Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan
və Ermənistanın bir qrup ziyalısını qəbul
etmişdir
Xəbər verdiyimiz
kimi, iyulun 3-də Azərbaycan və Ermənistanın Rusiya Federasiyasındakı
səfirlərinin təşəbbüsü ilə Azərbaycan
və Ermənistanın bir qrup ziyalısı ATƏT-in xətti
ilə Xankəndidə, Şuşada olmuş, oradan Ermənistana
gedərək Prezident Serj Sarkisyan ilə
görüşmüşlər.
Həmin gün qrupun
üzvləri İrəvandan Bakıya gəlmiş və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda
olmuşlar.
Azərbaycan və Ermənistanın
Rusiyadakı səfirlərinin təşəbbüsü ilə
Azərbaycan və Ermənistanın bir qrup ziyalısı ATƏT-in
xətti ilə ilk dəfə 2007-ci il iyunun 28-də əvvəlcə
Dağlıq Qarabağda olmuş, Xankəndi və
Şuşa şəhərlərində, sonra İrəvanda,
daha sonra isə Bakıda görüşlər
keçirmişdi.
İki ildən sonra -
2009-cu il iyulun 3-də yenidən reallaşan təşəbbüs
çərçivəsində Azərbaycan və Ermənistan
ziyalılarından ibarət heyət gün ərzində Xankəndidə,
Şuşada və İrəvanda olmuşdur. Azərbaycan
tarixində, mədəniyyətində, xalqımızın
milli kimlik yaddaşında xüsusi önəmi və yeri olan
Şuşa ilə bağlı təəssüratlar iki il
bundan öncəkindən heç nə ilə fərqlənmir.
Şuşa məscidi məruz qaldığı vandalizm
aktının acı nəticələrini hələ də
yaşamaqdadır. Şərq-islam memarlığının
incilərindən və bu qədim Azərbaycan şəhərinin
rəmzlərindən sayılan məscid demək olar ki, məhv
edilmişdir. 1992-ci il mayın 8-də erməni qəsbkarları
qədim və tarixi abidələr diyarı olan
Şuşanı işğal etdikdən sonra digər tarixi
abidələr ilə yanaşı, şəhər məscidi
də böyük dağıntılara məruz
qalmışdır. Tariximizdə böyük dəyərə
sahib olan bu məscidin minarələri də indi
dağılmaq təhlükəsi ilə üz-üzədir. Cıdır
düzü də uzun illərdir bu yerlərdən
köç edən doğmaların həsrətini
yaşayır. O həsrət ki, orada bizim ruhumuz
qalmışdır.
Şuşa həm də
Azərbaycan musiqisinin beşiyidir. Məhz bu mənada
Şuşaya Şərqin konservatoriyası deyənlər təbii
ki, yanılmırlar. Şuşanın Bülbül
küçəsi, 3 ünvanında yerləşən Azərbaycan
professional vokal sənətinin banisi, SSRİ xalq artisti
Bülbülün memorial muzeyi də
dağıdılmışdır. 1992-ci ildə Şuşa
ermənilər tərəfindən işğal olunandan sonra
muzeyin eksponatları talan olunmuş və məhv edilmişdir.
Bülbülün ev-muzeyinin həyətində qoyulan
büstü yararsız hala salınmışdır.
Daha sonra nümayəndə
heyəti Şuşadan İrəvana getmişdir. Onlar burada Ermənistan prezidenti Serj Sarkisyanla
görüşmüşlər.
Serj SARKİSYAN: Mən
anlayıram ki, xalqlarımız və dövlətlərimiz
arasında bu gün böyük problemlər var. Bununla yanaşı,
anlayıram ki, bu problemləri həll etmək lazımdır.
Siz məsələnin, problemin mahiyyətini,
düşünürəm ki, anlayırsınız. Mən əminəm
ki, Azərbaycan əhalisinin 100 faizi məsələnin həll
olunmasını istəyir. Əminəm ki, Ermənistanda da
istəyirlər.
Mən özümü
heç vaxt məhdudlaşdırmamışam. Həm
1993-cü, həm 1995-ci, həm 2000-ci, həm də 2009-cu illərdə
deyirdim ki, Ağdam bizim vətənimiz deyil. Mən bunu
anlayırdım və indi də anlayıram. Mən başqa məsələni
də anlayıram ki, dünyada elə bir erməni tapılmaz
ki, Qarabağın Azərbaycanın tərkibində
qalmasına razı olsun.
Mən bir daha deyirəm
və istəyirəm məni düzgün başa düşəsiniz.
Bunu deməklə, mən bugünkü vəziyyəti uzatmaq
tərəfdarı deyiləm. Ona görə tərəfdarı
deyiləm ki, bu, bütün sahələrdə Ermənistanın
inkişafının qarşısını alır. Bütün sahələrdə -
iqtisadiyyatdan tutmuş siyasətədək, o cümlədən
daxili siyasətədək.
* * *
Bakıya gələn
Ermənistan nümayəndələri
paytaxtımızdakı erməni kilsəsinə gedərək
buradakı vəziyyətlə tanış olmuşlar. Onlara məlumat
verilmişdir ki, kilsə əvvəlki vəziyyətindədir.
Kilsənin kitabxanası, buradakı əlyazmalar da indiyədək
qorunub saxlanılmışdır. Göründüyü kimi,
Şuşa və şəhər məscidi ilə müqayisədə
məhz elə bu fakt azərbaycanlıların və ermənilərin
maddi mədəniyyət abidələrinə olan münasibətini
ortaya qoyur. Şuşa məscidində törədilənlərlə
Bakıdakı erməni kilsəsindəki vəziyyəti
müqayisə etdikdə artıq şərhə ehtiyac
qalmır.
Azərbaycan
paytaxtında olan Ermənistan nümayəndə heyəti
Bakıda gedən böyük quruculuq-abadlıq işləri,
genişmiqyaslı inkişaf prosesləri ilə tanış
olmuşlar. Ermənilər öz gözləri ilə
görmüşlər ki, torpaqlarımızın
işğalına, Ermənistanın ölkəmizə təcavüzünə
baxmayaraq, Azərbaycan böyük inkişaf yolundadır. Ermənistandakı
iqtisadi tənəzzüldən, həyat səviyyəsinin
günbəgün pisləşməsindən fərqli olaraq,
ermənilərin Azərbaycan torpaqlarının
işğalını davam etdirməsinə baxmayaraq, ölkəmiz
böyük inkişaf yolundadır və getdikcə güclənir.
Ermənistan nümayəndələri
Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda da oldular.
Prezident İlham ƏLİYEV:
İki səfirin iki il bundan əvvəl irəli
sürdüyü təşəbbüs yenidən
özünü doğrultmuşdur. İki il əvvəl olan
görüşümüz və söhbətimiz
yadımdadır. Təəssüf ki, ötən dövr ərzində
biz münaqişənin tənzimlənməsinə nail ola
bilməmişik. Lakin digər tərəfdən onu da qeyd etmək
lazımdır ki, danışıqlar prosesində müəyyən
irəliləyiş vardır. Əlbəttə, istərdik
ki, qarşılıqlı səylərimiz sayəsində
mümkün qədər tez razılığa gələk və
bu vəziyyətə son qoyaq. Ona görə ki, "nə
müharibə, nə sülh" vəziyyəti artıq 15
ildir ki, davam edir. Bu vəziyyətin daha nə qədər
davam edəcəyi, təbii ki, bütün Azərbaycan cəmiyyətini
narahat edən məsələdir.
Sizin tədbirinizin
formatı, yəqin ki, münaqişənin siyasi yolla tənzimlənməsinə
dair hər hansı ciddi diskussiya nəzərdə tutmur. Sizin
missiyanın məqsədi bir qədər başqa səpkidədir.
Hərçənd, bu formatda artıq parlamentlərin nümayəndələri
və jurnalistlər də vardır. Birinci görüş
sırf humanitar sahə təmsilçilərinin
görüşü idi. Lakin buna baxmayaraq, məsələnin
müzakirəsindən qaçmaq olmaz.
Bəli, prezidentlər
arasında, xarici işlər nazirləri arasında
danışıqlar aparılır və biz irəliləyirik.
Lakin fikrimcə, ötən iki ildə daha irəli getmək və
ümumiyyətlə, sülh sazişi imzalamaq olardı. Mən
bu iki ili müəyyən dərəcədə itirilmiş
illər sayıram. Ona görə ki, bizim bu gün müzakirə
etdiyimiz məsələlər, bir qədər irəliləməyimiz,
razılaşdığımız bəzi mövqelər elə
iki il bundan əvvəlki mövqelərdir. Yəni, sadəcə
olaraq vaxt itirilmişdir və bu itirilmiş vaxtın əvəzini
çıxmaq, əlbəttə, çətin olacaqdır.
Digər tərəfdən,
hər halda müəyyən nikbinlik vardır. Çünki
başa düşdüyümüz kimi, tərəflərin hər
ikisi münaqişənin tənzimlənməsində
maraqlıdır və bu prosesin uzadılması nə bizim
xeyrimizədir, nə də erməni tərəfinin. Buna
görə də, əlbəttə, istərdik ki, biz daha
sürətlə irəliləyək.
Mənim danışıqlar
prosesində iştirak etdiyim dövrdə böyük yol
keçilmişdir. Bunu qeyd etməliyik. Beş il bundan əvvəl
nədən başladığımızı xatırlasaq, əlbəttə,
razılaşdırılması çətin görünən
çox məsələləri
razılaşdırmışıq. Lakin danışıqlar
prosesinin prinsipi elədir ki, bütün məsələlər
razılaşdırılmayıbsa, deməli heç nə
razılaşdırılmayıbdır.
Beləliklə,
danışıqlar çərçivəsində əldə
edilmiş bütün nailiyyətlər yalnız o zaman məna
kəsb edəcəkdir ki, son nöqtə qoyulmuş olsun. Onda
regiona sülh gələcəkdir. Onda region daha hərtərəfli
inkişaf edə biləcək, regional miqyaslı təhlükələr
aradan qaldırılacaq və fəal əməkdaşlıq
qurulacaqdır.
Prezident İlham Əliyev
dedi ki, Azərbaycan ilə Ermənistan arasında əməkdaşlıq
yalnız işğala son qoyulduqdan sonra baş tuta bilər. Dövlət
başçısı bir daha Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı aparılan danışıqlar prosesinə
toxunaraq dedi:
- Danışıqlar
prosesi ikitərəfli hərəkət yoluna oxşayır. Buna
görə də təbii ki, tərəflərin hər biri
maksimum yaxşı şəraitə malik olacaqdır. Lakin,
eyni zamanda, təkcə tərəflərin mövqeyini dəqiq
başa düşmək kifayət deyildir. Bu cür anlaşma
vardır. Lakin bu və ya digər tərəfin qəbul edə
bilmədiyini də başa düşmək lazımdır. Necə
deyərlər, elə qırmızı xətt ki, onu
keçmək olmaz.
Bu məsələ
müxtəlif formalarda - həm bəyanatlarda, həm də
danışıqlar prosesi çərçivəsində dəfələrlə
ifadə edilmişdir. Açığını deyim, bu, bizim
üçün və yəqin ki, sizin üçün də
gözlənilməz olmayacaq - həmin qırmızı xətt
Dağlıq Qarabağın müstəqilliyidir. Azərbaycan
tərəfi buna razılaşmayacaq. Biz bu mövzunu keçən
dəfə də müzakirə etmişdik və təbii ki,
bizim mövqelərimizdə heç bir dəyişiklik yoxdur.
Beynəlxalq hüququn prinsipləri və bəzi prinsiplərin
bir-birinə zidd olması barədə uzun-uzadı
danışmaq olar, həmçinin beynəlxalq təşkilatların
- BMT-nin, ATƏT-in qərarlarına da istinad etmək olar. Bu qərarlara
istinadlar Moskvada Ermənistan prezidentinin və mənim
imzaladığım Bəyannamədə öz əksini
tapmışdır. Helsinki Yekun Aktına istinad etmək olar. Həmin
sənəddə, ümumiyyətlə, beynəlxalq
hüququn bütün normaları və onların prioritetliyi,
bu prinsiplərin ardıcıllığı və
uyğunlaşdırılması əks etdirilmişdir. Buna
görə də, mən hüquq mövzusunun dərinliklərinə
varmaq istəmirəm. Lakin mahiyyət etibarilə, Azərbaycan
Dağlıq Qarabağın ayrılması, onun müstəqilliyi
üçün imkan yaradılmasını nəzərdə
tutan hər hansı qərarı istər bu gün, istər
on ildən sonra, istər yüz ildən sonra qəbul etməyəcəkdir.
Sizə onu da deməliyəm ki, Ermənistan ictimaiyyətinə
bunun nə dərəcədə məlum olduğunu bilmirəm,
lakin bizim bu gün müzakirə etdiyimiz sənədlərdə
və təkliflərdə onların bir qismi
razılaşdırılmış mövqelərdir,
Dağlıq Qarabağın Azərbaycandan hüquqi
baxımdan ayrılması üçün mexanizm yoxdur. Bunlar
reallıqlardır, bu, həm dünya birliyinin, həm də
Minsk qrupu həmsədrlərinin mövqeyidir. Sizə deməliyəm
ki, danışıqlar prosesinin bu tezisini tərəflər
razılaşdırmışlar. Buna görə də, əlbəttə,
mənim dediyim nəzərə alınmaqla, hər iki tərəfi
qane edə biləcək həll tapmaq olar. Bunlar Təhlükəsizliyə
zəmanət, Ermənistanla Dağlıq Qarabağ
arasında maneəsiz gediş-gəliş, Dağlıq
Qarabağa yüksək səviyyəli özünüidarə
məsələləridir.
Bu gün
danışıqlar prosesində elə vəziyyət
yaranmışdır ki, razılığa gəlmək
üçün imkan vardır.
Prezident İlham Əliyev
qarşılıqlı səfərlərin iki ölkənin
xalqları arasında münasibətlərin bərpası
baxımından əhəmiyyətli olduğunu dedi. Dövlətimizin
başçısı Rusiya Prezidentinin beynəlxalq mədəni
əməkdaşlıq üzrə xüsusi nümayəndəsi
Mixail Şvıdkoyun görüşdə
iştirakını vurğulayaraq qeyd etdi ki, Rusiya
Federasiyası Minsk qrupunun həmsədr ölkələrindən
biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması işinə öz
töhfəsini verir.
Sonra Ermənistanın
Rusiyadakı səfiri Armen Smbatyan görüşdə
çıxış edərək dedi:
- Cənab İlham Heydər
oğlu, iki il əvvəl və indi bizim təşəbbüsümüzü
dəstəklədiyinizə görə Sizə təşəkkür
etmək istəyirəm. Fikrimcə, bu, bizim ölkələrimiz
və xalqlarımız üçün çox
faydalıdır. Bəlkə də biz danışıqlar
prosesinə fəal təsir göstərə bilmirik. Amma
atmosfer yaratmağı və bir-birimizə
yaxınlaşmağı bacararıq və biz bunu edəcəyik.
Bizim üçün ünsiyyət saxlamaq maraqlıdır.
Biz indiyədək tanımadığımız adamlarla
tanışlığa çox şad olduq. Çox gözəl
anlayırıq ki, biz qonşuyuq və nə qədər
qonşuluq məfhumu ləğv olunmayıb, nə biz, nə
də azərbaycanlılar başqa yerə çıxıb
gedə bilərlər. Bu, əbədi kateqoriyadır. İndi
bizim gördüyümüz işi davam etdirsək, əgər
biz tez-tez ünsiyyət saxlasaq, onda Sizinlə Ermənistan
prezidenti üçün də problemi həll etmək asan
olar.
Ermənistan
parlamentinin deputatı Ermine Naqdalyan da fikirlərini
bölüşdü:
- İndi Sizdən
eşitdiklərimiz yəqin ki, bizi bu formatın zəruriliyinə
yönəltməlidir. Ona görə ki, bizim görəcəyimiz
əsas iş sadə adamlarla, bir-birimizlə
aparacağımız danışıqlar olacaqdır. Prezidentlərimiz
o zaman belə qərara gələ bilərlər ki,
haqqında danışılan iki qırmızı xətt
arasında kompromis üçün yer qalıb. Biz nə qədər
tez-tez görüşsək, adi məişət problemlərindən
danışsaq, bir-birimizə erməni, yaxud azərbaycanlı
kimi deyil, sadəcə, eyni problemlərlə üzləşən
adi insanlar kimi baxsaq, onda ortaya çıxan fikir
ayrılıqlarını da asanlıqla həll edə bilərik.
Bax, biz bunu həll edə bilsək, onda iki qırmızı xətt
arasında məkanı genişləndirə bilərik.
Rusiya
Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq
üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy
da görüşdə çıxış edərək
dedi:
- Bu, şəxsən mənim
üçün çox əlamətdar gün idi. Çünki,
biz başa düşürdük ki, gördüyümüz
iş prezidentlərin görüşü ərəfəsində
vacib məsələdir. Moskva Bəyannaməsinin 5-ci bəndində
adamlar arasında əlaqə yaratmağın vacibliyinin əksini
tapması əslində prezidentlərin siyasi iradəsindən
irəli gəlirdi. Biz başa düşürük ki, Sizin
müzakirə edəcəyiniz qərarlar və problemlər təbii
ki, bizim səlahiyyətlərimizə daxil deyildir. Məsələnin
siyasi və ya hərbi yolla nizamlanması bizim yox, prezidentlərin
səlahiyyətlərinə aiddir. Ancaq biz ictimai iqlim
üçün bu dialoqun əhəmiyyətini aydın
görürük. Bu da hər hansı qərarın qəbul
edilməsini asanlaşdıra bilər. Əgər Rusiyanın
iştirakından danışsaq, deməliyik ki, biz çox
sevdiyimiz xalqların dinc şəraitdə yaşamasını
istəyirik.
Sonra Prezident İlham Əliyev
bir daha danışıqların Praqa prosesinə toxunaraq dedi
ki, bu proses son şansdır. Dünyanın aparıcı
dövlətlərinin də prosesdə fəal iştirakı
bunu göstərir. Problemin təkcə regional deyil, eyni
zamanda, qlobal təhlükəsizlik məsələsi
olduğunu bildirən dövlətimizin
başçısı İlham Əliyev danışıqlar
prosesində beynəlxalq hüquq normalarının və
prinsiplərinin mütləq olduğunu, bu prinsiplərin beynəlxalq
sənədlərdə də əksini
tapdığını diqqətə çatdırdı.
Dövlətimizin
başçısı Azərbaycan və Ermənistan
prezidentlərinin Moskva görüşünü
xatırlatdı, Rusiya Prezidentinin iştirakı ilə
imzalanan Moskva Bəyannaməsinə toxunaraq dedi:
- Biz Ermənistanla
danışıqlar aparırıq. Danışıqları
Ermənistan və Azərbaycan prezidentləri aparırlar. Hər
iki prezident Moskvada Bəyannamə imzalayıb. Beləliklə,
münaqişə tərəflərinin kimlər olduğu bir
daha göstərilib. Bunlar Ermənistan və Azərbaycandır.
Razılığa da münaqişənin bu tərəfləri
gəlməlidirlər. Dağlıq Qarabağın erməni
və azərbaycanlı icması vardır. Məgər
onları prosesə cəlb etməklə, nəyəsə
nail olmaq mümkündür? Yox, əlbəttə, yox. Rusiya
Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan
prezidentlərinin öz imzaları ilə təsdiq etdikləri
bu format davam etdirilməlidir. Amma deyək ki, Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı
icmalarının diskussiyaları bizim daxili işimizdir. Bu məsələ
qətiyyən qabardılmamalı və danışıqlar
prosesinə ziyan vurmamalıdır. Əgər bu, baş verərsə,
o zaman danışıqlar prosesi sadəcə pozulacaqdır. Son
15 il bizim ölkəmiz üçün çox ağır
keçib. Torpaqlarımızın işğal altında
olması reallıqdır. Dağlıq Qarabağın ətrafındakı
əraziləri 700 min insan tərk edib. Onlar hər şeylərini
itiriblər, onlar ora qayıtmaq istəyirlər. Düzdür,
orada qayıdılası yer də yoxdur, orada hər yer
dağılıb. Amma insanlar hətta ora, xarabalıqlara
qayıtmaq istəyirlər.
Sergey Paradcanov muzeyinin
direktoru Zaven SARQSYAN bu təşəbbüsün əhəmiyyətindən
danışdı:
- İyirmi ildir ki,
aramızda ünsiyyət yox idi. Nə Eduard Markarov, nə də
başqaları bu müddətdə Bakını görməmişdilər.
Bakı xeyli dəyişib, əlbəttə, bizim şəhərimiz
də dəyişib. Mən düşmənçiliyi qəbul
etməyən bir insanın adını daşıyan muzeyi təmsil
edirəm. O, ümumiyyətlə, insanlar arasında
düşmənçiliyi qəbul etmirdi. Biz bir-birindən fərqlənən
və məqbul olmayan mövqeləri gördük. Fikrimcə,
yolverilməz şeylər də vardır. Bu, həm Azərbaycanda,
həm də Ermənistanda səpilən düşmənçilik
toxumlarıdır. Biz incəsənət adamlarıyıq,
bilirik ki, siz prezidentlərin mövqeyinə təsir göstərə
bilmərik. Amma xalqlar arasında bu düşmənçilik
olmamalıdır.
Azərbaycanın
Rusiyadakı səfiri Polad BÜLBÜLOĞLU
görüşdə çıxış etdi:
- Cənab Prezident, mən
ilk növbədə bugünkü görüşlərdə,
söhbətlərdə çox fəal iştirak edən
nümayəndə heyətimizin adından Sizə təşəkkür
etmək istərdim. Siz bu ideyaları dəstəklədiniz. Əlbəttə,
biz ilk addımları atırıq. Biz nəyisə
sınayırıq, nəsə alına bilər, nəsə
alınmaya bilər. Biz bu gün Milli Məclisin
deputatlarının daxil olduğu belə mötəbər,
böyük nümayəndə heyəti ilə Xankəndidə,
Şuşada olduq. Başlıcası odur ki,
Şuşanın bizim üçün, şuşalılar
üçün nə olduğunu bilirsiniz.
Prezident İlham ƏLİYEV:
Şuşa təkcə şuşalılar üçün
deyil. Bu, böyük sərvətdir.
Polad
BÜLBÜLOĞLU: Əlbəttə, əlbəttə. Biz
bu gün Cıdır düzündə olduq. Əlbəttə,
bütün bunları götür-qoy etmək lazımdır.
Bu gün çox mühüm görüşlər, o
cümlədən hər iki prezidentlə görüşlər
keçirildi. Bütün bunları dərhal mənimsəmək
çətindir. Bir neçə gün keçməlidir ki,
məsələlərə aydınlıq gətirilsin. İnsanlar
arasında olan ünsiyyət mühiti itirilməməlidir.
Fikrimcə, baş verən hadisələrdən sonra bu da
müsbət haldır. Bu da bizə irəliləməkdə
kömək edəcəkdir.
İcazənizlə,
hamımızın adından Prezidentimizə təşəkkür
etmək istərdim. Yəqin ki, keçirilən
görüşləri formalaşdırıb tam halda prezidentlərə
təqdim edəcəyik. Bir daha çox sağ olun.
AzərTAc
Azərbaycan.- 2009.- 7 iyul.- S. 5.