Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin işçiləri peşə bayramlarını qeyd etmişlər

 

Xəzər Dəniz Gəmiçiliyinin mədəniyyət evində keçirilən mərasimdə ADXDG-nin rəisi Aydın Bəşirov Azərbaycan gəmiçiliyinin son illər inkişaf tarixinə qısa ekskurs etmişdir.

Bildirmişdir ki, 1998-ci il iyulun 2-də ulu öndər Heydər Əliyev gəmiçilik işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Həmin sərəncamdan sonra biz hər il iyul ayının birinci bazar gününü gəmiçilik işçilərinin peşə bayramı kimi qeyd edirik.

A.Bəşirov demişdir ki, cari ilin birinci yarısında Xəzər dənizçiləri 6 milyon 380,8 min ton müxtəlif təyinatlı yük daşımışlar. Bunun 4 milyon 660 min tonu tankerlərin, 510,1 min tonu universal gəmilərin, 1 milyon 210,7 min tonu isə gəmi-bərələrin payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınmasında 11,3 faiz artım olmuşdur.

Bu gün donanmanın rəqabət qabiliyyətinin artırılması da diqqət mərkəzindədir.

2008-ci ildə dörd gəmi alınmışdır. "Akademik Zərifə Əliyeva", "Qarabağ" gəmi-bərələri, "Zəngəzur" "Cabbar Həşimov" tankerləri hazırda Xəzərdə uğurla yük daşıyır. İndi nəqliyyat donanmasının tərkibində 79 gəmi vardır. Bunlardan 37-si quru yük gəmisi, 42-si isə tankerlərdir.

Dənizçilərin peşə bayramı ərəfəsində Rusiyanın Nijni Novqorod şəhərindəki "Krasnoye Sormovo" gəmiqayırma zavodunda daha bir gəminin - "Şuşa" tankerinin suyasalınma mərasimi olmuşdur.

"Şuşa" son 10 ildə "Krasnoye Sormovo" zavodundan aldığımız 13-cü təzə gəmidir.

Gəmiçiliyin rəisi bu gün ixtisaslı kadrların yetişməsinə böyük önəm verildiyini xatırladaraq demişdir ki, ulu öndər Heydər Əliyevin göstərişi ilə 1996-cı ildə Azərbaycan Dövlət Dəniz Akademiyası açılmışdır.

Peşə bayramı ilə əlaqədar ölkəmizin başçısının sərəncamları ilə 14 nəfər dənizçinin "Tərəqqi" medalı ilə təltif edildiyi xüsusi vurğulanmışdır.

A.Bəşirov peşə bayramı münasibətilə dənizçilərin bir qrupuna "Dəniz donanmasının fəxri işçisi" medalını təqdim etmişdir.

Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Tədbir bədii proqramla davam etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 5 iyul.- S. 2.