Azərbaycan-İsrail əlaqələrində keyfiyyətcə yeni mərhələ açılır

 

İsrail Prezidenti Şimon Peresin Bakıya rəsmi səfərinin yekunları ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə keyfiyyətcə yeni mərhələdə inkişaf etdiyini, qarşılıqlı inam və etimadın gücləndiyini bir daha təsdiqləyir. Səfərin ümumi xarakteri deməyə əsas verir ki, bu gün İsrail Azərbaycanın Yaxın Şərqdəki ən yaxın və etibarlı müttəfiqlərindən birinə çevrilmişdir.

Eyni zamanda İsrail dünya enerji sektorunda mühüm mövqelərə çıxan respublikamızla əməkdaşlığın dərinləşdirilməsinə səmimi maraq göstərərək bu istiqamətdə bütün zəruri addımları atır.

İki dövlət arasında münasibətlərin strateji müstəvidə inkişafına təkan verən amillərdən biri də İsrailin Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən olmasıdır. 1992-ci ilin 6 aprelində isə ölkələrimiz arasında diplomatik əlaqələrin əsası qoyulmuş, əməkdaşlıq istiqamətində bir sıra addımlar atmışdır. Lakin etiraf etmək lazımdır ki, Yaxın Şərqdəki gərgin vəziyyət, o cümlədən İsrailin bəzi ərəb dövlətləri ilə gərgin münasibətləri ölkələrimiz arasında münasibətlərin dinamik inkişafı baxımından uzun illər psixoloji baryerə çevrilmişdir. Buna rəğmən, respublikamızda yaşayan yəhudilər Azərbaycanı özlərinə vətən saymış, ikitərəfli humanitar əlaqələrin genişləndirilməsinə öz töhfələrini vermişlər. Azərbaycanda yaşayaraq sonradan İsrailə köçmüş yəhudilər də öz növbələrində xalqımızın tarixən formalaşmış yüksək mədəniyyətini, incəsənətini ölkələrində təbliğ etmişlər.

1991-ci ildə "Hayfa-Bakı" Cəmiyyəti İsrailin Hayfa şəhərində, yəhudi mənşəli Azərbaycan vətəndaşları qrupu tərəfindən yaradılmışdır. Cəmiyyətin məqsədi, Azərbaycandan olan vətəndaşların bir-birlərinə kömək göstərmək üçün birləşməsi və Bakı ilə mədəni əlaqələrin təmin edilməsidir. Cəmiyyət yanında Azərbaycan filmləri kinematikası fəaliyyət göstərir, həmyerli və Azərbaycandan gələn qonaqlarla, digər həmyerlilər birliklərinin nümayəndələri, Knessetin deputatları, İsrailin siyasi və ictimai xadimlərilə görüşlər keçirilir. 2001-ci ilin oktyabrında İsrailin Azərbaycanda səfirliyi açılandan sonra ikitərəfli münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələ başlanmış, rəsmi səviyyələrlə təmaslar güclənmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin də xarici siyasətdə əməkdaşlıq baxımından mühüm önəm verdiyi dövlətlərdən biri İsraildir. 2006-2009-cu illərdə iki ölkənin nazirlikləri, ayrı-ayrı dövlət qurumları arasında əməkdaşlıq daha da güclənərək iqtisadi, hərbi-texniki və humanitar istiqamətlərdə dinamik şəkildə inkişaf etmişdir. Bu gün İsrail Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars layihələrində Azərbaycanın əsas tərəfdaşlarından biri olmaqla yanaşı, neft-qaz resurslarının hasilatı üçün yeni təkliflərlə çıxış edir. İsrailin nüfuzlu şirkətlərindən "Batiman Litvin", "Tahal Qroup" Azərbaycanda müəyyən infrastruktur layihələrinin reallaşdırılması prosesinin iştirakçısıdır. Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasında da israilli iş adamlarının payı böyükdür. Azərbaycan, eyni zamanda, təhlükəsizlik xidməti sistemlərinin qurulması sahəsində də İsrailin geniş təcrübəsindən yararlanır. Azərbaycanın hava limanının təhlükəsizlik texnologiyalarının yaradılmasında İsrailin "Maqal" şirkəti öz töhfəsini vermişdir. Kənd təsərrüfatı, yeyinti sənayesi, meliorasiya layihələrində də İsrail şirkətləri fəal iştirak edirlər.

İsrail Azərbaycanda kənd təsərrüfatında da bir sıra layihələrin maliyyələşdirilməsində yaxından iştirak etmək niyyətindədir. Bu ölkənin kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətləri respublikamızın ərzaq təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi layihələrin reallaşmasında öz təcrübəsini bölüşmək istəyirlər. İsrailin turizm şirkətləri də ekoturizm üçün ölkədə əlverişli imkanların mövcud olduğunu nəzərə alaraq turizm obyektlərinin yaradılmasında təkliflərlə çıxış edirlər.

Hazırda İsrailin informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişaf səviyyəsinə görə dünyada lider dövlətlərdən biri olması Azərbaycanla bu sahədə əməkdaşlıq üçün yaxşı perspektiv açır. Təbii sərvətləri olmayan İsraildə ümumi daxili məhsulun 188 milyard dollar təşkil etməsi, adambaşına düşən gəlirin 26 min dollarını keçməsi məhz İKT sahəsindəki inkişafla şərtlənir. İstehsal olunan İKT məhsulları İsrailin ümumi daxili məhsulunda 10 faizdən çox yer tutur, bu ölkənin telekommunikasiya şəbəkələrində 150 mindən artıq işçi çalışır. İstehsal olunan məhsulun illik dövriyyəsi isə təxminən 15 milyard dollara bərabərdir. Azərbaycanın rabitə bazarını təhlil edən İsrail şirkətləri bu sahəyə də investisiya yatırmaq niyyətlərini bildiriblər. Azərbaycanlı mütəxəssislərin İsraildə simsiz texnologiyalar, peyk sistemləri, optik avadanlıqlar, internet və multimedia məhsulları sahəsində təcrübə keçməsi nəzərdə tutulub.

Son illər İsrail-Azərbaycan münasibətlərinin inkişafına xidmət edən bir sıra mühüm dövlətlərarası müqavilə və sazişlər də imzalanmışdır. İnvestisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında, o cümlədən nəqliyyat sahəsində əməkdaşlıq haqqında sazişlər bu sırada az əhəmiyyət kəsb etmir. İki ölkənin ali qanunverici orqanları arasında əlaqələr də kifayət qədər yüksək səviyyədədir, müvafiq parlamentlərarası qruplar fəaliyyət göstərir.

İsrail Prezidenti Şimon Peresin Bakıya rəsmi səfəri isə ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində ikitərəfli əlaqələrin hazırkı durumu və gələcək perspektivləri müzakirə olunmuş, biznes əlaqələrinin genişləndirilməsinin vacibliyi diqqətə çəkilmişdir. İsraillə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 2 milyard dollara yaxındır. Lakin tərəflər iqtisadi əməkdaşlıq üçün daha geniş potensialın olduğunu bildirirlər.

Azərbaycan Prezidenti İlham Əliyev İsrailin dövlət başçısı ilə görüşdə ölkələrimiz arasında əlaqələrin son illər daha da intensivləşdiyini razılıqla vurğulamış, ən müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu demişdir. "Bu gün biz ikitərəfli əlaqələrə dair vacib məsələləri, regional inkişaf məsələlərini, o cümlədən beynəlxalq əhəmiyyət daşıyan məsələləri nəzərdən keçirdik. İkitərəfli əlaqələr haqqında danışarkən əminəm ki, əlaqələrimiz bundan sonra daha da güclənəcəkdir. Bizim iqtisadi əməkdaşlığımızın çox yaxşı perspektivləri var. Bu gün belə məsələlər çox geniş formatda müzakirə olundu. İqtisadi münasibətlərimiz inkişaf edir və bu sahədə dövriyyəmiz 2 milyard dollara yaxındır. Zənnimcə, gələcək illərdə bu rəqəm daha da artacaq. Biz kənd təsərrüfatı, turizm, elm, texnologiyalar sahəsində əməkdaşlıq haqqında da danışdıq, səhiyyə sahəsinə də toxunduq. Əminəm ki, bu sahələrdə və bir çox digər yeni sahələrdə yaxşı həll variantlarını tapa bilərik ki, onlar bizi bir-birimizə daha yaxın etsin" - deyən dövlət başçısı İlham Əliyev əlavə etmişdir ki, yəhudi icması əsrlər boyu Azərbaycanda sülh və dostluq şəraitində yaşamışlar. Eyni zamanda, Azərbaycanda doğulan və sonradan İsrailə köçərək orada çalışan yəhudilər də ikitərəfli əlaqələrin inkişafında önəmli rol oynayır, respublikamızı təbliğ edirlər.

İsrail Prezidenti Şimon Peres öz növbəsində Azərbaycanın İsrailin regionda yaxın tərəfdaşı olduğunu vurğulamış, ikitərəfli əlaqələrin dinamik inkişafında rəsmi Bakının səylərini razılıqla qeyd etmişdir. İkitərəfli münasibətlərin strateji müstəvidə inkişafını təmin edən amillərdən biri də İsrail Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqe nümayiş etdirməsi, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini birmənalı dəstəkləməsidir. Prezident Şimon Peres demişdir: "İşğala baxmayaraq, siz öz mədəniyyətinizi və nikbinliyinizi qoruyub saxlaya bildiniz. Səkkiz milyondan çox əhalisi olan ölkədə bir milyon qaçqın və məcburi köçkün probleminin nə dərəcədə çətin məsələ olduğunu anlayıram. Bu, o deməkdir ki, hər 8 nəfərdən biri qaçqın və məcburi köçkündür. Siz bu məsələnin öhdəsindən lazımınca gəlirsiniz".

Səfər çərçivəsində keçirilmiş İsrail-Azərbaycan biznes forumu, habelə "Azərbaycan Respublikası hökuməti və İsrail dövləti hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası hökuməti və İsrail dövləti hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında" sazişlər ikitərəfli əlaqələrin perspektiv inkişafı baxımından vacib əhəmiyyət daşıyır.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2009.- 5 iyul.- S. 5.