlavə olunub.

Rusiyanın Azərbaycanla enerji sahəsində əməkdaşlığa xüsusi maraq göstərməsi isə ilk növbədə respublikamızın mövcud imkanları ilə şərtlənir. Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində Azərbaycan bu gün regionda hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir. Respublikada uğurla həyata keçirilən enerji siyasətinin məqsədi Azərbaycanın dünya bazarına çıxışını artırmaq, həmin bazarlar üçün alternativ mənbə yaratmaq, habelə dünya bazarına çıxışın şaxələndirilməsini təmin etməkdən ibarətdir və bu da beynəlxalq ictimaiyyətin maraqlarına tamamilə cavab verir.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2009.- 5 iyul.- S. 1.