İyulun 3-də Azərbaycanın
Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Voloqda vilayətinin
Çerepovets şəhərində olmuşdur. Azərbaycanın
Sankt-Peterburq şəhərindəki baş konsulluğundan
bildirmişlər ki, Çerepovets merinin müavini Nikolay
Savenkov ilə görüşdə Q.Osmanov səfərin Azərbaycanın
regionları ilə Voloqda arasında əlaqələrin
inkişafı və humanitar, mədəni münasibətlərin
möhkəmlənməsinə dair müzakirələr
aparmaq məqsədi daşıdığını söyləmişdir.
Baş konsul Azərbaycanda rus icmasının vəziyyətindən,
rus dilinə olan qayğıdan söhbət
açmışdır.
Voloqda vilayətindəki
Azərbaycan diasporu məsələsinə toxunan diplomat Azərbaycan
diasporunun yeniyetmə və gənc nəslinin son zamanlar ictimai
fəallığı haqqında danışmış, Leyla Əliyevanın
rəhbəri olduğu Rusiyanın Azərbaycanlı Gənclər
Birliyinin fəaliyyətini xüsusi
vurğulamışdır.
Çerepovets merinin
müavini Nikolay Savenkov regionla Azərbaycan Respublikası
arasında olan ticari-iqtisadi əlaqələrin yüksək
inkişaf tempindən danışmışdır.
Ulu öndər Heydər
Əliyevlə bağlı xatirələrini yada salan N.Savenkov
ümummilli liderin 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsində
çalışdığı dövrdə Çerepovets
şəhərində olduğunu yada salmış, görkəmli
dövlət xadiminin Voloqda vilayətinin
inkişafındakı rolunu vurğulamışdır.
Vilayətdəki Azərbaycan
vətəndaşlarının miqrasiya durumunu öyrənmək
məqsədilə Voloqda vilayəti federal miqrasiya xidmətinin
şöbə müdiri İrina Vinoqradova ilə
görüş keçirilmişdir. Azərbaycan diasporu rəhbərlərinin
də qatıldığı görüşdə İrina
Vinoqradova əvvəlki illərlə müqayisədə
miqrasiya qanunlarını pozan və qeyri-leqal fəaliyyət
göstərən Azərbaycan vətəndaşlarının
sayının azaldığını bildirmişdir.
Səfər çərçivəsində
Çerepovets tarix muzeyində Voloqda Vilayəti Xarici Əlaqələr
Departamentinin rəisi Dmitri Belyayev və baş konsul Qüdsi
Osmanov ulu öndər Heydər Əliyevin 26 il bundan əvvəl
bu vilayətdə olmasını əks etdirən fotostend
açmışlar. Stenddəki "Çerepovets - mənim
şəhərim" adlı məlumat kitabında ulu öndər
Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsində
çalışdığı dövrdə bu şəhərə
səfəri də vacib hadisə kimi dəyərləndirilmişdir.
Heydər Əliyevlə
bağlı şəkillər onun Voloqda vilayətinin
Çerepovets şəhərinə səfəri zamanı
Beşinci domna zavoduna baxışına aiddir. Ümummilli
liderin əsasını qoyduğu Beşinci domna zavodu bu
gün də regionun inkişafında xüsusi rol oynayır.
Daha sonra Çerepovets
şəhərinin ictimai kitabxanasına Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyi tərəfindən
ümummilli liderə, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə və Azərbaycan ədəbiyyatına
dair kitablar, habelə Moskvada dərc edilən "Bakı"
jurnalının son buraxılışları hədiyyə
edilmişdir. Səfər zamanı regionun nəhəng
metallurgiya müəssisələrindən sayılan
"Severostal" zavodunda da görüş
keçirilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 5 iyul.- S. 2.