İyulun 6-da əsaslı
yenidənqurma və geniş tikinti işlərindən sonra Təzəpir
məscid kompleksi istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev
mərasimdə iştirak etmişdir.
Təzəpir məscidinin
yenidən bərpasını zəruriləşdirən bir
neçə səbəb var idi. Uzun illər ərzində
aparılan cari təmir işlərinə baxmayaraq, məscidin
kommunikasiyaları dəyişdirilmədiyindən köhnəlmiş
və yararsız hala düşmüşdü. Məscidin ətrafını
köhnə, qarma-qarışıq tikililər əhatə
etmiş, gediş-gəliş yollarında tıxaclar
yaranmış, yuxarı məhəllələrdən
axıb gələn çirkab suları binanın
özülünü qismən zədələmişdi. Məscidin
günbəzində çatlar əmələ gəlmiş,
iç dekorativ naxışları pozulmaq təhlükəsinə
məruz qalmışdı.
İkinci böyük
problem məscid kompleksi ərazisində yerləşən
Qafqaz Müsəlmanları İdarəsinin inzibati və
Bakı İslam Universitetinin tədris binalarının tamamilə
yararsız olması idi. Bu tikililər praktik baxımdan
müasir tələblərə cavab vermir, texniki qüsurları
ilə normal iş fəaliyyətinə əngəl törədirdi.
Azərbaycanın
müasir tarixində müstəsna xidmətləri olan ulu
öndər Heydər Əliyevin prinsipial mövqeyi, iradəsi,
milli mənəvi dəyərlərimizə dərindən
bağlılığı sayəsində ölkəmizdə
dini etiqad və vicdan azadlığı daim inkişaf edir.
Heydər Əliyev
ideyalarına sadiq qalan və onu uğurla davam etdirən
Prezident İlham Əliyevin maddi mədəniyyət abidələrimizin,
müqəddəs ocaqlarımızın bərpası ilə
bağlı imzaladığı fərman və sərəncamlar,
verdiyi tapşırıqlar sırasında Təzəpir məscid
kompleksinin yenidən qurulması da əksini
tapmışdır. Son illər Azərbaycanın bütün
dini ocaqlarında yüksək səviyyədə aparılan
yenidənqurma işləri dövlətimizin
başçısının xalqın milli mənəvi dəyərlərinə,
mədəni və tarixi zənginliyinə verdiyi qiymətin ən
gözəl nümunəsidir.
Məhz Prezident İlham
Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin
bərpası və ətraf ərazilərin yenidən
qurulması layihəsi hazırlandı. Layihədə Təzəpir
məscidinin ilkin görkəminə qaytarılması məqsədi
ilə yenidən bərpası və əzəli
memarlığına xələl gətirməyən elementlərin
əlavə edilməsi öz əksini tapmışdı. Layihənin
memarlıq işləri Ə.Məmmədova, bərpa
F.Miralayevə, interyer tərtibatı E.Mikayılzadəyə
həvalə olundu. "Azərlayihə" İnstitutu tərəfindən
işlənib hazırlanan layihənin icrasını
"İnam-AŞ" şirkəti həyata keçirdi.
Dövlətimizin
başçısı üç dəfə burada olmuş və
fikirlərini bölüşmüş, tövsiyələrini
vermişdir. Bununla da paytaxtımıza xüsusi yaraşıq
verən Təzəpir məscidinin inşası sürətlənmişdir.
Prezident İlham Əliyev tikintinin gedişini daim diqqətdə
saxlamış, qarşıya çıxan problemlər dərhal
həll olunmuş, qısa müddətdə bu Allah evi
tanınmaz dərəcədə dəyişmiş, nəfis
və möhtəşəm görkəm almışdır.
Prezident İlham Əliyev
xanımı Mehriban Əliyeva və qızı Leyla ilə
birlikdə Təzəpir məscid kompleksinə gəldi.
Qafqaz Müsəlmanları
İdarəsinin sədri şeyxülislam Allahşükür
Paşazadə dövlətimizin başçısı
İlham Əliyevə burada aparılan əsaslı yenidənqurma
və tikinti işləri barədə ətraflı məlumat
verdi.
Bildirildi ki, məscid
kompleksində ən yüksək səviyyədə yenidənqurma,
tikinti və tərtibat işləri
görülmüşdür.
Kompleksin ərazisində
bu məscid kompleksinin Azərbaycan Prezidenti İlham Əliyevin
təşəbbüsü əsasında yenidən qurulmasını
bildirən lövhə qoyulmuşdur.
Dövlətimizin
başçısı ailə üzvləri ilə birlikdə
Təzəpir məscidinin önündə xatirə şəkli
çəkdirdi, bina ilə yaxından tanış oldu.
Prezident İlham Əliyevə
məsciddə aparılmış işlər haqqında ətraflı
məlumat verildi. Bildirildi ki, XX əsrin əvvəllərində
kinoteatr və anbar kimi istifadə olunmuş binada yenidənqurma
işlərinin gedişi zamanı məscidin ətrafı
sonradan tökülmüş torpaq qatlarından təmizlənmiş,
onun kürsü hissəsi üzə
çıxarılmış, divarın sınmış və
çatlamış daşları yeniləri ilə əvəz
olunmuş, divarlar kimyəvi maddələrlə yuyulmuşdur.
Deformasiyaya uğramış və əksəriyyəti
çürümüş qapı və pəncərələr
qırmızı şam agacından olan təzə qapı və
pəncərələrlə, minarənin
çürümüş məhəccəri döymə
üsulu ilə hazırlanmış yenisi ilə əvəzlənmişdir.
Məscidin daxilində müasir texnologiya ilə işləyən
havalandırma sistemləri quraşdırılmış,
döşəmə 30 santimetrə qədər dərinliyə
salınmış, döşəməaltı istilik sistemi
qurulmuşdur. Döşəməyə 720 nəfərlik
"Namazgah" xalı döşənmişdir.
Məscidin qadınlar
üçün ibadət hissəsi fıstıq
ağacından hazırlanmış şəbəkə ilə
ayrılmış, metal pilləkən sökülərək
üstü taxta ilə örtülmüş dəmir-beton
pilləkən quraşdırılmışdır. Giriş
hissəsində eyvanın qarşısı daş şəbəkə
ilə bağlanmış və ibadətə gələnlər
üçün qarderob yaradılmışdır.
Məscidin ən cəlbedici yeniliyi onun interyeridir.
Burada ümumi sahəsi 1400 kvadratmetr olan
divarlarda və günbəz altında Azərbaycan nəqqaşlıq
məktəbinin və Şərq oriyentalistikasının
nadir nümunələrindən istifadə olunmuşdur. Mehrab kaşı və mərmərdən
yığılmış, gümbəzin pəncərə
konstruksiyaları təzələnərək şəbəkəli
taxta pəncərələrlə əvəzlənmişdir.
Günbəzə ağırlıq gətirən
iki tonluq çilçıraq ləğv olunaraq müasir
texnologiyalı işiqlandırma sistemləri
quraşdırılmışdır. Eyni
zamanda, əsas zalda 52, qadınların ibadət etdiyi hissədə
5 divar çilçırağı asılmışdır.
Məscidin
tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin
başı və kəmərbənd yazıları ən
yüksək əyarlı qızıl lövhələrdəndir.
Günbəzin üstü isə Qızılqaya daşı
ilə üzlənmiş, burada dekorativ elementlərlə bərabər,
yuxarı hissədə "La İlahə İlləllah"
kəlməsi 6 dəfə təkrar olunmuşdur. Dekorativ oyma
detallarının və yazılı kəlmələrin
üzəri yüksək əyarlı qızıl təbəqə
ilə örtülmüşdür. Günbəzin
üstü hündürlüyü 1,6 metr olan daş sancaqla
tamamlanmışdır.
Günbəzin tən
ortasında Qurani-Kərimdən "Nas", dairələrdə
"Ayətül-kürsü", kiçik günbəzlərdə
isə "Həmd" surələri həkk olunmuşdur.
"Qurani-Kərim"dən
ayələr oxundu.
Sonra dövlətimizin
başçısı kompleksin mərasim zalları yerləşən
korpusuna baxdı. Bildirildi ki, burada müxtəlif dini mərasimlər
yerinə yetiriləcək, o cümlədən ehsan və kəbin
mərasimləri icra olunacaqdır. Ümumilikdə binada 1600 nəfərə
xidmət etmək üçün 6 mərasim zalı
yaradılmışdır. Bu korpusda xarici qonaqların qəbulu,
yerləşdirilməsi üçün otaqlar da vardır.
Prezident İlham Əliyev
Bakı İslam Universitetinin tədris korpusu ilə də
tanış oldu.
Korpusun hər mərtəbəsində
10 sinif otağı olmaqla 250 tələbənin təhsil
alması üçün hər cür şərait
yaradılmışdır. Binanın yarımzirzəmi hissəsində
yeməkxana və kitabxana yerləşir. Korpusun bir hissəsində
müasir tələblərə cavab verən qazanxana,
damında isə "Çiller" havalandırma sistemi
quraşdırılmışdır. Bu sistemlə məscidin ətrafındakı
bütün tikililər havalandırılır.
Təzəpir məscid
kompleksinin ərazisindəki birmərtəbəli yöndəmsiz
tikililər sökülərək yerində Qafqaz Müsəlmanları
İdarəsi üçün beşmərtəbəli inzibatı
bina inşa edilmişdir.
Ümumi sahəsi 4100
kvadratmetr olan inzibati binada xidməti otaqlar, 50 yerlik kiçik
konfrans zalı yerləşir. Birinci mərtəbədə
sahəsi 340 kvadratmetr olan 6000 kitablıq kitabxana vardır.
Kitabxananın interyeri ağac materialı ilə bəzədilmiş,
tavanda 32 çilçıraq
quraşdırılmışdır. Kitabxananın bir hissəsində
dini verilişlərin hazırlanması üçün
ministudiya yaradılmışdır. Kompüterlərlə təchiz
edilmiş kitabxananın zəngin kitab fondu vardır.
Dövlətimizin
başçısı burada nümayiş olunan qədim
kitablara, Təzəpir məscidi haqqında CD-lərə
baxdı, xatirə kitabına ürək sözlərini yazdı.
Binanın
vestibülünün interyerində ağac üzərində
oyma detallardan geniş istifadə olunmuşdur.
Ərazidə 900
kvadratmetr sahəsi olan 250 yerlik müasir tipli konfrans zalı
inşa edilmişdir. Zalın ayrıca havalandırma sistemi
vardır. Zalda işıqlanma üçün 360
şamlıq xüsusi çilçıraq sifariş
edilmişdir. Tavan və günbəzin altı dekorativ ağac
detallarla bəzədilmişdir.
Məscidin
qarşısında sürüşmənin
qarşısını almaq üçün xüsusi dəmir-beton
konstruksiya quraşdırılmış və torpaq qatı
yol səviyyəsindən 1 metrə qədər
götürülmüşdür.
Kompleksin ərazisində
820 kvadratmetr sahəsi olan kiçik mərasim zalları, 80
kvadratmetrlik qurbangah, 200 kvadratmetrlik qadın və kişi dəstəmazxanaları
və s. tikilmişdir.
Torpağın
altında 480 kubmetr həcmində su çəni
quraşdırılmış, yüksək gücə malik
generator və əlavə elektrik tənzimləyicisi
qoyulmuşdur. Kompleksin ətrafında 4500 kvadratmetr sahəyə
Ukrayna və Hindistandan gətirilmiş qranit-mərmər plitələr
döşənmişdir.
Binaların fasadları
Qızılqaya daşından yonulmuş şəbəkə
və mürəkkəb memarlıq detalları ilə üzlənmişdir.
Bundan başqa, Mustafa Sübhi küçəsindən məscidin
ərazisinə girişdə oyma detallarla bəzədilmiş
portal tipli yaraşıqlı darvaza
quraşdırılmış, keçid hissəyə isə
tökmə metal darvaza qoyulmuşdur. Mirzə Fətəli
küçəsindən olan keçid portalı sökülərək
yenisi ilə əvəz olunmuş və burada da yeni metal
darvaza quraşdırılmışdır. Məscidin
qarşısında üç fəvvarəli hovuz
tikilmiş, fəvvarələr iri həcmli daşdan yonulmuş,
içərisi kaşı ilə üzlənmişdir.
Mustafa Sübhi
küçəsində baş portala yaxın hissədə
bir sıra köhnə tikililər sökülərək ibadətə
gələnlərin rahatlığı üçün 50
yerlik avtomobil dayanacağı yaradılmışdır. 2000
kvadratmetrə yaxın divar Ağlay daşı ilə üzlənmişdir.
Boşaldılmış ərazidə müasir elektrik şəbəkəsi
binası inşa edilmişdir. Yöndəmsiz hala
düşmüş Lev Tolstoy küçəsi yenidən
qurularkən 4000 kubmetrə yaxın torpaq işi
görülmüş, qonşu binaların 1400 kvadratmetr
fasadı bərpa edilmiş, yerə 2500 kvadratmetrə yaxın
səki daşı döşənmişdir. Məscidin ərazisinə
iri avtomobillərin girişi üçün Mustafa Sübhi və
Bəşir Səfəroğlu küçələrinin kəsişməsində
ayrıca metal darvaza quraşdırılmışdır.
Prezident İlham Əliyev
görülmüş işləri yüksək qiymətləndirdi.
* * *
Mərasimin rəsmi hissəsi
başlandı.
Tədbir
iştirakçıları Prezident İlham Əliyevi sürəkli
alqışlarla qarşıladılar.
Prezident İlham Əliyev
mərasimdə nitq söylədi.
(Prezident İlham Əliyevin
nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində
dərc olunur).
Sonra Qafqaz Müsəlmanları
İdarəsinin sədri, şeyxülislam
Allahşükür PAŞAZADƏ çıxış edərək
dedi:
- Bismillahir-rəhmanir-rəhim!
Zati-aliləri, möhtərəm
cənab Prezident!
Hörmətli Mehriban
xanım!
Əziz qonaqlar, hörmətli
mərasim iştirakçıları!
Azərbaycan müsəlmanlarının
çoxdan gözlədiyi bu mübarək məqamda sizləri
salamlamaqdan şərəf duyur, hamınıza, xüsusən
bu möhtəşəmliyə - Təzəpir məscid
kompleksinin bərpasına, Qafqaz Müsəlmanları İdarəsinin
inzibati binasının, Bakı İslam Universitetinin tədris
korpusunun inşasına dəstək verən ölkəmizin rəhbəri
- Zati-aliləri, möhtərəm cənab İlham Əliyevə
bir şeyxülislam kimi Allahdan sonsuz xeyir-dualar diləyirəm.
Müqəddəs
kitabımızda Rəbbimiz buyurur: "İçərinizdə
insanları xeyrə çağıran, xüsusən
yaxşı işləri görməyi əmr edən və
pis əməlləri qadağan edən bir camaat olsun. Məhz
onlar nicat tapmış kimsələrdir". Həqiqətən
Allahın lütfü böyükdür. Biz dövlət
müstəqilliyimizi qazandığımız dönəmdə
Qafqaz Müsəlmanları İdarəsinə sovetlərdən
bir neçə köhnə məscid, yerlə-yeksan
edilmiş ziyarətgahlar və böyük mənəvi
boşluq miras qalmışdı.
Bu gün tarixi əzəməti
özünə qaytarılmış Təzəpir kimi məscidlərə,
əfsanəvi Bibiheybət ziyarətgahı kimi müqəddəs
ocaqlara, xalqımızın milli şüuruna söykənən
mənəvi dəyərlərə, dünyaya örnək
ola bilən tolerantlıq mədəniyyətimizə
baxdıqca nə qədər inkişaf etdiyimizi, dövlətimizin
dini sahədə nə qədər uğurlu siyasət
yeritdiyini dərk edir və qürur duyuruq. Bu, çox
böyük bir nailiyyətdir.
Bizi ən çox
sevindirən odur ki, bu nailiyyətlər müstəqil dövlətçilik
və mənəvi intibah tariximizdə artıq bir ənənə
şəklini alıb. Bu ənənənin təməli ulu
öndərimiz Heydər Əliyev tərəfindən qoyulub və
bu gün möhtərəm Prezidentimiz, Zati-aliləri İlham
Əliyevin xeyirxah əməlləri ilə tariximizin yeni səhifələri
yazılır.
Açılış mərasiminə
toplaşdığımız Təzəpir məscid kompleksi
dövlətimizin dini dəyərlərə verdiyi qiymətin
ən bariz nümunəsi kimi dediklərimi bir daha sübuta
yetirir. Qədim və zəngin tarixə malik olan Təzəpir
təməli Şirvanşahlar dövründə qoyulan
müqəddəs ziyarətgahdır. Bu uğurlu məqamın
əsas yaradıcıları Bakının əsilzadə
xanımlarından olan Nabat xanım Aşurbəyli və
tanınmış memar Zivər bəy Əhmədbəyov
olmuşdur. 1914-cü ildə inşası başa çatan
bu məscid təkcə mötəbər ibadətgah kimi
seçilməmiş, həm də Bakının, Azərbaycanın,
daha sonralar bütün Qafqazın taleyində önəmli
ictimai rol oynamışdır.
1918-ci ildə Bakıda
daşnak erməni soyqırımı zamanı müsəlmanların
pənah yeri olmuş Təzəpir məscidinin minarələrində
həmin qanlı hadisələrin aşkar izləri hələ
də qalmaqdadır.
Təsadüfi deyildir
ki, hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov və
digər tarixi şəxsiyyətlərin əhaliyə
müraciətləri məhz buradakı məsciddə dinlənilmişdir.
Bu məscid sovetlərin amansız repressiyalarına məruz
qalaraq dəfələrlə bağlanmış və
yalnız ilahi qüdrətin gücü ilə məhv edilməkdən
xilas olmuşdur.
Bu məsciddə
Qanlı Yanvar və Xocalı şəhidlərinin dəfni təşkil
olunmuş, Camal Əbdülnasir, Turqut Özal, Süleyman Dəmirəl,
Seyid Haşimi Rəfsəncani kimi tanınmış dövlət
xadimləri azərbaycanlı qardaşları ilə bir səfdə
namaz qılmışlar. Nəhayət, Heydər Əliyev kimi
dahi şəxsiyyət, müstəqil dövlətimizin
yaradıcısı, xalqın unudulmaz rəhbəri dəfələrlə
Təzəpiri ziyarət etmiş, dini mərasimlərdə
bizimlə birgə olmuş, dərin məzmunlu tarixi nitqlərində
müsəlmanlarımıza qiymətli tövsiyələr
vermiş və son mənzilə, əbədiyyət məkanına
da buradan yola salınmışdır. Allah ulu öndərimizə
rəhmət eləsin.
Təzəpir barəsində
bu qədər ətraflı danışmağım təsadüfi
deyildir. Təzəpirin tarixi xalqın, dövlətin və
islam tarixinin ayrılmaz hissəsidir. Məhz bu gerçəkliklərin
vəhdəti Qafqazın müsəlman ərazilərində
Təzəpir məscidinin vahid dini mərkəz kimi
tanınmasını labüd etmişdir.
Məhz bu baxımdan Təzəpir
məscid kompleksinin əsaslı bərpası dövlətimizin
bölgədə geosiyasi üstünlüyünü və
ideoloji liderliyini bir daha sübuta yetirir ki, bu da bilavasitə
Prezidentimiz Zati-aliləri İlham Əliyevin fəaliyyəti
ilə bağlıdır.
Milli mənəvi dəyərlərin,
dini və tarixi abidələrin qorunması sahəsində
hörmətli Prezidentimizin gördüyü işləri
saymaqla bitməz. Təkcə Təzəpir məscid
kompleksinin yenidən bərpasında əvəzolunmaz xidmətlərinə
və fövqəladə zəhmətlərinə görə
möhtərəm Prezidentimiz daim müsəlmanların
xeyir-duaları ilə yad olunur və olunacaqdır.
Dövlətimizin
başçısının maddi və mənəvi dəstəyi,
tikinti prosesi ilə şəxsən yaxından maraqlanması
onu xalqın qəlbində milli mənəvi dəyərlərimizin
memarına çevirmişdir. "Memar" adı həm
böyük ümumxalq məhəbbətinin göstəricisi,
həm də sabahın tarixi salnaməsinə yazılacaq
şərəfli səhifədir.
Ən əsası odur
ki, yaşadığı dövrün qadağaları səbəbindən
Nabat xanımın həyata keçirə bilmədiyi arzunu -
Təzəpirin günbəzinin qızıla tutulması niyyətini
xalqımızın ləyaqətli oğlu, dövlətimizin
rəhbəri cənab İlham Əliyev həyata keçirdi.
Möhtərəm cənab
Prezident!
Bu gün Zati-alilərinizin
dindarlara olan qayğı və diqqəti ölkənin dini həyatını
yeni-yeni uğurlara yönəldir. Bu yaxınlarda Moskvada MDB
ölkələri müsəlman liderlərinin Məsləhət
Şurasının yaradılması və mənim həmin
şuranın rəhbəri seçilməyim bir daha sübut
edir ki, Azərbaycan dünyada təkcə iqtisadi və siyasi
inkişafı ilə deyil, həm də dini-mənəvi və
tolerantlıq sahəsindəki uğurları ilə seçilən
bir ölkədir. Bu, həm də Azərbaycanın dövlət
rəhbərinin bölgədə və dünyada siyasi xəttinin
qələbəsi kimi dəyərləndirilir. Buna görə
biz dindarlar ilk növbədə, cənab Prezident, Sizə minnətdarlığımızı
bildiririk.
Çox əlamətdar
haldır ki, Təzəpir məscidinin təməlində Azərbaycan
xanımlığının nəcabəti və əsilzadəlik
cövhəri vardır. Həmin cövhərin sayəsindədir
ki, dünən əsası Nabat xanım Aşurbəyli tərəfindən
qoyulan məscidin açılışında bu gün
Mehriban xanım Əliyeva kimi ləyaqətli
xanımımız və ictimai xadimimiz iştirak edir. Milli mədəni
irsimizin, dini-mənəvi dəyərlərimizin qorunması,
dirçəldilməsi, dünya miqyasında
tanıdılması istiqamətində Mehriban xanımın
xeyirxah əməlləri, ərsəyə gətirdiyi layihələr
təqdirə və rəğbətə layiqdir.
Bu gün
qapılarını Azərbaycan xalqının, müsəlman
ümmətinin üzünə açdığımız Təzəpir
məscidi, Qafqaz Müsəlmanları İdarəsinın
inzibati binası, Bakı İslam Universiteti xalqın mənəvi
xəzinəsi və əbədi iman ünvanıdır. İslam
mədəniyyətinin paytaxtı Bakı şəhərinin
memarlıq incisi olan Təzəpirin yeniləşmiş
möhtəşəm binası paytaxtımızın tarixi
milli simasına xüsusi gözəllik bəxş etməklə
yanaşı, həm də dünya islam abidələri xəzinəsinə
dəyərli töhfədir.
Biz Təzəpirin tarixi
əlamətinin bərpasında, kompleksin inşasında zəhməti
olan hər bir kəsə minnətdarlığımızı
bildiririk.
Zati-aliləri, möhtərəm
cənab Prezident!
Biz müsəlmanlar Azərbaycan
xalqının gələcəyi naminə Sizin
apardığınız daxili və xarici siyasəti bəyənir
və dəstəkləyirik. Əminik ki, xalqımızın
vəhdəti və dövlətimizin qüdrəti sayəsində
biz dünya miqyasında daha böyük uğurlara imza ata bilər,
erməni təcavüzünə məruz qalmış Vətənimizin
bir parçası - Qarabağın qaytarılması
yönündə problemin ədalətli həllinə
inşallah Sizin rəhbərliyinizlə nail ola bilərik. Bu,
bizim Allah-təaladan ən böyük arzumuzdur.
Bir daha hamınıza
xeyir-dualar diləyir və bu tarixi gündə
çıxışımı ulu öndərimiz Heydər Əliyevin
vaxtilə bu müqəddəs məkanda söylədiyi
sözlərlə bitirmək istərdim: "Allahın yolunda
hamımız bir olaq".
Allah hamınızdan
razı olsun.
Əssəlamu-aleykum və
rəhmətullahu və bərəkatuhu.
Bakı və Xəzəryanı
Yeparxiyanın yepiskopu Aleksandr ATA Azərbaycanda bütün
dinlərə həssas münasibət göstərildiyini
bildirdi. O, Təzəpir məscidinin yüksək səviyyədə
yenidən qurulmasını müsbət dəyərləndirdi
və Azərbaycanda bütün sahələrdə həyata
keçirilən islahatların razılıq doğurduğunu
bildirərək dedi:
- İndi şahidi
olduğumuz dəyişikliklər, yüksək səviyyəli
bərpa işləri sayəsində Təzəpir məscidi
Bakıda ən gözəl memarlıq abidələrindən
birinə çevrilmiş, məscidlə yanaşı Qafqaz
Müsəlmanları İdarəsinin müasir dövrdə
qarşılaşdığı bütün problemləri
layiqli səviyyədə həll etməyə imkan verəcək
inzibati kompleks ucaldılmışdır. Bütün bunlar
şəhərimizin inciləri sayılmağa layiqdir. Bu, həm
də başda cənab Prezident olmaqla dövlətimizin Azərbaycan
dindarlarına qayğısının təzahürüdür.
Vaxtilə
düşünürdülər ki, din bizə yalnız
böhranlar dövründə lazımdır. Lakin məlum
oldu ki, din bizə dinc dövrdə də lazımdır. Bu məscid
ilahiyyatçıların və dünyəvi alimlərin
görüşməsi, tanınmış diplomatların,
siyasətçilərin və mədəniyyət xadimlərinin
buraya gələ bilməsi, bəşər cəmiyyətinin
həyatında dinin yenidən layiqli yer tutması
üçün lazımdır. Burada İslam Universitetinin
möhtəşəm binasının tikilməsi xüsusilə
sevindirici haldır. Axı bəşər cəmiyyətindəki
böhranlarla bağlı problemlərin çoxu dini
nadanlıqdan irəli gəlir. Bu da tamamilə aydındır
ki, uzun illər boyu dinin tədris edilmədiyi ölkələrdə
dini nadanlıq dini zəmində müxtəlif mənfi
halların yayılması üçün baza idi. Əlbəttə,
belə halların olmaması üçün güclü və
yaxşı təşkil edilmiş dini təhsil sistemi
lazımdır. İnanıram ki, İslam Universitetinin
binası Azərbaycanda dini təhsilin səviyyəsinin
artırılmasına xidmət edəcək, Azərbaycan gəncləri
dini məsələlərdən baş çıxara biləcək,
dini həyat haqqında yanlış, təhrif olunmuş təsəvvürlər
yaradan insanlara layiqincə cavab verə biləcəklər.
Bu gün burada şahidi
olduğumuz hər şey qəlbimizdə fərəh hissi
doğurur. Biz görürük ki, Azərbaycanın və Azərbaycan
xalqının həyatında din heç də sonuncu yeri
tutmur. Ölkə həyatının bir sıra cəhətlərinə,
o cümlədən dini həyata göstərdiyi diqqət və
qayğıya görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə ürəkdən təşəkkür
etmək istərdim.
Tanrı köməyiniz olsun, Sizə işinizdə
uğurlar, Azərbaycana və Azərbaycan xalqına sülh və
firavanlıq arzulayıram.
Dağ yəhudiləri
icmasının sədri Semyon İXİİLOV ölkəmizdə
tolerantlığın hökm sürdüyünü
vurğulayaraq dedi:
- Qeyd etmək
lazımdır ki, dini binaların bərpası və təzələnməsi
üzrə bütün layihələr Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevə məxsusdur.
Onun planlarının həyata keçirilməsi isə Azərbaycan
Prezidenti cənab İlham Əliyevə nəsib olmuşdur. İlham
Əliyev dəfələrlə məscidə gələrək
bərpa prosesinə nəzarət etmişdir. Bu, işə əsl
təsərrüfatçı yanaşmasıdır.
Bu, layiqli nümunədir.
Təzəpirin yeni inzibati mərkəzində böyük
konfrans salonu, İslam Universiteti, qiraət salonu olan kitabxana və
çoxlu digər obyektlər açılmışdır. Mən
Sizinlə birlikdə sevinirəm, bu məsul obyektdə işləyənlərin
hamısına hədsiz minnətdaram. Bu gözəl işə
görə hamıya böyük təşəkkürümü
bildirirəm. Biz bu xoşbəxt günü səbirsizliklə
gözləyirdik.
Allaha şükürlər
olsun. Axı biz hansı millətə və dinə mənsub
olmağımıza baxmayaraq, kədər və sevinc
anlarında bir yerdəyik. Biz yəhudilərə, şəxsən
mənə, mənim xalqıma göstərilən hörmətə
və ölkəmizdə antisemitizmin olmadığına
görə Prezidentimizə, şeyxülislama, bütün Azərbaycan
xalqına minnətdarlığımı bildirirəm. Qoy
sülh naminə, Azərbaycanın əzəli torpaqlarının
sülh yolu ilə qaytarılması, dövlət sərhədlərinin
bütövlüyü naminə Təzəpirdə daim Azərbaycan
xalqına, ölkə Prezidentinə, şöhrətli Azərbaycan
ordusuna dualar səslənsin. Amin.
Sizi, bütün müsəlmanları
bir daha təbrik edir, sizə cansağlığı, nailiyyətlər
və əmin-amanlıq arzulayıram. Allah qəbul eləsin!
Diqqətinizə görə
sağ olun.
Vatikanın Azərbaycandakı
Apostol nunsisi Klaudio QUCEROTTİ əlamətdar hadisə
münasibətilə təbriklərini çatdıraraq
bildirdi:
- Bu gün burada, sizin
aranızda olmaq, Zati-müqəddəsləri Roma Papası XVI
Benediktin və bütün katolik kilsəsinin
salamlarını və xoş arzularını sizə
çatdırmaq mənim üçün çox
böyük şərəfdir. Bu mərkəz Qafqaz müsəlmanları
rəhbərliyinin işinin yüksək səmərəsini
təmin etməklə bərabər, həm də Azərbaycan
xalqının incə zövqünü və
istedadını nümayiş etdirir. Bu mərkəzin
açılması hamı üçün bayramdır. Bu,
Tanrının bütün bəndələri
üçün, bütün bəşəriyyət
üçün bayramdır. Tanrının qüdrətinə
ehtiram hissləri biz aciz bəndələrin səyləri ilə
birləşdiyi yerdə sivilizasiyanın inkişafı
müşahidə edilir. Bu bina ulu Tanrıya xidmət edir. O,
bizim yer üzündə pərvaz edən və möhtəşəm
Mütləq Qüvvə ilə görüşməyə
can atan ruhumuzu saflaşdırır.
Azərbaycandakı,
Qafqazdakı müsəlmanların sevinci bütün
dindarların sevinməsinə və qürur duymasına əsas
verir. Bu sevinc xalqlar arasında dostluğu və
qarşılıqlı hörməti daha da möhkəmləndirir.
Bu, ölkəmizdə hökm sürən dini tolerantlıq
ruhuna tam uyğundur. Bu gün biz hamımız öz öhdəliklərimizə
münasibətdə daha məsuliyyətli olmuşuq. Bu
gün hamımız başa düşürük ki, biz bir
ailənin üzvləriyik. Bu gün biz dindar vətəndaşlar
kimi vəzifələrimizi daha aydın başa
düşürük, ümumi sülh və ədalət
naminə hamının qeydinə qalır, hamı
üçün çalışırıq. Bütün
bunları anlamaqda bizə kömək edən bu gün qeyd
etdiyimiz gözəl və mənalı nailiyyətlərin, bu
uğurların qazanılması üçün fədakar əməyini
əsirgəməyən insanların müdrikliyidir. Biz bu
insanların hamısına ürəkdən təşəkkür
edirik.
Diqqətinizə görə
sağ olun.
Küveyt Dövlətinin
islam və vəqf nazirinin müavini Adil ƏL-FƏLAH bildirdi
ki, hər dəfə Azərbaycanda olanda səmimi
qardaşlıq hissləri yaşayır. "Bu ölkə ilə
çoxdandır bağlıyam və Azərbaycan məndə
yalnız xoş və imanlı təəssüratlar
yaradır", - deyən Küveyt nümayəndəsi onu da
qeyd etdi ki, Azərbaycanda gedən inkişaf çox sevindiricidir
və xalqınız bu tərəqqiyə ulu öndər Heydər
Əliyevin sayəsində nail olmuşdur. Adil əl-Fəlah
dedi:
- Azərbaycan öz
tarixi inkişafında çox mühüm mərhələ
- mərhum lider, nadir şəxsiyyət Heydər Əliyev mərhələsini
yaşayıb, Allah ona rəhmət eləsin. Siyasi hikmət
sahibi, uzaqgörən dahi rəhbər, doğrudan da, öz
ölkəsini çox çətin bir zamanda
dağılmağa qoymadı. Əksinə, ölkəsini
ayağa qaldırdı və bütün çətinliklərin
öhdəsindən gələ bildi. Məhz Prezident çətinliklərin
öhdəsindən gəlməklə yanaşı, öz
ölkəsinin parlaq gələcəyini də qura bildi.
Sonra Azərbaycanın
böyük oğlu, zati-aliləri İlham Əliyev
dövrü gəldi və o da öz valideyninin yolunu uğurla
davam etdirdi. Ölkədə əmin-amanlığı,
sabitliyi daha da möhkəmləndirdi. Tam milli birliyə nail
oldu və əlavə olaraq təhsil, səhiyyə, quruculuq, ətraf
mühit və yeni iş yerlərinin təminatı, xalqın
rifah halının yüksəldilməsi, əmək
haqlarının artırılması sahəsində
böyük nailiyyətlər qazandı.
Heydər Əliyev Fondu
kimi bir fond yaradıldı. Azərbaycan öz siyasəti sayəsində
dünya miqyasında layiqli yerini tutdu. Bakı da çox
gözəl bir şəhərə çevrildi.
Möhtərəm
Prezident!
Bu gün belə bir
kompleksin tikilməsi bir daha onu göstərir ki, Azərbaycanda
siyasi və dini rəhbərlik amala xidmət edir. Bəlkə
də başqa ölkələrdə belə bir birlik mövcud
deyildir. Mən doğrudan da, Azərbaycanda dini və siyasi rəhbərliyin
möhkəm dostluğunun şahidi olmuşam. Hələ
çox illər bundan öncə, ümummilli lider, mərhum
Heydər Əliyevlə dini rəhbər şeyxülislam
Allahşükür Paşazadə arasında
qarşılıqlı səmimi əlaqələrin şahidi
olmuşam. Məhz belə birlik ölkədə əmin-amanlığa,
inkişafa və çiçəklənməyə xidmət
edən amillərdir. Məhz Azərbaycanın timsalında
siyasi müdriklik və hikmətin birliyinin qələbəsini
görürük.
Zati-aliləri!
Dini idarəyə
göstərdiyiniz dəstək və qayğı, belə bir
möhtəşəm kompleksin inşası Sizin dini və
milli mənəvi dəyərlərə verdiyiniz ali qiymətin
aydın təzahürüdür. Biz Allahdan arzu edirik ki, Siz həmişə
belə xeyirxah işlərdə
çalışasınız, həmişə belə
xeyirxah işləriniz olsun. Çünki, məhz belə
işlər xalqın milli mənəvi dəyərlərinin
daha da gücləndirilməsinə xidmət edir.
Adil əl-Fəlah
ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, humanitar və mənəvi
sahələrdə yaxşı əlaqələr qurduğunu
dedi və gələcəkdə də bu əməkdaşlığın
davam etdiriləcəyinə əmin olduğunu söylədi.
O, ulu öndər Heydər
Əliyevin fəaliyyətinə həsr etdiyi kitabını
Prezident İlham Əliyevə təqdim etdi.
Şimali Qafqaz Müsəlmanları
Şurasının sədri İsmayıl BERDIYEV təmsilçisi
olduğu bölgənin müsəlmanlarının təbrikini
çatdırdı, şeyxülislam Allahşükür
Paşazadənin MDB Müsəlmanları Məsləhət
Şurasının sədri seçilməsini Azərbaycanın
durmadan artan nüfuzunun bariz nümunəsi olduğunu
vurğulayaraq dedi:
- Həqiqətən Siz
çox gözəl bina tikdirmisiniz. Bütün bunlar onun sayəsində
baş tutmuşdur ki, Sizin ailənizdə inam vardı. Biz Heydər
Əliyevin şeyxülislama necə münasibət bəsləməsini,
onun məscidə gəlməsini, həcc ziyarətində
olmasını görmüşük. Biz bunların
hamısını görmüşük. Siz də onun yolu ilə
getmisiniz.
Biz bu məsciddə hələ
sovet dövründə olmuşuq. Keçən əsrin 80-ci
illərində Allahşükür Paşazadə burada
konfrans təşkil etmişdi. Bütün bunlar bizim
gözümüzün qabağında olmuşdur. Sovet
İttifaqı dağılandan sonra çətin dövr
başlandı. Mən həmin dövrü qarışıq
dövr adlandırıram. O vaxt Azərbaycan xalqı
özünün dini lideri Allahşükür Paşazadə
ilə birlikdə Heydər Əliyevə müraciət etdi və
o, gəlib ölkəyə rəhbərlik etməyə
başladı. Bu, çox çətin dövr idi. Heydər Əliyev
bu ölkəni dirçəltdi, onu çiçəklənən
diyara çevirdi. Siz bütün bu işləri davam
etdirirsiniz. Allah Sizə qüvvət və cansağlığı
versin. Bu həqiqətən çox nəcib işdir. Sizin
gördüyünüz işlər - bu gözəl kompleks həqiqətən
əsrlər boyu qalacaqdır. Bu məscid inqilabdan əvvəl
tikilmişdir. Siz onu yeniləşdirdiniz və indi o daha bir
neçə əsr qalacaqdır.
Biz Şimali Qafqazda
ümmət qarşısında, müsəlman cəmiyyəti
qarşısında xidmətlərə görə orden təsis
etmişik. Bu ordenin birincisini Vladimir Vladimiroviç Putinə təqdim
etmişik. Onun Qafqazda oynadığı rolu Siz çox
yaxşı bilirsiniz. Lap yaxın vaxtlarda bizim Prezident Dmitri
Anatolyeviç burada olmuşdur. Biz çox şadıq ki,
Sizin onunla çox yaxşı münasibətiniz vardır. Ümid
edirik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə
tənzimlənəcəkdir. Bunun üçün biz ulu
Tanrıya dua edəcəyik.
Bu ordenlə təltif
etdiyimiz adamlar arasında Sizin atanız Heydər Əliyev də
vardı.
Biz Sizə də bu
ordeni təqdim etmək istərdik. Lap yaxın vaxtlarda biz
Küveyt Əmirinə də bu ordeni təqdim etmişik.
Şimali Qafqaz Müsəlmanları
Şurasının sədri İsmayıl Berdıyev islam
ümməti qarşısındakı xidmətlərinə
görə ordeni Prezident İlham Əliyevə təqdim etdi.
Qafqaz Müsəlmanları
İdarəsinin sədri, şeyxülislam
Allahşükür PAŞAZADƏ mərasim
iştirakçılarına təşəkkür edərək
dedi:
- Əlbəttə ki,
hörmətli qardaşlarım, İsmayıl Berdıyev həzrətləri
çox gözəl çıxış etdilər, Adil əl-Fəlah
həzrətləri və başqaları burada gözəl
sözlər danışdılar. Dinimiz, mənəvi dəyərlərimiz
haqqında ən qiymətli fikirləri əlbəttə ki,
Prezident həzrətləri söylədi. Deyə bilərəm
ki, bizim yolumuz, inşallah, düzgün yoldur. Dövlətimizin
başçısının müəyyənləşdirdiyi
yol düzgün yoldur. Bu yol öz faydasını, öz bəhrəsini
verir. Bu bəhrənin bu gün siz hamınız
şahidisiniz. Ayın 21-də Azərbaycanın nümayəndəsi
YUNESKO-da bölgə müsəlmanlarını təmsil edəcəkdir.
Bir həftə bundan əvvəl məni MDB Müsəlmanları
Məsləhət Şurasının sədri seçdilər.
Bunlar mənə və mənim şəxsiyyətimə
görə deyildir. Bu, Azərbaycan dövlətinin
başçısının apardığı uğurlu siyasətin
bəhrəsidir. Mənim Allahdan bir arzum vardır. Əvvəla
Allahdan sizə cansağlığı arzu edirəm. Allah-təaladan
arzu edirəm ki, Qarabağ probleminin tezliklə həll
olunmasında bizə kömək eləsin. Mən bizim
Prezidentimizə, onun ailəsinə Allahdan möhkəm
cansağlığı diləyirəm.
Bu gün Prezident həzrətləri
buraya öz ailəsi ilə gəlib. Bu o deməkdir ki,
Prezidentimizin dinimizə, mənəviyyatımıza, tariximizə
böyük məhəbbəti, xoş münasibəti
vardır. Buna görə, inşallah, bizim dinimiz, mənəviyyatımız,
tariximiz, Azərbaycanımız həmişə
yaşayıb və yaşayacaqdır. Dövlətimizin
başçısının rəhbərliyi ilə Azərbaycan
inkişaf edir və edəcəkdir, inşallah. Allah ona, ailəsinə
cansağlığı versin.
Möhtərəm
Prezident, Qafqaz müsəlmanları adından Sizə minnətdarlığımızı
bildiririk. Arzu edirik ki, ölkəmiz, xalqımız
üçün böyük işlər görməkdə
Allah-təala Sizin köməyiniz olsun. Çox sağ olun.
Bu tədbirdə
iştirak edənlərin hamısına minnətdarlığımı
bildirirəm. Allah hamınıza cansağlığı
versin.
Sağ olun.
* * *
Qafqaz Müsəlmanları
İdarəsinin inzibati binası ilə tanışlıqdan
sonra dövlətimizin başçısı mərasimdə
iştirak edənlərin bir qrupu ilə xatirə şəkli
çəkdirdi.
Mərasim
iştirakçılarına Təzəpirin tarixi haqqında
4 dildə çap olunmuş kitablar hədiyyə edildi.
Açılış mərasimində
Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov,
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev,
parlamentin deputatları, xarici ölkələrin
Bakıdakı səfirləri, xarici qonaqlar iştirak
etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 7 iyul.- S. 2, 3