Ermənistanda xalqla hakimiyyət arasında yeni qarşıdurma başlanır

 

Ermənistan özü ilə bağlı Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında qəbul etdiyi qətnamənin şərtlərini indidən kobud surətdə pozmağa başlayıb. Ermənistan Milli Konqresinin Gənclər Şurası buna etiraz əlaməti olaraq Avropa Şurasının Yerevandakı nümayəndəliyinin qarşısında aksiya keçirib. Etiraz aksiyasına qatılanlar AŞ PA Monitorniq Komissiyasının Ermənistan üzrə həmməruzəçiləri Con Preskotta və Jorj Kolombyeyə müraciət də ünvanlayıblar.

Müraciətdə deyilir ki, AŞ PA-nın bir neçə gün əvvəl başa çatmış yay sessiyasında Ermənistanla bağlı qəbul edilən 1677 saylı qətnamənin şərtləri indidən kobud surətdə ölkə hakimiyyəti tərəfindən pozulur. Burada daha çox qətnamənin 5.3-cü bəndinə diqqət yetirilir.

Həmin bəndə əsasən, barəsində axtarış elan edilən və ya hakimiyyət orqanlarından gizli şəkildə fəaliyyət göstərmək məcburiyyətində qalan müxalifətçilər məhkəmə dinləmələrinin sonuna kimi azadlıqda olmalıdır. Həmçinin axtarışda olan, lakin könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olan müxalifət nümayəndələrinin həbsə alınmasının yolverilməz olduğu bildirilir. Qətnamənin şərtlərinə baxmayaraq, bu günlərdə könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olan "Aykakan Jamanak" qəzetinin baş redaktoru Nikol Paşinyanın barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ermənistan Milli Konqresi Avropa Şurasından məsələyə dərhal reaksiya verməyi və Nikol Paşinyanın azadlığa buraxılması istiqamətində müvafiq tədbirlər görməyi tələb edir.

Baş verənlərdən sonra barəsində axtarış elan edilən digər müxalifətçilərin hakimiyyətin yalançılığı və AŞ PA qətnamələrinə saymazlığı üzündən yenə də gizli şəkildə fəaliyyət göstərmək məcburiyyətində qalacağını bildirən Ermənistan Milli Konqresinin koordinatoru Levon Zurabyan deyib ki, Serj Sarkisyan iqtidarının bu addımları cəmiyyətdə hakim komandaya nifrəti daha da artırır: "Bu nifrətin tezliklə hakimiyyəti yerindən oynadacaq qəzəb dalğasına çevriləcəyindən Serj Sarkisyanın şübhəsi olmasın. Xalqın səbir kasası dolub. Hakimiyyət öz siyasətilə xalqı onları devirməyə zəmin hazırlayıb".

Levon Zurabyan Sarkisyan iqtidarına loyal münasibət bəsləyən beynəlxalq təşkilatları da yenidən tənqid edərək deyib ki, məhz loyal münasibətin nəticəsidir ki, AŞ PA-nın yay sessiyasında Ermənistanın hələ qurumun müşahidəsi altında olacağının bildirilməsinə baxmayaraq, hakimiyyət siyasi zəmində həbslər aparmaqdan çəkinmir. Həmçinin belə vəziyyətdə hələ də həbsdə saxlanan digər siyasi məhbusları azadlığa buraxma ehtimalının daha da azaldığını vurğulayan Zurabyan artıq indiki hakimiyyətin taleyi barədə xalqın son qərar verməli olduğunu da vurğulayıb.

Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan isə beynəlxalq qurumların Serj Sarkisyan iqtidarına loyal münasibətinin səbəbləri barədə bir neçə maraqlı açıqlama verib. Onun sözlərinə görə, əslində, Yerevan meriyasına keçirilən seçkilərdə yol verilən total saxtakarlıq, ölkə daxilində yaşanan böhran Sarkisyanı daha çox beynəlxalq təzyiqlər altında qoyur. Bu təzyiqlərdən yaxa qurtarmaq üçün isə Sarkisyan xarici siyasətdə güzəştlərə getmək məcburiyyətində qalır: "Sarkisyanın bu güzəştlərinin ödənişi Dağlıq Qarabağ olacaq. Bizim məlumatlarımıza görə, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ciddi irəliləyişlər olacaq".

Bu irəliləyişlərin Azərbaycanın lehinə olacağına diqqət çəkən sabiq prezident bildirib ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq arenada yaranmış vəziyyətdən məharətlə istifadə edir. Münaqişə ilə bağlı aparılan danışıqlarda artıq bütün şərtləri məhz Azərbaycan tərəfi diktə edir.

Bununla yanaşı, Levon Ter-Petrosyan Serj Sarkisyan tərəfindən elan edilən amnistiyaya da toxunub. Onun sözlərinə görə, əslində hakimiyyət bu amnistiyanı istəmədən vermək məcburiyyətində qalıb: "Amnistiyanın verilməsi məcburi addım idi. Bu, beynəlxalq strukturların Sarkisyana təzyiqi nəticəsində baş verib. Lakin Sarkisyanın kişiliyi və iradəsi çatmadı ki, bütün siyasi məhbusları azad etsin".

Sabiq prezidentin sözlərinə görə, müxalifət xalqın dəstəyi ilə ölkədəki cinayətkar rejimi tezliklə hakimiyyətdən uzaqlaşdırmaqda israrlıdır. Levon Ter-Petrosyan ötən il martın 1-də baş verən qanlı olaylar barədə də bir sıra açıqlamalar verib. Onun sözlərinə görə, həmin vaxt dinc nümayişçilərə qarşı odlu silah və digər vasitələrin tətbiq edilməsinə dair əmri konkret hansı yüksək çinli polis zabitlərinin verdiyi artıq tam müəyyən olunub: "Məsələn, biz dəqiq bilirik ki, bu əmri verənlərdən biri polis qoşunlarının sabiq komandan müavini Heqam Petrosyan olub. Lakin hakimiyyət onu və adları məlum olan digər şəxsləri cəzalandırmaq niyyətində deyil. Çünki onlara da göstərişi elə hakimiyyət rəhbərliyinin özü verib".

Ötən il martın 1-də baş verən hadisələrin terror aktından heç nə ilə fərqlənmədiyini vurğulayan Ermənistanın insan haqları üzrə müvəkkili Armen Arutunyan bildirir ki, onun dəfələrlə göstərdiyi cəhdə baxmayaraq, hakimiyyət 1 mart hadisələrinin əsl günahkarlarını hələ də cəzalandırmaq niyyətində deyil. Ombudsman bildirir ki, 1 mart olaylarında polis ciddi qanun pozuntularına yol verib və heç bir ehtiyac olmadan həddən artıq güc tətbiq edib: "Hadisələrin qanlı nəticələrlə sona çatmasının əsas günahkarı polis, o cümlədən Ermənistan polisinin sabiq rəhbəri Ayk Arutunyandır".

Armen Arutunyan bildirir ki, Ayk Arutunyan həmin hadisələrin araşdırılması ilə məşğul olan parlament komissiyasına gəlməli və ifadə verməlidir: "Onun parlament komissiyasında hansı ifadələr verəcəyi mənim üçün çox maraqlıdır. Çünki parlament komissiyasında indiyə qədər ifadə verən bir neçə yüksək vəzifəli məmur bildirib ki, martın 1-də baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarının gördüyü bütün tədbirlərə dair göstərişlər yuxarıdan gəlib. Deməli, atəş əmrindən tutmuş digər bütün tədbirlərin icra edilməsinə dair göstərişləri o vaxt Ermənistan polisinin rəhbəri kimi Ayk Arutunyan verib".

Xatırladaq ki, 1 mart hadisələri zamanı 10 nəfər həlak olub, 200-dən çox insan isə müxtəlif dərəcəli xəsarət alıb. Lakin indiyə qədər bu hadisənin əsas günahkarları məsuliyyətə cəlb olunmayıb və bu, həmin şəxslərin prezident başda olmaqla, digər yüksək çinli məmurlar tərəfindən himayə edilməsi ilə əlaqədardır.

Levon Ter-Petrosyan isə bildirir ki, bütün bunlar hakimiyyətdə xalqa qənim kəsilən kriminal elementlərin olduğunu bir daha təsdiqləyir. Onun sözlərinə görə, elə indi də xalqın qəzəbindən qorxan hakimiyyət ətrafına yalnız kriminal ünsürlər yığmaq, onların fəaliyyətini qanuniləşdirməklə məşğuldur: "Lakin bununla onlar daha çox xalqın qəzəbinə tuş gəlir. Belə kriminal ünsürlər də hakimiyyəti xalqın qəzəbindən xilas edə bilməyəcək".

Erməni politoloq Suren Surenyan bildirir ki, Sarkisyan iqtidarı güc yolu ilə iqtidarda qalmaqda israrlı olduğuna görə xalqın onu elə güc yolu ilə devirmək məcburiyyətində qalması qaçılmaz prosesdir. Bu isə ölkədə xalq və hakimiyyət arasında 1 mart hadisələrindən sonra yenə qanlı qarşıdurmaların başlanması deməkdir.

Qeyd edilənlər bir daha Ermənistan siyasi düşərgəsində yer alan qüvvələr, eləcə də xalqla hakimiyyət arasında dərin uçurum olduğunu göstərir. Bu şəraitdə isə Ermənistanda hər hansı sabitlikdən və inkişafdan söhbət gedə bilməz. Belə vəziyyətin tezliklə daha ciddi kataklizmlərlə müşayiət olunacağı ermənilərin özləri tərəfindən də etiraf olunur.

 

 

R.İSLAMOĞLU

 

Azərbaycan.- 2009.- 5 iyul.- S. 5.