İyulun 6-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Təzəpir məscid
kompleksinin açılışında iştirak edən
xarici ölkələrin din xadimlərini qəbul etmişdir.
Dövlətimizin
başçısı Təzəpir məscid kompleksinin
açılış mərasimində iştirak etdiklərinə
görə qonaqlara minnətdarlığını bildirərək
dedi ki, bizim müxtəlif xalqlarla, o cümlədən din
xadimləri ilə yaxşı münasibətlərimiz
vardır. Qafqazda sülh hamıya lazımdır. Həm
regionda yaşayan xalqlara, həm də bütün dünyaya. Təəssüflər
olsun ki, regionumuzda həmişə münaqişələr,
müharibələr olub və bu gün də vardır. Bütün
bunlara ancaq birgə səylərlə son qoymaq olar.
Azərbaycan Prezidenti
vurğuladı ki, biz öz dinimizi dünyaya olduğu kimi təqdim
etmək üçün maarifləndirmə işlərini
gücləndirməliyik. Müxtəlif təşkilatlar
çərçivəsində tədbirlər də
keçirilməlidir. Prezident İlham Əliyev bu istiqamətdə
Bakıda keçirilən mühüm tədbirlər barədə
qonaqlara məlumat verdi və dedi ki, Azərbaycan dinlərarası
dialoqun mərkəzi olmaq imkanına malikdir. Bir tərəfdən,
Azərbaycanda islam ənənələri çox möhkəm
və qədimdir. Digər tərəfdən, ölkəmizin
coğrafi vəziyyəti də öz rolunu oynayır. Azərbaycan həm Avropanın, həm də Asiyanın bir hissəsidir.
Müsəlman dövlətləri
ilə yaxşı əlaqələr qurmaqla yanaşı,
Avropa Şurasının üzvü olan və digər Avropa
qurumları ilə əməkdaşlıq edən Azərbaycanın
çoxmillətli və çoxkonfessiyalı ölkə
olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki,
respublikamızın hər bir vətəndaşı
özünü cəmiyyətin bir hissəsi kimi hiss edir. Hakimiyyətlə
din xadimləri arasında möhkəm dostluq əlaqələri
vardır. Bunun əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulub və bu gün də davam etdirilir.
Dövlətimizin
başçısı bu məsələlərdə Qafqaz
Müsəlmanları İdarəsinin və MDB Müsəlmanları
Məsləhət Şurasının sədri
şeyxülislam Allahşükür Paşazadənin xidmətlərindən
də danışdı. Daha sonra Prezident İlham Əliyev
respublikamızın iqtisadi inkişafı barədə xarici
ölkələrin din xadimlərinə məlumat verərək
bildirdi ki, dünyada mövcud olan iqtisadi böhrana baxmayaraq,
son beş ayda Azərbaycanın iqtisadiyyatında 4,5 faiz
artıma nail olunmuşdur. Bütövlükdə son beş
il ərzində iqtisadiyyat 2,6 dəfə artmışdır.
Yoxsulluq 49 faizdən 13 faizə enmiş, 800 minə yaxın
yeni iş yeri yaradılmışdır. Regionlarda sosial məsələlərin
həllinə böyük diqqət yetirilir.
Prezident İlham Əliyev
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi zamanı doğma yurdlarından didərgin
düşmüş məcburi köçkünlərin, eləcə
də Ermənistandakı qədim torpaqlarından qovulmuş
soydaşlarımızın və Orta Asiyadan Azərbaycana
köçmüş mesxeti türklərinin problemlərinin
həlli istiqamətində görülən işlərdən
danışmışdır. Dövlətimizin
başçısı bildirmişdir ki, qonşu ölkələrdən
fərqli olaraq, biz bu problemləri kənardan yardım almadan,
öz gücümüzlə həll edirik.
Daha sonra Azərbaycan
Prezidenti Rusiyanın regionları, xüsusilə də
Şimali Qafqaz respublikaları ilə əlaqələrdən,
bütövlükdə qonşu Rusiya Federasiyası ilə
münasibətlərin bugünkü vəziyyətindən
danışmış, Azərbaycan ilə Rusiya arasında
ticari-iqtisadi və humanitar sahələrdə əlaqələrin
genişləndirilməsinin hər iki ölkə
xalqlarının mənafeyinə xidmət etdiyini əsaslandırmışdır.
Şimali Qafqaz Müsəlmanları
Şurasının sədri İsmayıl Berdıyev Təzəpir
məscid kompleksinin əsaslı yenidənqurmadan sonra
dindarların istifadəsinə verilməsini çox
mühüm hadisə kimi dəyərləndirmiş və
demişdir ki, Allah eşqinə bu dünyada məscid tikənə
Allah-təala cənnətdə saray tikir. İsmayıl
Berdıyev ulu öndər Heydər Əliyev haqqında
xoş xatirələrini də dilə gətirmiş, Azərbaycanda
dinlə dövlət arasındakı dostluğun digər
ölkələr üçün nümunə olduğunu
söyləmiş, bu amilin respublikada gedən inkişaf
prosesinə təsirindən danışmışdır.
"Mən Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin din xadimlərinə
və ümumiyyətlə, müsəlmanlara gözəl
münasibətinin şahidiyəm", - deyən Azərbaycan-İran
Dostluq Cəmiyyətinin sədri Əhəd Qəzai
bildirmişdir ki, bu qayğı hazırda Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir və Təzəpir
məscid kompleksinin yenidən qurularaq dindarların istifadəsinə
verilməsi bunun əyani təzahürüdür. Əhəd
Qəzai Azərbaycanda digər məscidlərin, müqəddəs
ocaqların da bərpasına diqqət yetirilməsini müsbət
hal kimi səciyyələndirmişdir.
Küveyt Dövlətinin
islam və vəqf nazirinin müavini Adil əl-Fəlah
Prezident İlham Əliyevi, bütün Azərbaycan
xalqını Təzəpir məscid kompleksinin
açılışı ilə əlaqədar təbrik
etmiş və din xadimlərinin belə formatda
görüşünün təşkilinə görə
dövlətimizin başçısına minnətdarlığını
bildirmişdir. Bakı barədə təəssüratlarını
danışan qonaq yüksək inkişafda Azərbaycan
Prezidentinin xüsusi xidmətləri olduğunu söyləmişdir.
Bu yaxınlarda
Küveytdə səfərdə olduğunu vurğulayan
Prezident İlham Əliyev Küveyt Əmiri ilə səmərəli
danışıqlar apardığını və onu Azərbaycana
səfərə dəvət etdiyini bildirmişdir.
Dövlətimizin
başçısı Adil əl-Fəlahdan xahiş
etmişdir ki, onun salamlarını və dəvətini bir
daha Küveyt Əmirinə çatdırsın.
AzərTAc
Azərbaycan.- 2009.- 7 iyul.- S. 3.