Azərbaycanda səfərdə
olan müxtəlif ölkələrin din xadimləri iyulun 6-da
Heydər Əliyev Fondunda olmuşlar.
Qonaqlar Heydər Əliyevin
həyatının ən müxtəlif məqamlarını əks
etdirən və Azərbaycan tarixinin bütöv bir
dövrü barədə geniş təsəvvür yaradan
çoxlu sənədlərlə, dünyanın
tanınmış siyasi xadimlərinin verdiyi hədiyyələrlə,
ulu öndərimiz haqqında kitablarla, nüfuzlu elm, mədəniyyət
və incəsənət xadimlərinin Azərbaycan dövlətinin
qurucusu haqqında fikirləri ilə tanış olmuş,
müxtəlif ölkələrin liderləri ilə
görüşlərdə çəkilmiş şəkillərə
maraqla baxmışlar.
Ulu öndərin orta və
ali məktəbləri əla qiymətlərlə bitirməsi
barədə attestatı və diplomu, əla təhsilə və
nümunəvi əxlaqa görə tərifnaməsi, işlədiyi
müxtəlif kollektivlərdə yalnız müsbət
keyfiyyətlərlə səciyyələndirilən xasiyyətnamələri,
keçmiş SSRİ-nin müxtəlif guşələrində,
respublikamızın ayrı-ayrı şəhər və
rayonlarında keçirilən tədbirlərdə çəkilmiş
yadigar fotoşəkillər, iş otağındakı əşyalar
şərəfli ömrün salnaməsini xatirələrdə
bir daha canlandırmışdır.
Məlumat verilmişdir
ki, ümummilli lider Heydər Əliyev iqtisadi rifahın,
sosial-mədəni irəliləyişlərin, müasir cəmiyyət
quruculuğunun bütün səviyyələrdə uğurlu
inkişafı üçün zəruri zəminlər
yaratmışdır.
Din xadimləri Heydər
Əliyev Fondunun görkəmli siyasi xadimin zəngin irsinin
öyrənilməsi, təbliği, Azərbaycanın
sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş
genişmiqyaslı fəaliyyəti ilə bağlı
apardığı işləri yüksək qiymətləndirmişlər.
Fondla
tanışlıqdan sonra qurumun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva qonaqlarla
görüşmüşdür. Mehriban xanım Əliyeva
onları ölkəmizdə və ulu öndər Heydər Əliyevin
adını daşıyan fondda görməkdən məmnun
olduğunu bildirdi.
Qurumun prezidenti fondun
artıq beş ildir ki, fəaliyyət göstərdiyini və
onun yaranma ideyasının dahi şəxsiyyət Heydər Əliyevə
məxsus olduğunu söylədi. Mehriban xanım
vurğuladı ki, fond yaranan gündən ümummilli liderin həyatının
ən başlıca amalı olan Azərbaycana xidmət etməyi
qarşısına əsas məqsəd kimi qoymuşdur. Qurum
təhsil, səhiyyə, mədəniyyət, elm, gənclərə
yardım və bir çox sahələrdə müxtəlif
layihələr həyata keçirir.
Mehriban xanım əlavə
etdi ki, fondun ünvanına daxil olan məktubların heç
biri cavabsız qalmır. Fondun əsas vəzifəsi insanlara və
ilk növbədə köməyə ehtiyacı olanlara xidmət
etməkdir.
Qurumun prezidenti Azərbaycanda həmişə dini
dözümlülüyün olduğunu qeyd edərək
yarandığı gündən fondun tolerantlığın
qorunmasına istiqamətlənən layihələrə
böyük önəm verdiyini vurğuladı. Mehriban
xanım Əliyeva bildirdi ki, rəhbərlik etdiyi qurumun təşəbbüsü
ilə ölkədə məscidlər tikilir. Fond pravoslav və
katolik kilsələrə də lazımi yardımı
göstərir.
Dini
dözümlülüyün əsas məqsədlərimizdən
biri olduğunu deyən Heydər Əliyev Fondunun prezidenti Təzəpir
məscid kompleksinin açılışında iştirak etmək
üçün Bakıya gəlmiş din xadimlərinin
gözəl paytaxtımızla tanış olacaqlarına
ümidvar olduğunu bildirdi. Mehriban xanım Əliyeva
inamın ürəklərdə yaşadığını
deyərək məscidin açılışını
xoş hadisə kimi dəyərləndirdi.
AzərTAc
Azərbaycan.- 2009.- 7 iyul.- S. 5.