Xarici ölkələri
təmsil edən gənc diplomatlar, tələbələr bu dəfə
dünyanın əsas diqqətində olan "Enerji siyasəti
və iqtisadiyyat" mövzusunu müzakirə edəcəklər.
On gün davam edəcək tədbirdə beynəlxalq siyasətlə
enerji amili arasındakı əlaqələr
araşdırılacaq, xarici siyasi maraqların gerçəkləşdirilməsi
üçün enerji amilindən istifadə olunması,
OPEC-in üzvü olan ölkələr arasında mövcud əməkdaşlıq,
iqlim dəyişmələri ilə əlaqədar bağlanan
yeni sazişlərin gələcəkdə enerji istehlakı və
istehsalı meyillərinə təsiri və s. məsələlər
müzakirə olunacaqdır.
Tədbirdə Kolumbiya,
Hayfa, Moskva universitetlərinin, Cenevrə Təhlükəsizlik
Siyasəti Mərkəzinin və digər aparıcı beynəlxalq
tədris ocaqlarının professorları mühazirə
oxuyacaqlar. Yay məktəbində Avropa, Afrika, Yaxın Şərq,
Avstraliya və Cənubi Amerikanın 20-dən çox ölkəsindən
28 nümayəndə iştirak edir.
Akademiyanın rektoru
Hafiz Paşayev bildirmişdir ki, iştirakçılar Azərbaycanın
mədəni-tarixi abidələri ilə bərabər Səngəçal
neft terminalı, Bakı-Tbilisi-Ceyhan neft kəməri və
Bibiheybət neft yatağı ilə də tanış
olacaqlar.
Hafiz Paşayev
demişdir: Proqramın böyük əhəmiyyəti həm
də ondadır ki, iştirakçılar burada bir-biri ilə
ünsiyyətdə olacaq, aldıqları məlumatlardan və
təcrübə mübadiləsindən gələcəkdə
öz tədqiqat işlərində istifadə edəcəklər.
Enerji siyasətinin müzakirəsi və əldə ediləcək
nəticələr iştirakçıların diqqətini
daha çox cəlb edib. Onlar həm enerji problemlərini
araşdıracaq, həm də Azərbaycanla bağlı məlumat
əldə edəcəklər.
Yay məktəbi Kembric
Enerji Araşdırmaları Mərkəzi və Nyu-Yorkun
Kolumbiya Universitetinin Enerji, Dəniz Nəqliyyatı və
Dövlət Siyasəti Mərkəzinin dəstəyi ilə
keçirilir.
Proqramın sonunda iştirakçılara
sertifikat veriləcəkdir.
Yay məktəbinin davamı kimi bu ilin dekabrında
Böyük Britaniyanın Kembric Enerji Araşdırmaları Mərkəzində
qış simpozumu keçiriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 5 iyul.- S. 2.