Xəbər verdiyimiz
kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyunun 30-da Rusiya Dövlət Televiziya kanalının "Vesti
v subbotu" verilişinin aparıcısı Sergey Brilyova
müsahibə vermişdir.
AzərTAc həmin
müsahibənin mətnini oxuculara təqdim edir.
Sual:
Hörmətli İlham Heydər oğlu, Dmitri Medvedevlə
Sizin imzaladığınız, indiyə qədər misli-bərabəri
olmayan müqavilənin əhəmiyyətini çoxları hələ
dərk etmir. Uzun illər boyu Azərbaycana qaz satmış
Rusiya indi ilk dəfədir ki, Azərbaycandan qaz alır. Bunun mənası
nədən ibarətdir və nə üçün hamı
razıdır? Dünən Siz çox məmnun
görünürdünüz.
İlham Əliyev: Bu saziş, həqiqətən, həm
Rusiyanın, həm də Azərbaycanın maraqlarına cavab
verir. Bizə gəldikdə, bu saziş bizim üçün
yeni, böyük bazara çıxmaq imkanı, qaz
satışının tamamilə şaxələndirilməsini
təmin etmək imkanı deməkdir. Çünki bizim qaz
ixracı əvvəldən Qərbə istiqamətlənmişdi
və bu gün Azərbaycan qazı artıq dörd ölkəyə
satılır. Buna görə də Rusiya bazarına
çıxış, əlbəttə, böyük əhəmiyyət
kəsb edir. Mən dünən qeyd etdim ki, indiki halda
infrastruktur, qaz kəməri artıq mövcuddur. Əlavə
investisiyalara ehtiyac yoxdur, tranzit dövlətlər yoxdur, ona
görə də tranzit barədə danışıqlarla məşğul
olmaq "ləzzətindən" məhrumuq. Rusiyanın cənub
regionlarının Azərbaycandan göndərilən qazla təmin
edilməsinə ehtiyac var. Çox güman ki, bu, iqtisadi
baxımdan Rusiya tərəfi üçün daha sərfəlidir.
Müxbir: Bəli, bu halda bizə Sibirdən qaz kəməri
çəkmək lazım olmayacaqdır.
İlham Əliyev: Əlbəttə. Üstəlik,
qarşılıqlı faydalı olan yaxşı kommersiya
şərtləri də vardır. Buna görə də bu vəziyyətdə
hər iki tərəf qazanır və Sizin qeyd etdiyiniz kimi,
dünən görüşdə iştirak edənlərin
hamısı məmnun idi.
Sual:
"Qazprom"un başçısı Aleksey Miller jurnalistlərə
məlumat verərkən xüsusi vurğuladı ki,
"Qazprom" Azərbaycana çox sərfəli kommersiya
şərtləri təklif edir, qazı çox sərfəli
qiymətə alır və istehlakın həcmini
artırmağa hazırlaşır. Bu o deməkdirmi Nabukko kəmərini
doldurmaq üçün potensial imkan olmayacaqdır?
İlham Əliyev: Hələlik bu barədə
danışmaq çətindir. Nabukko layihəsinə gəldikdə
isə, biz bu məsələ barədə öz
mövqeyimizi dəfələrlə bildirmişik. Bu ideya
yarananda Azərbaycan təchizatçı kimi nəzərdə
tutulmurdu. Azərbaycan tranzit ölkələrdən biri hesab
edilirdi. Əsas təchizatçılar başqa ölkələr
hesab olunurdu və hələ də belə hesab edilir. Lakin
görünür, ilkin təchizatçılarla müəyyən
səbəblər üzündən razılıq əldə
edilməsində çətinliklər yaranmış və
Azərbaycanın artıq böyük həcmdə qaz hasil edən
ölkəyə çevrilməsi ilə əlaqədar əlbəttə,
bizə də maraq yaranmışdır. Təbii ki, biz qaz
potensialımızın tam reallaşdırılmasında
maraqlıyıq. Bizim qaz ehtiyatlarımız çox
böyükdür. Buna görə də təbii ki, biz yeni
ölkələrin bazarlarına
çıxmağımıza imkan verəcək layihələri
dəstəkləyirik. Lakin biz özümüzün qaz
infrastrukturunu artıq yaratmışıq. Onun bir qismi, məsələn,
Rusiya ilə bizi əlaqələndirən qaz kəməri
sovet dövründən qalmış, bir qismi təzə
tikilmişdir. Buna görə də yeni qaz kəmərlərinin
tikintisinə sərmayə qoymağımıza heç bir
lüzum yoxdur. İndi elə vəziyyət yaranıb ki,
istehlakçıların qaza marağı istehsalçıların
marağından üstündür. İstehsalçıların
qarşısında ciddi problemlər yoxdur, çünki bazar
başqa variantları nəzərdən keçirməyə
imkan verir. Təbii ki, belə olan halda yeni infrastrukturu
istehlakçılar yaratmalıdırlar, onlar sərmayə
qoymalı, öz enerji təhlükəsizliyini təmin etməlidirlər.
Müxbir: Necə deyərlər, sizə lazımdır, siz də
tikin.
İlham Əliyev: Ümumiyyətlə, belədir.
Lap sadə dildə desək, yəqin ki, belədir. Bununla bərabər,
əlbəttə, əgər qazın nəqli
üçün əlavə vasitələr yaradılsa, bu,
bizim yalnız xeyrimizə olacaqdır. Əgər Nabukko qaz kəməri
tikilsə və bizə münasib kommersiya şərtləri
təklif etsələr, əlbəttə, biz bundan istifadə
edəcəyik. Lakin biz bu prosesi başlamaq təşəbbüsünü
irəli sürməyəcəyik və onu maliyyələşdirməyəcəyik.
Bu, bizim birmənalı mövqeyimizdir. Bu mövqe hamıya - həm
Qərbdə, həm Türkiyədə, həm də
başqa ölkələrdə olan tərəfdaşlarımıza,
bizim qazın potensial alıcılarına məlumdur. Buna
görə də dünən imzalanmış müqavilə
ikitərəfli xarakter daşıyır. Azərbaycandan
Rusiyaya göndəriləcək qaz Azərbaycan Dövlət
Neft Şirkəti tərəfindən hasil edilir. Bu, gələn
il hasilatının artırılması nəzərdə
tutulan "Şahdəniz-1" yatağından
çıxarılan qaz ola bilər. Bu, gələcəkdə
"Şahdəniz-2" yatağından və başqa
yataqlardan çıxarılan qaz da ola bilər. Bizim qazın
alıcısı kimi Rusiya üçün bu, yəqin ki, əsas
mövzu deyildir. Əsas mövzu təchizatın,
qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinin
etibarlı və uzunmüddətli olmasıdır.
Sual:
Hazırda söhbət Azərbaycan qazının Rusiyanın
cənubundakı istehlakçılara satışından
gedir. Bəs, Siz Rusiya ərazisinə, həm də Azərbaycan
qazının oradan Avropaya satışı üçün
tranzit ərazi kimi baxırsınızmı?
İlham Əliyev: Mənim bildiyimə görə,
Rusiya qanunvericiliyi Rusiya ərazisindən tranzitin
mümkünlüyünü nəzərdə tutmur. Biz bu məsələni
qaldırmışdıq. Məsələn, Türkiyədə
bizə məxsus olan neft-kimya kompleksinin Rusiyadan qaz ala bilməsi
üçün svop əməliyyatları məsələsi
nəzərdən keçirilmişdir. Bu variant da istisna
edilmir. Ona görə də, indiki halda Azərbaycan qazı
Rusiya sərhədini keçəndən sonra onun haraya gedəcəyinin
bizim üçün ciddi fərqi yoxdur.
Müxbir: Başlıcası odur ki, sərhədi keçərkən
yaxşı qiymət ödəsinlər.
İlham Əliyev: Əlbəttə,
başlıcası budur. Əsas məsələ uzunmüddətli
münasibətlərin etibarlı olması, hər hansı
bazar konyunkturunun artıq razılaşdırılmış
mövqelərə düzəlişlər etməməsidir. Buna
görə də müqavilə öhdəliklərinin
etibarlı və uzunmüddətli olması hər bir ölkə
üçün, o cümlədən dünyada qazın əsas
təchizatçısı olan Rusiya üçün, həm
də bizim üçün prioritet məsələdir.
Sual:
Axşam danışıqlar başa çatdıqdan sonra Siz
Dmitri Anatolyeviç Medvedevlə Xəzər dənizinin
dalğalarına tamaşa etməyə getdiniz. Həmin
dalğalara baxanda, xüsusən, Bakıda keçiriləcək
növbəti Ümumxəzər sammiti ərəfəsində
ürəyinizdən hansı fikirlər keçirdi? Xəzəryanı
dövlətlər öz mövqelərinin
razılaşdırılması baxımından çox uzun
bir yolun hansı mərhələsindədir?
İlham Əliyev: Bu mənzərə bizim
üçün təzə deyil. Biz Xəzər dənizinin
mənzərəsinə adət etmişik. Lakin əminəm
ki, Bakı sakinlərinin mütləq əksəriyyəti Xəzər
dənizinə enerji ehtiyatları mənbəyi kimi və həll
edilməsi zəruri olan məsələ kimi baxmır - mən
beş Xəzəryanı dövlətin delimitasiyasını
nəzərdə tuturam. Biz həmişə bu fikirdə
olmuşuq və indi də belə düşünürük.
Xəzər dənizi bizim üçün həyat tərzidir,
təbiətdir, çimərliklərdir, istirahətdir. Lakin
iş elə gətirib ki, Xəzərin enerji ehtiyatları,
ekoloji təhlükəsizliyi, Xəzərdə milli
sektorların müəyyən edilməsi məsələləri
təkcə Xəzəryanı dövlətləri deyil, daha
geniş formatda bir sıra başqa ölkələri də
narahat edən məsələlərdir. Əlbəttə, biz
istərdik ki, Xəzər dənizinin delimitasiyası məsələsinin
tam tənzimlənməsinə nail olaq. Bunun üçün
yaxşı baza vardır. Mən hesab edirəm ki, bunun
üçün zəmin artıq mövcuddur. Məsələn,
Azərbaycan və Rusiya, Azərbaycan və Qazaxıstan, Rusiya
və Qazaxıstan arasında ikitərəfli sazişlər
imzalanmışdır. Bu müqavilələr həm də
çoxtərəfli, beştərəfli sazişin əsası
olmalıdır.
Müxbir: Türkmənləri və iranlıları da
inandırmaq üçün.
İlham Əliyev: Mənim fikrimcə, Rusiya,
Qazaxıstan və Azərbaycan öz aralarında bu müqavilələri
bağlayarkən beynəlxalq hüquq normalarını, öz
milli maraqlarını əsas götürmüşlər. Biz
onu əsas götürmüşük ki, Xəzər hər
ölkəyə 20 faiz olmaqla deyil, milli sektorlara uyğun
bölünməlidir. Əgər belə olsaydı, Rusiya bəlkə
də qane olmazdı ki, ona 20 faiz deyil, daha az pay
düşür. Buna görə də hər ölkəyə
20 faiz olmaqla bölgü yanaşmasının heç bir əsası
yoxdur və bu, sadəcə, məsələni
dolaşdırmaq deməkdir. Əlbəttə, mənim fikrimcə,
bütün mövqeləri öz aralarında artıq
razılaşdırmış, bütün sərhədləri
müəyyən etmiş ölkələrin öz mövqelərini
müdafiə etməyə daha çox haqqı vardır. Çünki
bu mövqe beynəlxalq miqyasda tanınmışdır.
İstərdik ki, Xəzər regionundakı bütün
ölkələr bu mövqedən çıxış etsinlər.
Əlbəttə, hər bir ölkənin öz mövqeyi
vardır. Lakin Xəzərin statusunun müəyyən edilməsi
məsələsinin uzadılması istər ekoloji təhlükəsizlik
baxımından, istərsə də təbii ehtiyatların
istifadəsi üçün böyük problem deyildir. Biz
öz neftimizin və qazımızın çox hissəsini Xəzərdən
çıxarırıq. Xəzərin statusunun tənzimlənməmiş
qalması bizə mane olmur. Ancaq istərdik ki, bu mövzu
havadan asılı qalmasın, hər hansı
spekulyasiyaların mövzusuna çevrilməsin, belə
qeyri-müəyyən vəziyyətdə qalmasın.
Bundan əvvəl Tehran
sammitində qərara alınmışdır ki, növbəti
sammit Bakıda keçiriləcəkdir. Biz həmin sammiti
keçirməyə hazırıq. Lakin, əlbəttə, bu
sammitin sadəcə söhbət edib dağılışmaq
üçün görüşə çevrilməməsindən
ötrü müəyyən qərarlar
hazırlanmalıdır.
Sual:
Sizinlə söhbətdə bir mövzudan yan keçə
bilməyəcəyəm. Son iki həftə ərzində
dünya xəbərlərində bu məsələ ilk sətirlərdə
yer tuturdu. Xüsusən də, ona görə ki, Sizin iqamətgahın
pəncərələrindən Xəzər
görünür. Mənim coğrafiyadan bildiyimə görə,
Siz İran tərəfə baxırsınız və etnik azərbaycanlıların
təqribən dörddə üç hissəsi də Azərbaycan
Respublikasında deyil, məhz İranda yaşayır. Azərbaycan
rəhbərliyinin fikrincə, Tehranda baş vermiş son
dramatik hadisələr, ümumiyyətlə, seçkilərdən
sonra İranda vəziyyət necə qiymətləndirilir?
İlham Əliyev: Bilirsinizmi, Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra bizim bütün ölkələrlə,
o cümlədən və yəqin ki, ilk növbədə,
qonşu ölkələrlə münasibətlərimiz
mehriban qonşuluq, dostluq və bir-birinin daxili işlərinə
qarışmamaq prinsiplərinə əsaslanır. Müstəqillik
dövrünün ilk iki ili istisna olmaqla, bütün bu
müddət ərzində biz həmişə bu qızıl
qaydaya əməl etmişik. Bu, qonşularla münasibətlərimizi
həmin ölkələrdə hakimiyyətin və idarəetmənin
hansı strukturunun mövcudluğundan asılı olmayaraq, məhz
qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə
qarışmamaq əsasında qurmağa imkan vermişdir. Diqqət
yetirsək, həm keçmiş SSRİ məkanında, həm
də bizim regionda idarəetmə mexanizmlərinin tamamilə
müxtəlif olduğunu görərik. Buna görə də,
biz İranda seçkilərlə əlaqədar məsələləri
bu ölkənin daxili işi hesab edirik. Onlar özləri
heç kəsin məsləhəti və müdaxiləsi
olmadan bu məsələni daha yaxşı ayırd edərlər.
Sual:
Bakılı tanışlarım İran radiosunda son günlərdə
səslənən verilişlərin məzmununu mənə
söyləyiblər. İran öz növbəsində, Azərbaycanın
daxili həyatının bəzi məqamlarına ciddi maraq
göstərir. Məsələn, Dmitri Anatolyeviç
Medvedevin Bakıya səfəri ərəfəsində Siz
burada İsrail Prezidentini qəbul edirdiniz. Əhalisinin əksəriyyəti
müsəlman olan bir ölkə üçün bu, çox
qeyri-adi haldır. Ümumiyyətlə,
Siz bu cür çoxvektorlu siyasəti necə qurursunuz?
İlham Əliyev: Biz həmin siyasəti
çoxvektorlu hesab etmirik. Bəzən bu siyasətə bir qədər
tarazlaşdırılmış çoxvektorluluq
çalarları gətirilir. Bəlkə də kənardan
baxanda belə görünür, lakin bizim üçün bu,
təbii prosesdir. Fikrimcə, Azərbaycanın timsalında
çoxları yəqin edə bilər ki, bir-biri ilə,
yumşaq desək, dostluq etməyən ölkələrlə
yaxşı münasibətlər qurmaq tamamilə
mümkündür. Lakin bu bizim problem deyildir. Əgər bizim
tərəfdaşlarımızın və
dostlarımızın öz aralarında problemləri varsa,
biz həmişə onu əsas götürmüşük ki,
Azərbaycan həmin ölkələrin öz münasibətlərini
ayırd edəcəyi yerə çevrilməməlidir. Müəyyən
dövrdə bu cür meyillər olmuşdur və öz
aralarında problemləri olan ölkələr Azərbaycanın
bu və ya digər ölkə ilə nə üçün
yaxşı münasibət yaratmasına qısqanclıqla
yanaşırdılar. Lakin regionda bizim mövqeyimiz möhkəmləndikcə,
hamıya aydın olmuşdur ki, Azərbaycan özünü təmin
edə bilən ölkədir. Hətta iqtisadi böhran da
göstərdi ki, biz yardımlardan, bəxşişlərdən,
ianələrdən asılı deyilik...
Müxbir: Mənim bildiyimə görə, Azərbaycanın
milli valyutası manatın məzənnəsi elə əvvəlki
kimidir.
İlham Əliyev: Bəli, tamamilə doğrudur. İqtisadiyyat
inkişaf edir. Bu ilin ilk beş ayı ərzində ÜDM 4,5
faiz, qeyri-neft sahəsində isə 6 faizdən çox
artmışdır. Buna görə də, artıq başa
düşürlər ki, bizim işlərimizə
qarışmasalar yaxşıdır. Əlbəttə, bəzi
narazılıq amilləri ola bilər. Bizim də
narazılığımız ola bilər. Lakin Azərbaycan ərazisinin
işğalını davam etdirən ölkənin prezidentini
İranda ən yaxşı dost kimi qəbul edəndə biz
ki, buna etirazımızı bildirmirik. Biz buna tamamilə adi
yanaşırıq. Bu, İranın daxili işidir. Müsəlman
dövlətlərinin rəhbərləri Ermənistana rəsmi
səfərlər edəndə və həmin ölkə ilə
dostluq və qardaşlıq haqqında bəyanatlar verəndə
də eyni cür. Biz belə hallara hər hansı əsəbi
jestlərlə münasibət bildirmirik. Buna görə də
təbii ki, biz də özümüzə eyni münasibət
tələb edirik.
Sizin dediyiniz məqamlar
və müəyyən narazılıq halları o qədər
aşağı səviyyədə ifadə olunmuşdur ki, bunu
araşdırmağa ehtiyac qalmamışdır. Heç bir
dövlətin rəsmi strukturları bununla əlaqədar bizə
heç bir mesaj göndərməmişdir.
Sual: Siz Ermənistanın
adını çəkdiniz. Bu, təbii haldır. Dmitri
Medvedevlə birgə bəyanat zamanı Siz Rusiyanın vasitəçiliyi
ilə Sankt-Peterburqda Ermənistan Prezidenti ilə son
görüşünüzün nəticələrini
çox yüksək qiymətləndirdiniz. Rusiyanın vasitəçiliyi
ilə Ermənistanla münasibətlər barədə Sizdə
nikbinlik doğuran konkret amil nədən ibarətdir?
İlham Əliyev: Mənim dediklərim məhz
danışıqlar prosesinin bugünkü vəziyyətini və
Rusiyanın rolunu tam əks etdirir. Tənzimləmənin vasitəçilərindən
biri kimi Rusiyanın rolunun nə qədər səmərəli
olduğunu görürük. Moskvada imzalanmış, problemin
həlli yollarını müəyyənləşdirən və
beynəlxalq hüququn prinsiplərinə və beynəlxalq təşkilatların
qərarlarına əsaslanan bəyannamə buna misaldır. Dünən
Dmitri Anatolyeviç də bu barədə danışdı.
Ermənistan və Azərbaycan
prezidentləri arasında Rusiyada görüşlərin təşkil
edilməsi də bu qəbildəndir. Son bir ildə iki
görüş istisna olmaqla, qalan görüşlərin
hamısı Rusiya ərazisində keçmişdir və biz
Rusiyada bir daha görüşmək barədə yeni təklif
almışıq. Rusiya Prezidentinin iştirak etdiyi ötən
görüş də çox səmərəli olmuşdur. Yəni,
biz, hər halda, Azərbaycanda aydın görürük ki,
Rusiya tərəfi münaqişə tərəflərinin
razılığa gəlməsinə həqiqətən,
kömək etmək istəyir. Müəyyən nəticələr
də vardır, çünki danışıqlar prosesi
mürəkkəb olsa da, biz düzgün istiqamətdə irəliləyirik.
Sual:
Danışıqların məxfiliyini açıqlamamaq
şərti ilə nə deyə bilərdiniz? Normallaşmanın
başlanması üçün oriyentir nə ola bilər?
İlham Əliyev: Siz müddətləri nəzərdə
tutursunuz, yoxsa mahiyyəti?
Müxbir: Mahiyyəti.
İlham Əliyev: Mahiyyət etibarilə
razılıq əldə edilmişdir ki,
işğalçı Ermənistan qoşunlarının Azərbaycanın
işğal edilmiş ərazilərindən
çıxarılmasına başlanmalı, hazırda
Dağlıq Qarabağda yaşayan vətəndaşların
və işğal edilmiş ərazilərə, o cümlədən
Dağlıq Qarabağa qayıdacaq, milliyyətcə azərbaycanlı
olan vətəndaşların da təhlükəsizliyinə
beynəlxalq zəmanət təmin edilməlidir. Biz hesab edirik
ki, indiki halda siyasi zəmanətlər hərbi və ya hər
hansı sülhməramlı zəmanətlərdən qat-qat
sanballıdır. Söhbət ondan gedir ki, biz Dağlıq
Qarabağda yaşayanların işğal edilmiş yeddi
rayonun hamısı qaytarılandan sonra Dağlıq
Qarabağın Ermənistandan coğrafi mənada yenidən təcrid
edilə biləcəyindən narahat olduqlarını başa
düşürük, Dağlıq Qarabağın Ermənistanla
heç vaxt əlaqəsi olmayıb. Buna görə də biz
hazırda orada yaşayanların narahatlığını
başa düşürük və yerüstü əlaqə
məsələsini konstruktivlik və beynəlxalq normalar
ruhunda nəzərdən keçirməyə hazırıq,
bu əlaqə etibarlı olmalı, narahatlığa əsas
verməməlidir.
Biz qarşı tərəfin
narahatlığının səbəblərini başa
düşürük. Dağlıq Qarabağın statusu məsələsinə
gəldikdə isə, bu, gələcəyin işidir. Bu
gün bizim müzakirə etdiyimiz, qəbul etdiyimiz və
razılaşdırdığımız təkliflərdə
status məsələsi yoxdur. Əgər mövqelərin
razılaşdırılması üçün bu mövzu
yenidən ilkin şərt kimi irəli sürülərsə,
biz heç nəyə nail olmayacağıq. Buna görə də
real həyatda olanları başa düşmək
lazımdır. Əlbəttə, biz Dağlıq
Qarabağın müstəqil dövlət kimi mövcud
olmasını mümkün hesab etmirik və Azərbaycan
heç vaxt buna razılıq verməyəcəkdir.
Bizə belə gəlir
ki, erməni tərəfi bunu başa düşür. Eyni
zamanda, erməni tərəfi hesab edir ki, Dağlıq
Qarabağda hazırda mövcud olan özünüidarə səviyyəsi
saxlanılmalıdır. Sovet dövründə Dağlıq
Qarabağ Muxtar Vilayəti mövcud idi. Vilayətin rəhbərliyində,
vilayət bürosunda cəmi bir nəfər azərbaycanlı
var idi, qalanları erməni idi. Həmin azərbaycanlı da əhalisinin
90 faizi azərbaycanlılar olan Şuşa şəhərinin
rəhbəri idi. Bu gün həmin ərazinin gələcək
fəaliyyəti məsələsini nəzərdən
keçirərkən çox uzağa getməməliyik. Bu
gün biz münaqişənin nəticələrini aradan
qaldırmalı, işğala son qoymalı, bütün millətlərdən
olan vətəndaşların təhlükəsizliyini təmin
etməli, bundan sonra bütün kommunikasiyaları
açmalıyıq. Bundan sonra barışıq baş tuta
bilər. Axı, həm Azərbaycanda, həm də Ermənistanda
azərbaycanlılar və ermənilər
yaşamışdır və heç bir ciddi problem yox idi. Yəni,
barışıq baş tutmalıdır. Biz daim müharibə
vəziyyətində yaşaya bilmərik və biz hərbi
potensialımızı artırmağımıza baxmayaraq,
müharibə istəmirik. Bu onun nəticəsidir ki, atəşkəs
elan ediləndən sonra 15 il müddətində tənzimləməyə
nail ola bilməmişik. Bizim yanaşmamız bundan ibarətdir.
Zənnimcə, əgər Ermənistan tərəfi siyasi iradə
göstərsə və hər bir halda atmalı olduğu
addımları atsa, işğal edilmiş bütün ərazilərdən
çıxsa, azərbaycanlılar Şuşaya, Dağlıq
Qarabağa qayıdandan sonra gələcəkdə biz təbii
ki, statusun müəyyən edilməsi məsələsini də
müzakirə edəcəyik. Əlbəttə, Dağlıq
Qarabağın müəyyən statusu olmalıdır. Biz
bunu başa düşürük. Lakin bir daha deyirəm, biz həmin
statusu suveren Azərbaycan dövlətindən kənarda təsəvvür
etmirik. Zənnimcə, işğal edilmiş ərazilər
azad olunandan sonra danışıqlar prosesi daha konstruktiv ola bilər.
Sual:
Bununla əlaqədar mənim əlavə bir sualım var. Siz
prioritetləri müddətlər üzrə sadalayanda
bütün ərazilər haqqında məsələni birdən-birə
qaldırırsınız, yoxsa məsələn, əvvəlcə
hazırda ermənilərin hərbi nəzarəti altında
olan sırf Azərbaycan rayonlarından başlamağı,
sonra isə Dağlıq Qarabağ məsələsini
qaldırmağı nəzərdə tutursunuz?
İlham Əliyev: Düzdür, belə bir xronologiya
vardır. O, Minsk qrupunun həmsədrlərinin təkliflərində
də mövcuddur. Hətta söhbət Dağlıq
Qarabağın hüdudlarından kənarda yerləşən
işğal edilmiş ərazilərdəki erməni
qoşunlarının mərhələlər üzrə
oradan çıxarılmasından gedir. Yəni, sazişlər
imzalandıqdan dərhal sonra birinci mərhələdə
qoşunların beş rayondan çıxarılması nəzərdə
tutulur. Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən
Kəlbəcər və Laçın rayonlarından erməni
silahlı qüvvələrinin
çıxarılmasını məhz həmin rayonların
coğrafi şəraiti nəzərə alınmaqla, saziş
qüvvəyə minəndən beş il sonra təmin etmək
nəzərdə tutulur. Bizim fikrimizcə, bu, kompromis müddətdir
və yəqin ki, həmin zonada daha artıq təhlükəsizlik
tədbirləri təmin edilməlidir ki, hər iki tərəfin
sülhsevər xarakterinə heç kəsin şübhəsi
olmasın. Lakin erməni silahlı qüvvələrinin eyni
vaxtda bütün yeddi rayondan çıxarılması hər
hansı başqa amillərlə əsla bağlı deyildir və
Minsk qrupunun təkliflərində bu məqam dəqiq göstərilmişdir.
Dağlıq Qarabağın statusu məsələsinə gəldikdə
isə, birinci mərhələdə müvəqqəti status
mexanizmi razılaşdırıla bilər, qəti status məsələsi
isə tərəflər bu barədə razılığa gələndən
sonra həll ediləcəkdir. Bunun üçün ola bilsin
bir il, ola bilsin on il, ola bilsin yüz il vaxt lazım gələcək,
bəlkə də heç vaxt mümkün olmayacaqdır. Bunu zaman göstərər.
Sual:
İlham Heydər oğlu, toxunmaq istədiyim sonuncu mövzu
onunla əlaqədardır ki, Dmitri Medvedevlə Sizin
görüşünüz Barak Obamanın Moskvaya səfərindən
cəmi bir neçə gün əvvəl baş
tutmuşdur. Özü də Azərbaycan ərazisində yerləşən
Rusiya hərbi obyektindən - Qəbələ RLS-dən
ümumdünya raketdənmüdafiə sistemi
yaradılması üçün istifadə edilməsi və
raketdənmüdafiə barədə Moskvanın
amerikalılara hələ inişil təklif etdiyi məsələ
Amerika və Rusiya nümayəndə heyətlərinin
danışıqlar masası üzərindədir. Bu məsələ
barədə Azərbaycanın mövqeyi necədir? Bu barədə
Rusiya ilə Amerika arasında ehtimal edilən sazişlərə
Sizin münasibətiniz necə olacaq?
İlham Əliyev: Qeyd etdiyiniz kimi, bu, təzə məsələ
deyildir. Əvvəllər də ortaya
çıxmışdı. O vaxt bu barədə bizə
müraciətlər olanda biz bunu...
Müxbir: O vaxt Siz dərhal
razılaşmışdınız.
İlham Əliyev: ... müsbət
qarşıladıq. Bəli, yəni, biz bu mövzunu bir
növ müzakirə etməyə
razılaşmışdıq. Amerika və Rusiya nümayəndələri
arasında danışıqlar aparılmış, hətta
rusiyalı və amerikalı mütəxəssislərdən
ibarət birgə qrup Qəbələ stansiyasına səfər
etmişdi. Ona görə də indiki halda biz bu məsələyə
beynəlxalq təhlükəsizliyin çox mühüm
problemini həll etməyə imkan verən bir proses kimi
yanaşırıq. Eyni zamanda, Rusiya ilə Azərbaycan
arasında imzalanmış sazişdə dəqiq göstərilmişdir
ki, stansiyanın idarə edilməsi ilə bağlı hər
hansı dəyişikliklər və ya hər hansı əlavə
addımlar Azərbaycan tərəfi ilə
razılaşdırılmalıdır. Bu stansiya bizim
mülkiyyətimizdir. Təbii ki, stansiyanın fəaliyyətinin
hər hansı yeni formatı Azərbaycanın iştirakı
olmadan qeyri-mümkündür. Yadınızdadırsa, müəyyən
mərhələdə bu mövzuda söhbətlər səngimişdi.
Təbii ki, bu səngimədən sonra biz həmin məsələni
qaldıra bilməzdik. Əgər bu gün ona yenidən maraq
yaranarsa və bu mövzu ciddi müzakirə edilərsə,
onda əlbəttə, biz öz sözümüzü deyəcəyik,
lakin bunu lazımi məqamda edəcəyik.
Əgər Rusiya və
Amerika qlobal beynəlxalq təhlükəsizlik məsələləri
barədə razılığa gəlsələr, buna mane
olmaq fikrimiz yoxdur. Təbii ki, bu halda Azərbaycan həmin
prosesin tərkib hissəsi olacaqdır. Biz həm də qlobal
beynəlxalq təhlükəsizliyin təmin edilməsi
prosesinin tərkib hissəsi olacağıq və təbii ki,
vaxtı gələndə bizim maraqlarımızla əlaqədar
müəyyən şərtlər də irəli sürəcəyik.
Müxbir: Çox sağ olun.
Azərbaycan.- 2009.- 7 iyul.- S. 4.