O, gözəlliyi görür və təsvir edirdi
"Çaşıoğlu"
nəşriyyatında Azərbaycanın xalq rəssamı
Hüseyn Əlirza oğlu Əliyevə həsr olunmuş iki
miniatür kitab nəşr edilmişdir. Hər iki kitab eyni
adlanır - "Hüseyn Əliyev". Bu kitablarda gözəlliyi
görüb təsvir edən rəsm və qrafika
ustadının əsərləri böyük maraq doğurur.
Kitabların müəllifi
Hüseyn Əliyevin nəvəsi Ədalət Əliyev
miniatür kitabların təxminən dörddə
üç hissəsini görkəmli rəssamın əsərləri
üçün ayırmışdır və bu nəşrlər
bir növ fotoalbom şəklindədir.
Burada janr və əsərlərin
işlənmə xüsusiyyətləri ilə fərqlənən
müxtəlif rəsmlər - mənzərələr,
natürmortlar, portretlər, karikaturalar toplanmışdır. 70x90
millimetr formatı olan 502 səhifəlik kitabda rəssamın əsərləri
rəngli şəkildə verilmişdir, bu da dünyaya onun
gözləri ilə baxmağa imkan yaradır. Rəsmlərdən
göründüyü kimi, Hüseyn Əliyev dünyanı
parlaq boyalarla görür, zamanın ritmini dəqiq duyur və
bütün bunları öz əsərlərində əks
etdirirdi. Burada tanınmış fransız
yazıçısı Anatol Fransın bu sözləri yada
düşür ki, rəssam həyatı onun gözəlliklərini
bizə göstərmək üçün sevməlidir.
Zövqlə tərtib
olunmuş nəşrin məsləhətçisi miniatür
kitabların "Kraliçası" hesab edilən Zərifə
Salahovadır. Kitabda, həmçinin Hüseyn Əliyevin
böyük yaradıcılıq yolundan bəhs olunur. Leninqrad
Rəssamlıq, Memarlıq və Heykəltəraşlıq
İnstitutunun məzunu olan Hüseyn Əliyev rəssamlıq
sənətini ən yaxşı dünya nümunələri
əsasında öyrənmişdir. Pisarro, Mone, Qoyya kimi məşhur
rəssamların yaradıcılığının Azərbaycan
rəssamına təsiri böyük olmuşdur. Lakin onun
başlıca ilham mənbəyi, şəxsi
yaradıcılığının zənginləşməsinin
əsasını həmişə milli dəyərlərə,
Azərbaycana sadiqliyi təşkil etmişdir.
Özünün kəskin
karikaturaları ilə tanınmış Hüseyn Əliyev
ötən əsrin 20-ci və 30-cu illərinin əvvəllərində
Şərqdə ilk satirik jurnal olan "Molla Nəsrəddin",
sonralar isə "Kirpi" jurnalı ilə əməkdaşlıq
etmişdir. Deyirlər ki, özünə kənardan
baxmağı və çatışmazlıqları tənqid
edən xalq yüksək mənəviyyata və mədəniyyətə
malikdir, öz inkişafını və tərəqqisini təmin
etməyə qadirdir.
Miniatür kitablardan biri
təxminən bu fikirlə başlayır. Kitabda Hüseyn Əliyevin
müxtəlif nəşrlərdə dərc olunmuş,
gülüş doğuran rəsmləri oxuculara təqdim
edilir. Onların arasında ömrünün 50 ilini həsr
etdiyi "Kommunist" qəzetinin səhifələrində
verilmiş rəsmlər əksəriyyət təşkil
edir. İncə yumor hissinə malik rəssam adamların normal
həyatına mane olan təzahürlərə qarşı
öz sənəti ilə mübarizə aparırdı. Onun
karikaturaları, satirik rəsmləri böyük maraq
doğurur və rəğbətlə
qarşılanırdı. Hüseyn Əliyevin karikatura
janrında çəkdiyi rəsmlərin bir çoxu
miniatür nəşrlərə daxil edilmişdir. Hər bir
kitabın tirajı 110 nüsxədir.
Xoş hisslər oyadan
gözəl rəsm əsərlərinin müəllifi, yumorist
rəssam Hüseyn Əliyev geniş qəlbli insan idi. Həmkarları
onu sevir, məsləhətlərinə qulaq asır, ona dərin
hörmət edirdilər. Hüseyn Əliyevin bir çox əsərləri
ölkəmizin işğal olunmuş ərazilərindəki
muzeylərdə qalmışdır.
Həmyerlimizin bir
sıra rəsm əsərləri Rusiyanın
"Şuşinskoye" dövlət muzey-qoruğunda
saxlanılır.
Bu iki miniatür nəşrin
təşəbbüsçüsü olan Ədalət Əliyev
xeyirxah iş görmüşdür. Həmin nəşrlər
həyatı və insanları sevən rəssamın, bu
mehriban insanın gözəl simasını xatirimizdə
canlandırmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 5 iyun.- S. 5.