Repetitordan qaçmağın yolu təhsilin səviyyəsinin
yüksəldilməsidir
"Azərbaycan" qəzetinin
30-31 may 2009-cu il tarixli nömrəsində çap olunan
"Repetitorsuz keçinmək mümkündürmü" sərlövhəli
araşdırma materialını oxudum. Həqiqətən də yazıda
toxunulan problem günün reallıqlarını əks
etdirir. Bəzi məqamlara şəxsi münasibət bildirməzdən
əvvəl "repetitor" sözünün məna
baxımından izahını aradım. "Xarici sözlər
lüğəti"ndə "repetitor" latın
sözü olub "təkrar edən şəxs",
"şagirdə ev tapşırığının yerinə
yetirilməsində kömək edən şəxs" və
"ev müəllimi" kimi verilib. Vladimir Dalın
"İzahlı lüğəti"ndə "dərsləri
şagirdlərlə təkrarlamaq üçün müəllim
köməkçisi" kimi, S.İ.Ojeqovun "Rus dili
lüğəti"ndə repetitor "müəllim",
"ev müəllimi", "kimi isə hazırlayan" mənalarında
təqdim olunub.
Tarixilik baxımından
Azərbaycanda repetitorluq ənənəsi XIX əsrə təsadüf
edir. Bu dövrdə
yüksək mənsəb sahibləri öz uşaqlarına əsasən
xaricdə təhsil almış, bir neçə əcnəbi
dili bilən, pedaqoji təcrübəsi olan mürəbbiyələr
tuturdu. Onlar uşaqlara yazıb oxumaqla yanaşı, musiqi, rəqs,
xarici dil, davranış qaydaları, süfrə mədəniyyəti
və s. etik normaları öyrədirdilər. Sovetlər
dövründə də repetitorların xidmətindən istifadə
olunurdu. Əsasən ali məktəblərə daxil olmaq istəyən
uşaqlara zəif bildiyi bir və ya bir neçə fənn
üzrə repetitor tutulurdu.
Azərbaycan müstəqillik
qazandıqdan sonra sovet təhsil sistemindən imtina etdi. Bir müddət bu sistemdə
durğunluq yarandı. 1992-ci ildə test üsulunun tətbiqindən
sonra isə repetitor xidmətindən istifadə daha da
genişləndi. Evdə uşaqların təhsili ilə məşğul
ola bilməyən valideynlər övladlarına, demək olar
ki, birinci sinifdən repetitor-tərbiyəçilər tutmaq məcburiyyətində
qaldılar.
Repetitorlara meyil məktəblərdə
maddi-texniki bazanın azlığı və səviyyəli
pedaqoqların çatışmaması ilə bağlı
idi. Dövlət
televiziyasında müxtəlif fənlər üzrə
hazırlanan yardımçı proqramların birdən-birə
efirdən yığışdırılması da imkansız
təbəqəni boğazından kəsib uşağına
repetitor tutmağa məcbur etdi.
BMT-nin uşaq təşkilatı
(UNİSEF) orta məktəblərdə təhsilin səviyyəsinin
aşağı olması səbəbindən Azərbaycan və
Gürcüstanda valideynlərin 80 faizinin məcburiyyət
qarşısında qalıb övladlarını ali məktəbə
kənarda hazırladığını açıqlayıb.
Hər bir valideyn
övladının ali məktəbə daxil olması
arzusundadır. İstəyini reallaşdırmaq
üçün də repetitor axtarmaq məcburiyyətində
qalır. Məqalədə haqlı olaraq bildirilir ki,
"bunker müəllimləri" kimi tanınan, xüsusi tədris
sisteminə bələd olan bu repetitorlara inam çox
böyükdür. Çünki onlar testlərin
hazırlanmasında iştirak edirlər.
Məktəblərdə
təhsilin səviyyəsinin aşağı olması müəllimlərin
əməkhaqqının azlığı ilə də
bağlıdır. Onların
əksəriyyəti dərslərə həvəssiz və
hazırlıqsız gəlir. Tez-tez çağırılan
iclaslarda uşaqlarının oxumadıqları
vurğulanır, valideynlərə ayrıca repetitorluq və fənn
üzrə yüksək qiymət vəd olunur. Təbii ki, bu
vədlər müəyyən məbləğdə vəsait
tələb edir. Fikrimcə, fənn müəlliminin dərsdən
sonra şagirdlə (təbii ki, müəyyən məbləğ
müqabilində) məşğul olması bilavasitə tədrisin
keyfiyyətini süni surətdə aşağı salır.
Repetitor
orta məktəbin əvəzləyicisi ola bilərmi? Bu sual, yəqin ki,
çoxlarını düşündürür. Məncə,
yox! Bu gün təhsilin keyfiyyətini artırmaq
üçün yeni proqramların hazırlanmasına daha
çox ehtiyac var. Bəzən şagirdlər dərsliklərdə
anlaşılmayan cümlələrə rast gəlirlər
ki, bu da onların fənləri rahat qavramasına əngəl
törədir.
Yazıda maraqlı məqamlardan
biri də 45 dəqiqəlik vaxtın səmərəli istifadəsidir.
Əvvəllər
müəllim davamiyyəti, ev
tapşırığını yoxlamağa da, jurnalı
yazmağa da və yeni dərsi izah etməyə və hətta
şagirdlərin suallarına cavab verməyə də vaxt
tapırdı. İndi, demək olar ki, vaxt
qıtlığı yaranır. Bunun səbəbini təcrübəli
müəllimlər izah edə bilər. Yəqin ki, onların
da iş təcrübəsindən yararlanmaq məqsədəuyğun
olardı.
Repetitorluq şagirdlərdə
məktəbə qarşı etinasızlıq yaradan səbəblərdən
biridir. Çünki
günün birinci yarısını məktəbdə
keçirən şagird ikinci yarısını da
hazırlıqda olur. Bəzi valideynlər uşaqlarını
IX sinifdən məktəbdən kənarlaşdırıb bir
neçə fənn üzrə tutduğu repetitor yanına
göndərir ki, bu da təhsil sistemində qəbulolunmaz bir
faktdır. Bununla da yeniyetmə ümumi fənlərdən kənarda
qalır, düşüncə tərzi daralır. Bəzi
şagirdlər əlavə olaraq idman bölməsində məşğul
olur, xarici dil və kompüter kurslarına gedirlər. Normal
hazırlaşmaq və istirahətə az vaxt
qaldığından onlarda beyin yorğunluğu yaranır ki,
bu da yeniyetmələrdə əsəb pozğunluğuna,
depressiyaya gətirib çıxarır. Düşünürəm
ki, bu məsələ ilə bağlı geniş müzakirə
keçirməyin vaxtıdır. Təcrübəli
pedaqoqlarla yanaşı, psixoloqların, tərbiyəçilərin,
həkimlərin, alimlərin və qeyri-ixtisas sahiblərinin də
fikrini öyrənmək faydalı olardı.
Son illər dövlət
başçısı İlham Əliyevin və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi və
diqqəti nəticəsində yeni orta məktəb
binalarının tikintisi durmadan artır. Məktəblərin maddi-texniki
bazası gücləndirilir, kompüterlə təchizatı
ön plana çəkilir. Bütün bunlar sevindirici
faktlardır. Amma əsas məqsəd təhsilin keyfiyyətini
artırmaqdır. Bu barədə ciddi düşünmək
lazımdır.
Abbas RÜSTƏMOV,
ABU-nun mətbuat
xidmətinin rəhbəri
Azərbaycan.- 2009.- 5 iyul.- S. 5.