Bakıda "Milli geyimlər
və müasir modada ümumilik" mövzusunda beynəlxalq simpozium keçirilmişdir
Azərbaycan Mədəniyyət
Fondunun (AMF), Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi
Assosiasiyasının (SEBA) təşkilatçılığı,
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə
iyulun 4-də Milli Azərbaycan Tarixi Muzeyində "Milli geyimlər
və müasir modada ümumilik" mövzusunda beynəlxalq
simpozium keçirilmişdir.
Simpoziumun
iştirakçıları əvvəlcə moda sərgisi ilə
tanış olmuşlar.
Sərgidə Azərbaycan,
Koreya Respublikası, Türkiyə, Bolqarıstan, Misir,
Çin və Yaponiyadan olan müəllif-dizaynerlərin
hazırladığı geyim və aksesuarlardan ibarət
yüzə yaxın əl işi nümayiş
etdirilmişdir. Nizami və Cəmaləddin Əyyubovların
klassik Azərbaycan bəzək nümunələri əsasında
hazırladıqları bəzək əşyaları
xüsusi marağa səbəb olmuşdur.
Azərbaycanın
tanınmış incəsənət xadimləri,
ziyalıları, Milli Məclisin deputatları, ölkəmizdə
akkreditə olunmuş diplomatik korpusun nümayəndələri
ilə yanaşı, tədbirdə 130-dək qonaq iştirak
etmişdir.
Rəsmi
açılış mərasimində çıxış
edən SEBA-nın sədri Ruhəngiz Heydərova simpoziumun
iştirakçılarını salamlamış, onlara
uğurlar arzulamış, belə tədbirin keçirilməsini
yüksək qiymətləndirmişdir.
Ölkələrimiz
arasında iqtisadi əlaqələrin daha yüksək səviyyədə
olduğunu bildirən Koreya Respublikasının Azərbaycandakı
səfiri Lü Kvanq Çul mədəniyyət sahəsində
əlaqələrin daha da inkişafı üçün belə
tədbirlərin böyük rol oynadığını
bildirmişdir.
Moskva Dövlət
Universitetinin Bakı filialının rektoru, Azərbaycan Mədəniyyət
Fondunun vitse-prezidenti Nərgiz Paşayeva çıxış
edərək AMF və SEBA tərəfindən uğurla həyata
keçirilən tədbirlər və onların nəticələrindən
danışmışdır. 2007-ci ildə Bakı Dövlət
Universitetində Koreya dilinin tədrisinə
başlandığını bildirən Nərgiz Paşayeva
elə həmin il BDU-da Koreya Mədəniyyət Mərkəzinin
yaradıldığını diqqətə
çatdırmışdır.
Mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Koreya Moda və
Geyim Dizaynı Assosiasiyasının sədri Kim Byon Mi Azərbaycan
ilə Koreya Respublikası arasında mədəni əlaqələrdən
danışmış, 2007-ci ildə Koreyada "Azərbaycan
mədəniyyət günləri"nin keçirildiyini
xatırlatmışlar.
Tədbirin təşkilinə
görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyət
Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya
dərin minnətdarlıqlarını bildirən simpozium
iştirakçıları AMF üçün nəzərdə
tutulan hədiyyəni fondun vitse-prezidenti Nərgiz Paşayevaya
təqdim etmişlər.
Tədbirdə Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru
Rafael Hüseynovun, Bolqarıstan Dizayn Assosiasiyasının sədri
Teodora Momekovanın, digər yerli və xarici
iştirakçıların milli və müasir geyim sahəsində
apardıqları tədqiqatlar barədə məruzələri
dinlənilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 5 iyul.- S. 2.