Azərbaycan qazının dünyaya yolu buradan başlanır
Azərbaycan qazını dünyaya aparan yol Səngəçal
terminalından başlanır.
Buraya qaz dənizdən, "Şahdəniz" yatağından
sualtı borularla daxil olur.
Əslində, "Şahdəniz"dən Səngəçaladək üç
kəmər uzanır.
Bunlardan biri 26 düymlük qaz kəməridir. Digər kəmərlər
isə kondensat və monoetil-qlükol üçündür.
Xatırladaq ki, "Şahdəniz"dən qazla
yanaşı, kondensat da hasil edilir və o, Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinə vurulur.
Azərbaycan qazı
dünyaya Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə
çatdırılır. Bu xəttin Azərbaycandan və
Gürcüstandan keçən hissəsi Cənubi Qafqaz Boru Kəməri
adlanır. Bu iki ölkənin ərazisində 691 kilometr məsafə
qət edən həmin kəmər öz
başlanğıcını terminaldan götürür.
Lakin qaz kəmərə
vurulmazdan əvvəl ilkin emal olunur. Bunun üçün də
Səngəçal terminalında ayrıca bir sahə -
"Şahdəniz" sahəsi var. Keçən il buradan Cənubi
Qafqaz Boru Kəmərinə gündə orta hesabla 19,8 milyon
kubmetr qaz ötürülüb. Bu ilin birinci rübündə
isə kəmər gündə orta hesabla 19,7 milyon kubmetr qaz nəql
edib.
Gürcüstan-Türkiyə
sərhədindən uzanan 280 kilometrlik xətt "Şahdəniz"
qazını Ərzurumadək aparır. Buradan isə Azərbaycan
qazının yolu bütün dünyaya şaxələnməkdədir.
Azərbaycan.- 2009.- 5 iyul.- S. 3.