Samuxun sarı buğdası

 

Qərb bölgəsində Samux rayonu biçinə hamıdan tez başlayıb. Təbii şəraiti, torpağı elədir ki, məhsulu həm tez yetişir, həm də bol və keyfiyyətli olur. Bu yerlər elə əzəldən sarı buğdanın məskəni kimi tanınır. Torpaq öz əsl sahibinə veriləndən sonra təsərrüfatın hər sahəsi, öncə isə taxılçılıq daha sürətlə inkişaf eləməyə başladı. Son illər bu yerlərdə taxılın məhsuldarlığı üç dəfə artıb. Keçən il 7640 hektar sahədən bol məhsul götürülüb. Cari ildə isə təqribən on bir min hektar sahədə taxıl yetişdirilib.

Bir neçə gündür ki, rayonda biçin başlanıb. İndiyə kimi üç min hektar sahənin arpası yığılıb. Orta hesabla hər hektardan 30,5 sentner!

Rayon icra hakimiyyətində biçinin mütəşəkkil təşkili üçün qərargah yaradılıb. Harada məhsul yetişib? Texnikanı hara yönəltmək lazımdır? Hazır məhsul necə daşınmalıdır? Toxum necə mühafizə olunmalıdır? Mütəxəssislər bu mühüm məsələlərlə bağlı torpaq sahibkarlarına, fermerlərə məsləhətlər verir, müəyyən gərginlik yarananda operativ tədbirlər görməyə çalışırlar.

Hər gün sahələrə əlliyə yaxın kombayn və digər texnika çıxır. Sərfəli olan hər gündən, hər saatdan səmərəli istifadə olunur. İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev deyir ki, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları ilə əlaqə saxladıq. Yığıma kömək məqsədilə əlavə texnika ayrıldı. Məqsəd min zəhmət bahasına yetişdirilən məhsulu vaxtında və itkisiz yığmaqdır.
Rayonun ayrı-ayrı bölgələrində, təcrübəli taxılçıların çalışdıqları yerlərdə işlər daha rəvan gedir. "Amin" istehsal firmasında, "Özbək" kəndli-fermer təsərrüfatında, "Ruzi" toxumçuluq MMC-də yığımın sürəti daha yüksəkdir. Burada hər il reproduksiyalı elit toxumlarına üstünlük verildiyi üçün hər hektardan təxminən 40-45 sentner buğda götürülür.

Rayonun ən məhsuldar sahələri Qoşqar çayının sahilində yerləşir. Hər dəfə biçin vaxtı o yerlərə baş çəkirik. Bu dəfə də yolumuzu Qarayeri qəsəbəsinə saldıq. Burada Nəriman Ələkbərovun "Amin" istehsal firması çalışır. Zəmilər göz işlədikcə uzanır. Nəriman kişi əsl təsərrüfat adamıdır. Günəşdən qızarmış sifəti mis rənginə çalır. Bütün günü iş üstündə olur. Taxılın dilini gözəl bilir. Əlli hektardan çox sahəsi var. Onun əksəriyyətində buğda yetişdirilir. "Bezesto-1", "Əzəmətli" və "Şəki-1" sortlarına daha çox üstünlük verir. Yerli şəraitə uyğunlaşdırılmış toxum yetişdirir. Qonşu təsərrüfatları toxumla təmin etdiyinə görə dövlətdən xeyli subsidiya alır. Cari ildə toxum istehsalını yüz tona çatdırmaq niyyətindədir.

Özbək Əliyevin və Tərbiyə Yusifovanın sahələrində də işlər nümunəvi qurulub. Təcrübəli fermerlər deyirlər ki, qazanılan uğurlar dövlətimizin aqrar sahəyə olan qayğı və diqqətinin nəticəsidir. Yerlərdə əkin-biçin üçün hər şərait yaradılıb. Su var, texnika var, qayğı, kömək var. Fosforlu və azot gübrələri əlli faiz güzəştlə satılır. Taxılın hər hektarına qırx manat pul verilir. Belə şəraitdə kim işləməz?!

Yeri gəlmişkən, fermerlər öz arzu və istəklərini də bildirdilər, müəyyən təkliflər irəli sürdülər. Dedilər ki, toxum səpiləcək sahələr üçün hər il böyük güzəştlə gübrələr verilir. Yaxşı olar ki, həmin gübrələr yerlərə vaxtında çatdırılsın. Əlimizin altında olsun. Aqrotexniki müddətdə torpağın, bitkinin tələbinə uyğun səpərik. Torpaq sahibkarlarına taxılın hər hektarına görə müəyyən qədər pulun verilməsi də hamının ürəyincədir. Həmin vəsaitin qabaqcadan çatdırılması daha sərfəlidir.

Ərazi kənd təsərrüfatı idarəsinin rəisi Ziyad Abbasov deyir ki, işin sürəti də yüksəkdir, alınan məhsulun qədəri də. Bəzi adamların ölkədə taxılın keyfiyyətinin guya aşağı olması barədə yaydıqları söz-söhbət tamamilə əsassızdır. Bizdə taxıl bol, keyfiyyəti də yüksəkdir. Ən əsası budur ki, istehsal ilbəil artır. Bizim idarəmiz qərb bölgəsinin beş rayonuna xidmət edir. Keçən il 44,4 min hektar sahədən 134 min ton taxıl götürülmüşdü. Cari ildə 63,3 min hektar sahəyə toxum səpilib. Mütəxəssislər yerlərdən yenicə qayıdıblar. İlkin hesablamalar göstərir ki, cari ildə qərb bölgəsində təqribən iki yüz min tona yaxın məhsul götürüləcəkdir.

Bir sözlə, Samuxun sarı buğdasına söz ola bilməz. Bərəkətli olsun!

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2009.- 5 iyul.- S.3