Azərbaycanda diplomatik xidmətin yaradılmasının 90 illiyi qeyd edilmişdir

 

İyulun 6-da Gəncədə Azərbaycanda diplomatik xidmətin yaradılmasının 90 illik yubileyi ilə əlaqədar geniş bayram tədbirləri keçirilmişdir.

Tədbirlərdə iştirak etmək üçün Gəncəyə gələn respublikanın xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycanı xarici ölkələrdə təmsil edən diplomatlarımız böyük mehribanlıq və hərarətlə qarşılanmışlar.

Bayram tədbirinə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayan ölkə diplomatları abidə önünə əklil və gül dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

Sonra qonaqlar şəhəri gəzmişlər. Əvvəlcə 16-cı əsr Şah Abbas məscidində olan diplomatlar Cavad xanın türbəsini də ziyarət etmiş, xalq qəhrəmanının məzarı üzərinə gül-çiçək qoymuşlar.

Qonaqlara məlumat verilmişdir ki, bir neçə il əvvəl Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə məscid əsaslı təmir edilmiş, Cavad xanın məzarı üzərində isə türbə ucaldılmışdır.

Məscidlə tanışlıq zamanı şəhərin axundu Hacı Tahir Elmar Məmmədyarova müqəddəs Qurani-Kərim hədiyyə etmişdir.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yerləşdiyi binaya gələn bayram iştirakçılarına Demokratik Respublikanın tarixi və onun qurucularının fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

Bayram tədbiri görkəmli yazıçı və alim Mir Cəlal Paşayev muzeyində davam etdirilmişdir. Muzeylə yaxından tanış olan qonaqlar burada Gəncə Simfonik Orkestrinin ifasında musiqi nömrələrini dinləmişlər.

Növbəti tədbir dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsində davam etdirilmişdir. Görkəmli söz ustasının məzarını ziyarət edən diplomatlar məzarın üzərinə gül dəstələri qoymuşlar. Məqbərədən qayıdarkən qonaqlar yolüstü Gəncə darvazaları önündə dayanaraq şəhərin tarixi keçmişini xatırladan abidəyə baxış keçirmişlər.

Bayram tədbiri Gəncə Şəhər İcra Hakimiyyətinin iclas salonunda Azərbaycan Respublikasının diplomatik xidmətinin 90 illiyinə həsr olunmuş iclasla davam etdirilmişdir.

İclası giriş sözü ilə açan şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov bu bayram tədbirini şəhərin ictimai-siyasi həyatında əlamətdar hadisə adlandırmış və Gəncə ictimaiyyəti adından Azərbaycan diplomatiyasının inkişafında böyük xidmətlər göstərən Xarici İşlər Nazirliyinin bütün əməkdaşlarına və dövlətimizi xarici ölkələrdə layiqincə təmsil edən səfirlərimizə minnətdarlıq etmişdir.

İclasda xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov məruzə ilə çıxış edərək əsası 1919-cu ildə qoyulmuş Azərbaycanın diplomatik korpusunun fəaliyyətindən, bu sahədə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin uğurlu nəticələrindən, Prezident İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü daxili və xarici siyasət nəticəsində qazanılan nailiyyətlərdən danışmışlar.

Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin Azərbaycan diplomatları ilə mütəmadi keçirdiyi görüşlərdə, dövlətimizin başçısının xarici siyasətlə bağlı çıxış və bəyanatlarında qarşıya qoyulan vəzifələr bu sahədə çalışanların fəaliyyətinin ana xəttini təşkil edir. Azərbaycan diplomatiya tarixinin qədim köklərə malik olduğunu bildirən natiqlər demişlər ki, minilliklər boyu Azərbaycan ərazisində yaranan dövlətlər xarici ölkələrlə siyasi, hərbi və ticari əlaqələrini həyata keçirmək üçün müxtəlif qurumlar təşkil etmişlər.

Həmin ənənələrin davamı olaraq Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə müasir tipli diplomatik xidməti həyata keçirən rəsmi struktur olan Azərbaycan Xarici İşlər Nazirliyini yaratmışdır ki, ötən bu 90 ildə də o, şərəfli yol keçmişdir. Hazırda bu qurum öz missiyasını ləyaqətlə yerinə yetirir və Azərbaycanın dünya ölkələri sistemində öz yerini möhkəmləndirməsi üçün gərgin və məsuliyyətli iş aparır.

Bayram mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycan diplomatları yubiley tədbirlərini davam etdirmək üçün təyyarə ilə Naxçıvan Muxtar Respublikasına yola düşmüşlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 7 iyul.- S. 6.