Dünyəvi dövlət olan Azərbaycan öz milli və dini ənənələrinə, dəyərlərinə sadiqdir

 

- Hörmətli şeyx həzrətləri!

Hörmətli din xadimləri!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

İlk növbədə mən sizin hamınızı səmimiyyətlə salamlayıram və bu gün Azərbaycan üçün bu əlamətdar və tarixi gündə sizin hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Bu gün həqiqətən tarixi bir gündür. Əsaslı təmirdən və yenidənqurma işlərinin aparılmasından sonra Təzəpir məscidi yenidən fəaliyyətə başlayır. Məscid əsaslı təmir edilib, ərazisi genişləndirilib, ətrafdakı bir neçə ev köçürülüb və bir sözlə, bu gün burada - tarixi bir yerdə həm bizim milli və dini dəyərlərimizi əks etdirən gözəl kompleks, eyni zamanda, ən müasir standartlara cavab verən yeni gözəl şərait yaradılıbdır. Həm məscidin binası təmir olunub, eyni zamanda burada mərasimlər korpusu, ruhani idarəsinin iqamətgahı, konfrans zalı, universitet binası tikilmişdir. Bir sözlə əminəm ki, bundan sonra bu gözəl tarixi yerdə dinlərarası dialoqun dərinləşməsi, Azərbaycan xalqının, Azərbaycandakı bütün xalqların nümayəndələrinin normal yaşaması üçün müxtəlif tədbirlər, simpoziumlar, konfranslar və başqa tədbirlər keçiriləcəkdir.

Azərbaycanda din dövlətdən ayrıdır. Azərbaycan dünyəvi dövlətdir. Ancaq bununla bərabər, biz öz milli və dini ənənələrimizə, dəyərlərimizə çox sadiqik. Biz ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca, məna daşıyan dəyər Azərbaycanın milli dəyərləridir.

Bütün dövrlərdə Azərbaycanda bütün xalqlar mehribanlıq şəraitində yaşayıblar və Azərbaycan dövləti, müstəqil Azərbaycan dövləti bundan sonra da ölkəmizdə bu gözəl ənənələri yaşatmaq üçün əlindən gələni edəcəkdir. Onu da demək istəyirəm, baxmayaraq ki, Azərbaycanda din dövlətdən ayrıdır, Təzəpir məscid kompleksinin yenidən qurulması üçün vəsait dövlət tərəfindən ayrılıbdır. Bir il bundan əvvəl əsaslı təmirdən və genişləndirmə işlərinin aparılmasından sonra yenidən istifadəyə verilmiş Bibiheybət məscid-ziyarətgah kompleksinin qurulmasına yenə də Azərbaycan dövləti eyni qaydada vəsait ayırmışdı. Əjdərbəy məscidinin yenidən qurulması üçün yenə Azərbaycan dövləti, Azərbaycan hökuməti vəsait ayırmışdı. Bu onu göstərir ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan öz dini və milli ənənələrinə çox sadiqdir, islam dinini yaşatmaq, islam həmrəyliyini genişləndirmək üçün əlindən gələni edir. Biz bunu etməliyik və edəcəyik.

İslam dini böyük bir dindir. İslam dini dostluq dinidir, qardaşlıq dinidir, həmrəylik dinidir.

Əfsuslar olsun ki, bəzi hallarda bəzi yerlərdə islam dini haqqında qəsdən yalan məlumatlar ortaya çıxarılır. İslamafobiya bir siyasət kimi aparılır. Bu gün dünyada dinlərarası dialoqdan çox danışılır və buna böyük ehtiyac vardır. Ancaq bununla bərabər, bəzi hallarda bu sözlərin arxasında dini ayrı-seçkilik meyilləri də görsənir. Biz bunu rədd edirik. İslam dininə qarşı aparılan kampaniyanı rədd edirik. Əsassız ittihamları rədd edirik.

Bir daha demək istəyirəm ki, islam dini dostluq dinidir və biz elə etməliyik ki, öz dəyərlərimizi dünyaya təqdim edək, təbliğ edək, real vəziyyəti dünya birliyinə çatdıraq. Bunu etmək üçün mütləq bütün islam dövlətləri arasında çox geniş mənada əməkdaşlıq aparılmalıdır. Azərbaycan öz tərəfindən bunu edir və baxmayaraq ki, biz gənc müstəqil ölkəyik, - Azərbaycan öz müstəqilliyini 1991-ci ildə bərpa edib, - islam həmrəyliyinin bərqərar olması üçün öz töhfəmizi veririk.

Azərbaycan bu barədə öz sözünü müxtəlif tədbirlərdə demişdir. İslam Konfransı Təşkilatı çərçivəsində Azərbaycanda çoxsaylı mötəbər tədbirlər keçirilmişdir. İslam Konfransı Təşkilatında həmrəyliyin və əməkdaşlığın dərinləşməsi üçün Azərbaycan dövləti öz siyasətini aparır və yəqin təsadüfi deyildir ki, gənc müstəqil Azərbaycan dövləti bütün islam aləmində böyük hörmət qazana bilmişdir. Əgər belə olmasaydı, islam aləmi Azərbaycan dövlətinin paytaxtı Bakı şəhərini islam dünyasının mədəni paytaxtı kimi seçməzdi. Biz bu adı böyük qürur hissi ilə daşıyırıq. Bu münasibətlə Azərbaycanda bir neçə ay bundan əvvəl böyük mərasim keçirilmişdir və Bakı bu gün bütün islam dünyasının mədəni paytaxtıdır. Biz bundan sonra da öz addımlarımızla, həm siyasi addımlarımızla, eyni zamanda Azərbaycanda dini icmaların birgə fəaliyyəti nəticəsində bu məsələlərin həllinə daha da böyük diqqət göstərəcəyik.

Onu da vurğulamaq istəyirəm ki, Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt Azərbaycanda milli, yaxud da ki, dini zəmində ayrı-seçkilik olmamışdır, yoxdur və olmayacaqdır. Azərbaycanda yaşayan bütün insanlar bizim dəyərli vətəndaşlarımızdır və Azərbaycanda hökm sürən dini dözümlülük, dini tolerantlıq əminəm ki, başqa yerlərdə də öyrənilə bilər.

Bir daha demək istəyirəm ki, biz öz siyasətimizi və öz gələcəyimizi möhkəm tarixi, mədəni, milli və dini əsaslar üzərində qururuq. Ancaq, eyni zamanda, Azərbaycanda yaşayan bütün başqa dinlərin nümayəndələri də özlərini rahat hiss edirlər. Biz dərin mədəniyyətə malik olan bir xalqıq və bununla haqlı olaraq qürur hissi keçiririk. Bizim çox dərin ənənələrimiz vardır.

Ancaq bununla bərabər dünyəvi ölkə olaraq biz irəliyə doğru gedirik. Biz Azərbaycanda müasirliyin və ənənələrin sintezini görürük və yəqin ki, bu amil ölkəmizin ümumi uğurlu inkişafında öz rolunu oynamışdır.

Azərbaycan son illər çox sürətlə inkişaf edir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmişdir. Siyasi müstəvidə Azərbaycan bölgədə özünəlayiq yerini tuta bilmişdir. Beynəlxalq təşkilatlarda ölkəmiz böyük hörmətə malikdir. Azərbaycanda aparılan iqtisadi islahatlar onu göstərir ki, ölkəmiz iqtisadi artım templərinə görə son beş il ərzində dünya çapında birinci yerdədir. Azərbaycanda yaşanan iqtisadi inkişaf və iqtisadiyyatın artımı heç bir başqa ölkədə bu vaxta qədər müşahidə olunmamışdır. Ölkə qarşısında duran sosial məsələlərin həlli, iqtisadi islahatların dərinləşməsi, bölgədəki mövqelərimizin möhkəmləndirilməsi istiqamətində böyük nailiyyətlər əldə edilibdir. Əgər Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi olmasaydı, bütün bunları əldə etmək mümkün olmazdı. Azərbaycanda bu gün diskussiyalar aparılır və bu da təbiidir. Ancaq bir məsələyə bütün Azərbaycan xalqı yekdil mövqedən yanaşır. O da ondan ibarətdir ki, ölkəmiz necə inkişaf etməlidir, hansı yolu tutmalıdır, hansı addımlarla irəliyə getməlidir. Azərbaycan xalqında bu məsələlərlə bağlı, bu mövzularla bağlı heç bir fikir ayrılığı yoxdur. Biz möhkəm milli və dini əsaslar üzərində irəliyə gedirik, gələcəyə gedirik, müasirliyə gedirik.

Bu gün bu gözəl mərasimdə bizimlə bərabər hörmətli şeyx həzrətlərinin dəvəti ilə qonşu bölgələrdən gələn müsəlman qardaşlarımız da iştirak edirlər. Mən onların Azərbaycana gəlişini çox alqışlayıram, onları səmimiyyətlə salamlayıram. Müsəlman ölkələrini və Şimali Qafqaz respublikalarını təmsil edən nümayəndələrin iştirakı əlbəttə ki, bu mərasimə əlavə əhəmiyyət verir. Bu münasibətlə demək istərdim, biz hamımız çalışırıq və çalışmalıyıq ki, bütün Qafqazda sülh tam bərqərar olunsun. Çünki Qafqaz, - mən bunu dəfələrlə demişəm, - vahid orqanizmdir. Cənubi Qafqaz ölkələri müstəqil dövlətlərdir, Şimali Qafqaz respublikaları Rusiya dövləti tərkibində fəaliyyət göstərirlər. Ancaq bu coğrafi ərazi, eyni zamanda, təkcə coğrafi ərazi deyil. Qafqaz xalqları bir-birinə çox bağlıdır, çox yaxındır və biz çox istəyirik ki, bütün Qafqazda sülh bərqərar olunsun. Müharibələrə, qarşıdurmalara son qoyulsun və nəhayət, uzun illər ərzində, onilliklər, əsrlər ərzində Qafqazda yaşayan insanların əziyyətinə son qoyulsun. Hər halda Azərbaycan dövləti öz üzərinə düşən vəzifəni icra edir.

Eyni zamanda, onu da demək istəyirəm ki, Cənubi Qafqazda münaqişələrin mövcudluğu bizim ümumi inkişafımıza böyük maneədir, böyük təhlükədir. Təkcə bizim üçün yox, bütün bölgə üçün böyük təhlükədir. Bu təhlükələrin içində ən böyük təhlükə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Atəşkəs rejimindən sonra 15 ildir ki, məsələ öz həllini tapmır.

Azərbaycanın əzəli torpaqları işğal altındadır. 20 faiz torpaqlarımız işğal altındadır. Bu etnik təmizləmə siyasətindən əziyyət çəkən 1 milyon vətəndaşımız qaçqın, köçkün şəraitində yaşayır. İşğal edilmiş torpaqlarda erməni silahlı qüvvələri tərəfindən hər şey dağıdılıbdır. Bütün binalar, evlər, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıbdır. Buna son qoyulmalıdır və bu münaqişə yalnız beynəlxalq hüquq normaları əsasında öz həllini tapa bilər. Bu normalar hamıya bəllidir və dünyanın ən birinci beynəlxalq təşkilatı olan BMT və onun Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan tərəfi buna məhəl qoymur. ATƏT, İslam Konfransı Təşkilatı və digər mötəbər beynəlxalq təşkilatlar bu məsələ ilə əlaqədar ədalətli mövqe tuturlar. Bu mövqe ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır və ondan sonra sülh sazişi imzalana bilər.

Mən tam əminəm ki, əgər Ermənistan-Azərbaycan münaqişəsi tezliklə öz həllini taparsa, bu nəticənin müsbət təsirini biz bütövlükdə Qafqazda görə bilərik. Çünki bir daha demək istəyirəm ki, Qafqaz vahid orqanizmdir. Azərbaycan həm Xəzər ölkəsidir, həm Qafqaz ölkəsidir. Rusiya həm Xəzər ölkəsidir, həm Qafqaz ölkəsidir. Bu gün Rusiyanı təmsil edən nümayəndələr bizim qonaqlarımızdır. Yaxşı bilirlər ki, bu yaxınlarda Rusiya ilə Azərbaycan arasında çox vacib sazişlər imzalandı. Rusiya-Azərbaycan münasibətlərinin inkişafı bütün Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsində çox mühüm rol oynayır və oynayacaqdır. Bizim digər qonşularımızla münasibətlər də eyni qaydada qarşılıqlı hörmət, bir-birimizin işinə qarışmamaq və qarşılıqlı etimad prinsipləri əsasında qurulur və dövlətlərarası münasibətlər gələcəkdə də, yalnız bu çərçivədə davam etdirilməlidir.

Mən bir daha bugünkü gözəl tədbirdə olmağımdan çox məmnunam. Mən Təzəpir məscidinin yenidən qurulması və təmir işlərinin aparılması ilə vaxtaşırı maraqlanmışam, gəlmişəm, özüm görmüşəm, bəzi hallarda müəyyən tövsiyələrimi də vermişəm və çox şadam ki, Bakının mərkəzində, ölkəmiz üçün, xalqımız üçün tarixi olan bir yerdə gözəl, müasir kompleks yaradılıbdır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Sağ olun.

 

 

Azərbaycan.- 2009.- 7 iyul.- S. 1.