Dünya şəhərsalma sənətinin nadir incisi sayılan İçərişəhərin master planı hazırdır

 

Sovet dövründə qədim şəhərsalma sənətinin nadir nümunəsi olan İçərişəhərdə nəinki ağır yük maşınları gecə-gündüz hərəkət edirdi, burada hətta hərbi qarnizon, zirehli texnika yerləşirdi. Vaxtilə Azərbaycanın görkəmli arxeoloqları, memarları buna qarşı çıxıb, ağır texnikanın, hərbi hissənin İçərişəhərdən çıxarılmasını tələb etsələr də, SSRİ Müdafiə Nazirliyi bu tələblərə məhəl qoymamış və hərbi hissə İttifaqın sonuna qədər orada fəaliyyət göstərmişdi. Bir aydan çoxdur ki, içərişəhərlilər qoruğa ağır texnikanın daxil olmadığını deyirlər. Gün ərzində müşahidələrimiz deyilənləri təsdiqlədi. İçərişərdə sakitlikdir, şəhər darvazaları da qorunur.

Xalqımızın milli sərvəti olan qədim İçərişəhərin qorunub saxlanması neçə illərdir ki, dövlətin diqqət mərkəzində və nəzarətindədir. Belə ki, bu qoruq şəhərin mühafizəsi, bərpası və qədimliyinin yaşadılması ilə bağlı həm ümummilli lider Heydər Əliyev, həm də ölkə Prezidenti İlham Əliyev dəfələrlə müvafiq sərəncamlar imzalamış, Ümumdünya İrs Komitəsinin tövsiyələrinə diqqətlə əməl olunmuşdur. İçərişəhər doğrudan da nadir incidir. Burada yerləşən qədim tikili və tarixi-memarlıq abidələri qoruqda yaşayan və çalışan insanlar tərəfindən də xüsusi diqqət və yanaşma tələb edir ki, bunun üçün nə sərəncama və fərmana, nə də xüsusi tapşırığa ehtiyac var.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Rahib Azəri deyir ki, qoruğun mühafizəsi tədbirlərinin təkmilləşdirilməsi məqsədilə bir neçə sərəncam imzalanmışdır ki, bunlardan biri də 2009-cu il iyunun 1-dən qüvvəyə minən həmin mühüm sənəddir. Bu sərəncam İçərişəhərin mühafizəsi tədbirinin təkmilləşdirilməsi məqsədilə verilib: "Yükgötürmə qabiliyyəti 5 tondan artıq olan avtomobillərin və ağır texnikanın fövqəladə və digər hallar istisna olmaqla, İçərişəhərin ərazisinə daxil olması qadağandır. Çünki qoruq ərazisində hərəkət edən ağır yük avtomobilləri qədim bina və tikililərin dayanıqlığına pis təsir edir, yol örtüklərinin dağılmasına, mühəndis xətlərinin və qurğularının sıradan çıxmasına səbəb olur. Ona görə də qəbul edilmiş bu sərəncam yük və təchizat avtomobillərinin girişinin tənzimlənməsi məsələlərini əhatə edir. Ərazidə müxtəlif xidmətlər göstərən və xüsusi buraxılış icazəsi olan təsərrüfat subyektlərinin yük avtomobilləri üçün İçərişəhər ərazisinə daxilolma vaxtı 06.00-dan 08.30-dək və 20.00-dan 22.30-dək, təchizat avtomobilləri üçün isə əlavə olaraq 14.30-dan 16.00-dək müəyyən edilmişdir".

Bir neçə gün öncə aldığımız xoş xəbər İçərişəhərin bir daha dünya şəhərsalma sənətinin nadir incisi olduğunu təsdiqlədi. İspaniyanın Sevilya şəhərində YUNESKO-nun Dünya İrs Komitəsinin 33-cü sessiyasında digər məsələlərlə yanaşı, İçərişəhərin qorunub saxlanması istiqamətində görülən tədbirlərin də müzakirəsi aparılıb. Məlum olduğu kimi, 2000-ci ildən YUNESKO-nun Dünya İrs Siyahısında olan İçərişəhər 2003-cü ildə 21 ölkənin nümayəndələrindən ibarət Dünya İrs Komitəsinin qərarı ilə məhv olmaq təhlükəsi olan Ümumdünya İrs Siyahısına daxil edilmişdi. O vaxt bu qərarın qəbul olunmasına 2000-ci il noyabrın 25-də Bakı şəhərində baş vermiş güclü zəlzələnin törətdiyi nəticələr, İçərişəhərdə vahid idarəetmə sisteminin və lazımi nəzarətin olmaması, ərazidə memarlıq abidələri üçün təhlükə yaradan qeyri-qanuni tikinti işlərinin aparılması, həmçinin İçərişəhərin qorunması və inkişaf planının olmaması səbəb idi. Bununla bağlı komitə Azərbaycan hökumətinə görülməli olan tədbirlərə dair öz tövsiyələrini təqdim etmişdi.

İçərişəhərin tarix və mədəniyyət üçün əhəmiyyətini, qorunub saxlanmasının vacibliyini nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında "İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" 2005-ci il 10 fevral tarixli Sərəncam imzalamış və bundan sonra bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilməsinə başlanmışdır. Müsahibimiz Rahib Azəri bildirdi ki, ərazidə aparılmış bütün tikinti işləri dayandırılmış, nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı müvafiq işlər görülmüş, abidə və tarixi binaların inventarlaşdırılması aparılmışdır: "Dövlət başçısının tapşırığı ilə İçərişəhərin ərazisində yüksək peşəkarlıqla və gözəl memarlıq üslubunda aparılan təmir-bərpa və adablıq işləri təbii və insan faktorlarının təsiri nəticəsində acınacaqlı vəziyyətə düşmüş bina və abidələrə ikinci həyat bəxş etmiş, İçərişəhərin tarixi mənzərəsinin bərpasına öz töhfəsini vermişdir".

Buna baxmayaraq Dünya İrs Komitəsinin ötən ay keçirilən sessiyasının gündəliyinə İçərişəhərin məhv olmaq təhlükəsi olan Ümumdünya İrs Siyahısından çıxarılması məsələsi 2010-cu il layihəsinə daxil edilmişdi. Lakin sessiyada iştirak edən Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarovun İçərişəhərdə görülmüş işlər haqqında ətraflı məlumatından və bunlara dair lazımi sənədləri təqdim etməsindən sonra ilkin qərar layihəsi dəyişdirilmiş, komitəyə daxil olan 21 ölkənin təmsilçilərinin yekdil rəyi ilə İçərişəhər Təhlükədə olan Ümumdünya İrs Siyahısından çıxarılmış və bu barədə qərar qəbul edilmişdir. Qərarda həmçinin mədəni irsin qorunmasında Azərbaycanın əldə etdiyi uğurlar təqdirəlayiq hesab edilmiş və digər ölkələrə nümunə göstərilmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva da İçərişəhərdəki tarixi və memarlıq abidələrinin bərpası istiqamətində görülən işləri daim diqqət mərkəzində saxlamış, zəngin maddi-mədəniyyət nümunələrinin üzə çıxarılmasında və bütün dünyada tanıtdırılmasında böyük rol oynamışdır. Onun dəstəyilə beynəlxalq ekspertlər cəlb olunmaqla ilk dəfə İçərişəhərin konservasiyası üzrə master plan hazırlanmışdır.

Azərbaycana bir neçə dəfə səfər etmiş YUNESKO-nun və digər beynəlxalq təşkilatların ekspert qrupları hazırladıqları hesabatlarda Dünya İrs Komitəsi tərəfindən verilmiş tövsiyələrin yerinə yetirilməsini, o cümlədən Qoruğun idarə olunması üçün ayrıca dövlət qurumunun yaradılmasını və müvafiq səlahiyyətlərin verilməsini xüsusilə qeyd etmiş, abidələrin mühafizəsi ilə bağlı görülən tədbirləri yüksək qiymətləndirmişlər. Öyrəndik ki, son bir neçə ay ərzində İçərişəhərin idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində əlavə addımların atılması, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının yaradılması barədə qərarın qəbul edilməsi və konservasiya üzrə master planın təqdimat mərasiminin keçirilməsi ekspertlərin rəylərində müsbət hal kimi qeyd edilmiş və İçərişəhərin Təhlükədə olan Ümumdünya İrs Siyahısından çıxarılması üçün verilmiş bütün tövsiyələrin Azərbaycan hökuməti tərəfindən yerinə yetirildiyi təsdiqlənmişdir.

Qüvvədə olan qanunvericiliyə əsasən, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində hər hansı təmir işləri yalnız qoruq idarəsinin razılığı ilə görülə bilər. Buna görə də sakinlər və qeyri-yaşayış sahələrinin sahibləri təmir işlərinə başlamazdan öncə nə kimi işlər görmək istədiklərini və onların müddətini göstərməklə ərizə ilə müraciət etməlidirlər. İcazə verildiyi təqdirdə təmir işləri idarənin aidiyyəti bölmələrinin gündəlik nəzarəti altında aparıla bilər. Təmir zamanı qazıntı, söküntü, inşaat və yenidənqurma işlərinin aparılması qəti qadağan edilir. İcazə üçün müraciət edən şəxslər abidə statusuna malik binalarda apardıqları işlər binanın görkəminin, konstruksiyasının və daxili quruluşunun pozulmasına səbəb olarsa, qanunvericiliklə müəyyən olunmuş inzibati və digər məsuliyyət növlərinə cəlb olunacaqları barədə xəbərdar edilirlər. Həmçinin onlara qoruq ərazisində təmir işlərinin saat 20.00-dan 08.00-dək aparılmasının qadağan edildiyi və yüksək səs, titrəyiş və vibrasiyaya malik alət və cihazlardan istifadə edilməsinin yolverilməzliyi barədə də məlumat verilir. Digər yerlərdə olduğu kimi, İçərişəhərdə yerləşən tarixi binaların üzərində kondisionerlərin, peyk antenalarının və başqa qeyri-estetik konstruksiyaların mövcudluğu həmin binaların xarici görkəminə xələl gətirir, ilkin görünüşünü təhrif edir, üzərində olan orijinal ornamentlərin və dekorativ elementlərin qapanmasına gətirib çıxarır.

Qoruğun mətbuat təmsilçisi R.Azəri qeyd etdi ki, bina fasadlarının memarlıq-estetik görünüşü ilə bağlı vahid yanaşmanı təmin etmək məqsədilə bu istiqamətə ilk addım olaraq fasadlarda, o cümlədən balkonlarda quraşdırılmış bütün peyk antenalarının demontaj edilməsi qərara alınıb. Peyk antenaları olan İçərişəhər sakinləri və digər rezidentlər bu qərarla tanış edilmiş və onların diqqətinə çatdırılmışdır ki, göstərilən tələbə əməl edilmədiyi təqdirdə peyk antenaları qoruq idarəsinin daxili imkanları hesabına söküləcək və söküntü işlərinə çəkilən xərc kalkulyasiya edilib onlardan tutulacaqdır.

İndi yay mövsümüdür, turistlərin sayı birə-beş artıb. İçərişəhəri gəzdiyimiz müddətdə ara-sıra Avropa və Şərq ölkələrindən olan turistlərlə rastlaşdıq. Onlar daha çox Qız qalasının ətrafında gəzir, şəkil çəkdirir, əntiq əşyalar olan dükanlara dəyir, azı bir hədiyyə almamış oranı tərk etmirlər. Fotoqraf Musa deyir ki, indi mövsümdür, bu vaxt ən çox qazancımız xarici turistlərdən çıxır. Qoruq idarəsindən bu yay turistlərin daha çox olacağına ümid etdiklərini bildirdilər.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2009.- 5 iyun.- S. 4.