Haqq dünyasına
qovuşan elə insanlar var ki, onlar ana torpağın qoynuna
çəkilsələr də, xatirələri qəlblərdə,
ürəklərdə yaşamaqda davam edir. Sağlığında
işıqlı əməlləri ilə abidələşənlər
həmişə özlərinin mənəvi ömürlərinə
imza ataraq əbədiyaşarlıq qazanırlar. Heç vaxt
unudulmurlar, ehtiramla yad edilir, tez-tez xatırlanır, ruhuna dualar
oxunur. İnsanlara səngiməz
sevgisi ilə fərqlənən, tutduğu yüksək vəzifələrdə
səriştəliyi, peşəkarlığı, prinsipial
mövqeyi ilə seçilən Rafiq Rəsul oğlu Xələfov
kimi. Bu görkəmli ictimai və dövlət xadimi
haqqında düşünəndə çox vaxt onu necə
təqdim etməkdə çətinlik çəkirsən.
Çünki Rafiq Xələfov sözün həqiqi mənasında
qeyri-adi bir şəxsiyyət idi. Onu yaxından tanıyanlar
dönə-dönə və ehtiramla təsdiqləyirlər
ki, Rafiq Xələfov mühüm dövlət postlarında
çalışmaqla bərabər, sinəsində
böyük ürək daşıyırdı. Daxili aləmi
çox zəngin idi. Ədəbiyyatı, poeziyanı, fəlsəfəni
çox sevirdi və həm də bu sahələrin dərin
bilicisi kimi şöhrət qazanmışdı. Hətta
iş prinsipində də özünəməxsus qəribəlikləri
var idi. Söyləyirlər ki, kadrları seçərkən
işbilmə, idarəetmə qabiliyyətləri, peşəkarlıqları
ilə yanaşı onların mütaliəsi,
dünyagörüşləri ilə də maraqlanarmış.
Özü hərtərəfli şəxsiyyət
olduğundan çalışırmış ki, rəhbərlik
etdiyi kollektivin üzvləri də mənəvi cəhətdən
zəngin və kamil insanlar kimi seçilsinlər, sevilsinlər.
O, 1939-cu ilin 5 iyulunda
Bakıda anadan olsa da, əsil-nəsil etibarilə qarabağlı
idi. Vaxtilə bir
müsahibəsində belə demişdi: "Mən
adamların, nəsillərin bölgələrə məxsusluğu
və bölünməsini qəbul etmirəm. Azərbaycan
vahid bir dövlətdir. Amma onunla da qürur duyuram ki, ata tərəfdən
Qarabağ xanlığına, ana tərəfdən isə
Şəki xanlığına bağlıyam. Beləliklə
də iki qədim, mötəbər nəslin övladı
olduğum üçün özümü xoşbəxt
sanıram. Fikirləşirəm ki, torpaq, Vətən sevgisi,
bütövlük, xeyirxahlıq, sərtlik, insanlarla işləmək
qabiliyyəti - bunların hamısı məhz soydan, qandan,
gendən insana ötürülür. Əsil-nəcabət
deyəndə heç vaxt adamın vəzifəsi, zənginliyi,
kasıblığı, elmi dərəcəsi nəzərdə
tutulmur. Xalqın bu məsələyə münasibətində
məşhur bir deyimi var: ot kökü üstə bitər.
Bu, təkcə insanın şəxsi keyfiyyətlərində
deyil, işə münasibətində də özünü
göstərməlidir. Bu elə bir müdrik kəlamdır
ki, hətta kadr seçərkən də istifadə etmək
olar".
Rafiq Xələfov
Azərbaycan Politexnik İnstitutunu bitirmişdi. Əmək fəaliyyətinə
Dövlət Layihə İnstitutunda mühəndis-konstruktor
kimi başlamışdır. O burada adi mühəndislikdən
baş mühəndis vəzifəsinə qədər şərəfli
bir yol keçmişdir. Qısa müddətdə
özünü bacarıqlı mühəndis kimi göstərməyə
müvəffəq olan Rafiq Xələfov perspektivli,
böyük potensiala malik bir kadr kimi tanınmışdır.
Məhz bu məziyyətlərinə görə də az
keçmir ki, onu "Azərdəniznefttikinti" trestində
baş mühəndis vəzifəsinə irəli çəkirlər.
Rafiq Xələfov hərtərəfli biliyə malik olan
mühəndislik məharəti ilə təkcə
respublikamızda deyil, xarici ölkələrdə də diqqət
çəkirdi. Yenilikçiliyi,
ixtiraçılığı və səmərələşdirici
təklifləri ilə şöhrət qazanan Rafiq Xələfov
1969-cu ildə Suriya Ərəb Respublikasında neft kəşfiyyatı
aparmaq məqsədilə yaradılmış qrupun tərkibində
bu ölkəyə ezam olunub. Ezamiyyət müddətində
o, neft yataqları tikintilərinin aparılması müqaviləsinin
rəhbəri kimi çalışmışdır.
Buradakı səmərəli fəaliyyətinə və
bacarığına görə keçmiş SSRİ-nin
Suriyadakı səfirliyinin fəxri fərmanları ilə təltif
olunmuşdur. Yenidən vətənə qayıtdıqdan sonra
Rafiq Xələfov neft sənayesi tikintisi üzrə
aparılan işlərdə gərgin və səmərəli
fəaliyyəti ilə şöhrət qazanmışdır.
Tikilən obyektlərdə yeni texnoloji proseslərin tətbiqi
nəticəsində aparılan bütün işlər
keyfiyyətli olmuş, neftlə bağlı tikilən müəssisələr
qısa müddətdə başa çatmışdır. Məsələn,
Nəriman Nərimanov adına Dənizdə Neftçıxarma
İdarəsinin Səngəçal sahəsində
üç kilometrdən çox dənizüstü estakada
yolları, estakadayanı meydançalar, meydançalar
üstündə dəniz neft-mədən təsərrüfatı
obyektlərinin tikilməsində Rafiq Xələfovun
böyük xidmətləri olmuşdur.
Bundan başqa, Bakı
şəhərinin bir çox rayon və qəsəbələrində
neftçilər üçün yaşayış
binaları, sosial məişət obyektləri tikilib istifadəyə
verilmişdir. Azərbaycan
neft və dağ sənayesində
çalışdığı bütün məsul vəzifələrdə
Rafiq Xələfov işgüzarlığını, zəhmətsevərliyini,
təşkilatçılığını və yüksək
peşəkarlıq qabiliyyətini məharətlə
nümayiş etdirmişdir. Neft sənayesində, xüsusilə
də dənizin dərin qatlarından çıxarılan
neftin sahilə nəql olunması üçün avtomatik boru
kəməri çəkən qurğunun ixtirası da məhz
Rafiq Xələfova məxsusdur. Elə bu səmərəli fəaliyyətinə
görə də "Əməkdar mühəndis" fəxri
adına layiq görülmüşdür.
Rafiq Xələfov həm də 10 il Azərbaycan avtomobil
yollarının tikintisi və istismarı naziri vəzifəsində
çalışıb. Məhz onun gərgin əməyi sayəsində
şose yolları sistemində ilk dəfə olaraq uzunmüddətli
perspektiv proqram işlənib hazırlanmışdır. Əlbəttə,
Rafiq Xələfovun respublika ərazisindəki yolların
tikintisində və yol şəbəkəsinin genişləndirilməsində
böyük xidmətlərini unutmaq olmaz. Naxçıvanda,
Qarabağda, eləcə də digər bölgələrdə
inşa edilən körpülər, yollar, tikilən zavodlar
onun zəhmətinin bəhrəsi idi. Bu gün ölkə rəhbəri
İlham Əliyevin təşəbbüsü ilə çəkilən
yeni yolların, körpülərin xoş mənzərəsi
adamın ürəyində qəribə bir xiffət
yaradır. Kaş Rafiq Xələfov sağ olaydı. O, şəhərimizin
tanınmaz dərəcədə dəyişməsini görsəydi,
kim bilir sevincindən nə edərdi?!
Həmişə fəlsəfəyə
meyilli olan Rafiq Xələfovun fikir və düşüncələrindən
süzülən sözlərində böyük həyatsevərlik,
millətə bağlılıq, xalqa xidmət ideyaları
duyulardı: "Biz xalqın övladlarına bir ailənin
üzvləri kimi baxmağı öyrənməsək, istəməsək,
təşkil etməsək, bunun əvəzinə
ayrı-seçkilik salsaq, vay onda bu xalqın halına... Millət meyvə deyil ki,
yaxşısını yeyib, pisini atasan. Millətə
bütövlükdə xidmət etmək gərəkdir".
Keçdiyi mənalı həyat yoluna nəzər saldıqda
görürsən ki, Rafiq Xələfov həmişə
üzərinə düşən hər bir vəzifəni ləyaqətlə
yerinə yetirmiş, çalışdığı hər
bir kollektivdə dərin hüsn-rəğbət
qazanmışdı. Onun sözü ilə əməli
arasında həmişə bir bağlılıq olmuşdu.
Rafiq Xələfov 1989-1993-cü
illərdə respublika Nazirlər Kabinetinin işlər idarəsində
şöbə müdiri vəzifəsində
çalışmış, Baş nazirin müavini
olmuşdur. Qəzetlərə
verdiyi bir müsahibəsində belə deyirdi: "Harada
işləmişəmsə, hansı vəzifəni
daşımışamsa, unutmamışam ki, mən Azərbaycanı
təmsil edirəm. 29 yaşımda keçmiş İttifaqda
çox əhəmiyyətli olan sahələrdən birinə
başçılıq etmişəm. Xarici ölkələrdəki
fəaliyyətimdə millətimizin, xalqımızın ən
nəcib keyfiyyətlərinin nümayişinə
çalışmışam". Bu etiraflar həqiqətdir.
Bir maraqlı fakt da var ki, Rafiq Xələfov təyinatla işə
başladığı gündən etibarən
ömrünün sonuna kimi nə işə girmək, nə də
işdən çıxmaq barədə ərizə ilə
heç kimə müraciət etməyib. Yəni işə həmişə
rəhbərlik tərəfindən təyin edilib, göndərilib
və yaxud da işdən çıxarılıb.
İxtisasca mühəndis olsa da,
çalışdığı sahələr bir-birindən
çox fərqlənib. Özü belə yazırdı:
"Elmi-Tədqiqat Layihə İnstitutu, neft sənayesində
müxtəlif vəzifələr, fəhləlikdən nazir
müavininəcən yol, 10 il yol-tikinti naziri, 4 il Ə.Vəzirovun
mənə göstərdiyi "qayğı sayəsində"
Nazirlər Kabinetində çəkdiyim dustaqlıq illəri.
Ondan sonra isə "bəy"lərin hökmü ilə
küçəyə atıldığım bir dövrü
unuda bilmirəm. Ancaq qurban olduğum Allah bu dövrdə mənə
yar oldu, qüvvət verdi, dözüb vuruşmağa,
mübarizə aparmağa qadirliyimi anlatdı. Həm də bu
illər ərzində, ən başlıcası, insanları
tanıdım. Bildim ki, kim-kimdir". Yaxşı deyiblər
ki, haqq üzülər, amma qırılmaz. 1993-cü ildə
Rafiq Xələfova növbəti, yüksək bir etimad
göstərilərək ona yeni bir sahəyə rəhbərlik
həvalə edildi. "Xalq üçün mallar"
Dövlət Konserninin idarə heyətinin sədri vəzifəsində
çalışan Rafiq Xələfov, həmişəki kimi,
özünəməxsus işgüzarlıqla işə
başladı. O bu məsul vəzifədə də yüksək
təşkilatçılıq qabiliyyətini nümayiş
etdirdi. Bu, faktdır ki, Azərbaycan Ordusu xüsusi geyimlərlə,
yəni çəkmədən tutmuş paqona qədər -hər
şey konsernin müəssisələrində istehsal olunurdu.
1997-ci ildə Rafiq Xələfov
Baş nazirin müavini təyin edildi. O bu məsul işdə üzərinə
düşən bütün vəzifələri
ömrünün sonunadək layiqincə yerinə yetirmiş,
ölkə iqtisadiyyatının, xüsusən də
yüngül sənayenin qarşılaşdığı
problemlərin həlli yolunda əlindən gələni əsirgəməmişdi.
Rafiq Xələfov həqiqətən zəngin təcrübəsini
həmişə Azərbyacan iqtisadiyyatının
inkişafına həsr etmişdi. İctimai və dövlət
xadimi olan Rafiq Xələfov çox səmimi və xeyirxah
insan idi.
Sonralar Moskvada İctimai
Elmlər Akademiyasını müvəffəqiyyətlə
bitirən Rafiq Xələfov iki çağırış Azərbaycan
Ali Sovetinin deputatı olmuşdur. Zəhməti dəfələrlə
müxtəlif sərgilərdə mükafata layiq
görülmüşdür. İki Qırmızı Əmək
Bayrağı ordeni, bir neçə medalla təltif olunan Rafiq
Xələfov ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən daxili və xarici siyasətin
qızğın tərəfdarı, ölkədə
aparılan sosial-iqtisadi islahatların, bazar iqtisadiyyatı prinsiplərinin
fəal iştirakçısı idi.
Cəmi 59 il
yaşamış Rafiq Xələfovun saçları da erkən
ağarmışdı. Qızı Fəxriyyə Xələfova
danışır: "İndi övladlarının hər
biri valideyndir. Həm özümüzü, həm də
başqalarını müşahidə edəndə şəksiz
bir fikrin üstündə dayanıram. Atam təkcə
görkəmli məmur, dövlət xadimi deyildi, o,
torpağını ürəkdən sevən, çox dərin
düşüncəli, uzaqgörən, əsl vətənpərvər
idi. Bizi müxtəlif ölkələrə
aparmışdı, dünyanın neçə möhtəşəm
muzeyini, qeyri-adi abidələrini, təbiət mənzərələrini
görmüşdük. Yadımdadır, 1983-cü ildə qəflətən
dedi ki, gəlin sizi bu il Şuşaya aparım. Təəccüb
etsək də, sözündən çıxmadıq. Sonralar
Şuşaya tez-tez gedirdik. Hər dəfə də atam bu
sözləri işlədərdi: "Siz bəy nəvəsisiniz.
Şuşadakı mülkümüzü sovet hökuməti əlimizdən
alsa da, yenə də millətimizə qalıb".
Şuşa işğal ediləndə atamın nə çəkdiyini
biz yaxşı hiss edirdik. Erkən bəyazlaşmış
saçları da buna sübut idi. Qaçqınlara,
köçkünlərə əlindən gələni
edirdi. İndi anlayıram ki, atam bizi niyə Şuşaya
aparırdı. İstər sağlığında, istərsə
də ondan sonra çoxlu xarici ölkədə olmuşam.
Amma gözlərimdən Cıdır düzü çəkilmir.
Ümumiyyətlə, ata kimi də çox bənzərsiz
idi. Vəfatından 11 il keçsə də, biz onu həmişə
öz yanımızda, varlığımızda hiss edirik. Sadəcə
olaraq özü görünmür. Fikirləri, tövsiyələri,
məsləhətləri bizimlədir. Haradasa bir uğur
qazanmayanda dərhal fikirləşirəm ki, atamın dediyi
tövsiyədəki hansısa bəndə əməl etməmişəm.
Bizim bütün həyat prinsiplərimizdə, insanlara
münasibətimizdə, el-obaya, qohum-əqrəbaya məhəbbətimizdə
atamın arzu-istəklərinə əməl etməyə
çalışırıq. Təsəvvür edə bilmirəm
ki, Rafiq Xələfov kimi ailəcanlı, övladsevgili,
torpağına, vətəninə bağlı bir insan
aramızdan əbədi gedə bilər. Valideyn itkisi təbiidir.
Hər kəs bunu çəkir və bu dərdə
alışır. Deyim ki, mən atamın ölümü ilə
barışmamışam, - yalan olar. Amma onun yoxluğuna inana
bilmirəm. Həmişə onu duyuram. Məhəbbətini də,
qınağını da..."
Rafiq Xələfov həmişə
insanlara diqqətlə yanaşardı. Xüsusilə də
qayğıya ehtiyacı olanlara çox həssas münasibət
göstərərdi. Bu genişürəkli vətən
oğlu həm də çox səxavətli idi. Arxivində
ünvanına göndərilmiş yüzlərlə təşəkkür
məktubu, teleqram var. Bu saralmış kağızlarda bir
fikir tez-tez vurğulanır: "Göstərdiyiniz maddi
kömək üçün sizə təşəkkür
edirik". Etdiyi yaxşılıqları heç vaxt dilə
gətirməyən, həmişə reklamdan qaçan Rafiq Xələfov
böyük ürək və mədəniyyət sahibi idi. Dostları,
tanışları ehtiramla danışırlar ki, o, ədəbiyyatı,
teatrı çox sevərdi. Şairlərdən Xəlil Rza
Ulutürk, Rəfiq Zəka, xalq artisti Həsən Turabovla
dostluq edərdi. Rafiq Xələfov əsl ədəbiyyat
aşiqi idi. Üzə çıxarmadığı neçə-neçə
əsəri var. Janr etibarilə müxtəlif olsa da,
istedadlı qələmin bəhrəsi kimi mükəmməldir.
Onun maddi imkanı var idi ki, bu əsərləri kitab şəklində
çap edib bir müəllif kimi də şöhrətlənsin.
Amma daxili mədəniyyəti buna yol verməyib. Rafiq Xələfov
sadəcə öz qəlbinin hisslərini kağızlara
köçürərək arxivinə atırdı. İstər Rəfiq Zəkanın,
istərsə də Xəlil Rza Ulutürkün təkidlərinə
baxmayaraq, o heç vaxt şairlik iddiasında olmadı.
İndi onun həm fəlsəfi düşüncələrinə,
həm də poetik dünyasına nəzər salanda heyrətqarışıq
bir təəccüb də keçirirsən. Belə
yazıların müəllifi necə susa bilərmiş? Dərhal
öz kəlməsi yadımıza düşür: "Hər
kəs öz işini görsə yaxşıdır". Amma
Rafiq Xələfov başqa qələm sahiblərinin öz
yazılarını kitab şəklində çap etməsinə
kömək göstərərdi. Gözəl örnəkdir,
nümunə götürməyə dəyər.
Vaxtilə Rafiq Xələfovla
bir yerdə işləyən, ondan böyük dəstək,
qayğı görən insanların sayı çoxdur. Onların hər birinin ürəyində
haqq dünyasına qovuşmuş Rafiq Xələfovun
işıqlı abidəsi yaşayır. Belə xatirələrlə
dolu ürəyin sahiblərindən biri də "Azəraqrartikinti"
Səhmdar Cəmiyyətinin prezidenti Ağalar Vəliyevdir.
Söhbət əsnasında dedi: "Rafiq müəllim
haqqında keçmiş zamanda danışmaq çox
ağırdır. Ulu Tanrının ona ayırdığı
ömür payını şərəflə, vicdanla
yaşamış Rafiq Xələfov 59 illik zaman kəsiyində
öz ömrünü xalqının, canından artıq
sevdiyi vətəninin yolunda şam kimi əritdi. O, Azərbaycan
avtomobil yollarının tikintisi və istismarı naziri işlədiyi
vaxt mən Yevlax Dəmir-Beton Məmulatları Zavodunda mühəndis
işləyirdim.
Məhz onun diqqəti
sayəsində həmin zavodda əvvəlcə baş mühəndis,
bir il sonra isə direktor oldum. Rafiq Xələfov həmişə işçilərinin
yaşayış tərzi ilə, ev şəraiti ilə
maraqlanardı. Deyərdi ki, özünə gün-güzəran
qura bilməyən hansısa bir təşkilata rəhbərlik
edə bilməz. Müşahidə aparmışdım ki, həmişə
maddi cəhətdən korluq çəkən insanlarla daha
çox təmasda olmağa, onlara hansı vasitə iləsə
kömək etməyə can atırdı. Bu mənada mənim
də boynumda Rafiq Xələfovun böyük haqqı var. Hərdən
mənə elə gəlir ki, daşıdığım
yüksək vəzifələrdən asılı olmayaraq,
Rafiq Xələfovu tanıdığım gündən mənim
uğurlarım başlayıb. Anam həmişə ona uzun
ömür arzulayardı. Heyiflər olsun ki, qədəri belə
oldu. Çox az yaşadı..."
Bu yay 70 yaşı
tamamlanacaqdı Rafiq Xələfovun. Elə 50-dən sonra çəkdirdiyi
şəkillərdə də 70 yaşın izləri var. Nədənsə
yada böyük şairimiz Səməd Vurğun
düşür. O da belə vaxtsız qocalmışdı...
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 5 iyul.- S. 4.